Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində klub, kitabxana və mədəni-maarif işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə klub və kitabxanaların, mədəni-maarif müəssisələrinin işində olan nöqsanlardan da danışılmışdır. Müşavirədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və işdə olan nöqsanların aradan qaldırılması bu gün əsas vəzifələrdən biridir.
Muxtar respublikamızda bu sahəyə göstərilən diqqət və qayğı əsas verir ki, kitabxanalar və klub müəssisələri öz işlərini günün tələbləri səviyyəsində qursunlar, insanların bu mədəniyyət ocaqlarına gəlişini təmin edə bilsinlər. Kitabxanalar milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı təbliğ etməli olan mərkəzdir. Müasir dövrdə oxucu təfəkkürünün daha da inkişaf etdiyi bir zamanda bu məsələ aktuallıq kəsb edir və işə yeni metodlarla, yaradıcı yanaşmağı tələb edir. İş intizamının zəif və aşağı olduğu mədəni-maarif müəssisələrində işə yeni münasibətdən danışmaq olmaz.
Kitabxanalarda işin aşağı səviyyədə olmasının səbəblərindən biri də kitabxana işçilərinin elmi, ictimai biliklərini artırmamasından yaranır. Kitabxana işçilərinin özlərinin də bəzən yeni kitablar haqqında məlumatları olmur.
Nazir qeyd etmişdir ki, ötən il dekabrın 3-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, Elektron kitabxananın təqdimat mərasimi keçirilmişdir. Muxtar respublikanın rayonlarında, kənd mərkəzlərində istifadəyə verilən kitabxanalar üçün də yüksək şərait yaradılmışdır.
Bildirilmişdir ki, hər ayın sonunda keçirilən “Kitabxana günləri”ni yüksək səviyyədə təşkil etmək vacib işlərdən biridir. Hər ay keçirilən 2 günlük seminar-müşavirələrdə kitabxana işçilərinin biliklərinin artırılmasına ciddi diqqət yetirmək lazımdır. Əhalinin asudə vaxtının səmərəli təşkil edilməsi, mədəni səviyyəsinin yüksəldilməsi sahəsində kitabxanalar, klub və mədəni-maarif müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Kitab müzakirələri, tanınmış şəxslərlə görüşlərin təşkili, sərgilərin keçirilməsi, folklor kollektivlərinin yaradılması sahəsində mədəni-maarif müəssisələri çox iş görə bilərlər.
Müşavirədə mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axundov, Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Əsgərova, Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti