Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Bu baxımdan muxtar respublikamızda kitabxana işini tənzimləmək, onların fəaliyyətini müasir tələblər səviyyəsinə çatdırmaq, ədəbiyyatın geniş təbliğini və bu sahədə xidmət işini genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası binasının yenidən qurulması və burada Elektron kitabxananın yaradılmasıdır. Kitabxananın fəaliyyəti barədə oxucularımıza geniş məlumat vermək üçün kitabxananın direktoru Aytəkin Qəhrəmanovaya müraciət etdik:
– Aytəkin xanım, əvvəlcə kitabxanaların yaranması haqqında oxuculara məlumat verməyinizi istərdik.
– Kitabxana işi cəmiyyətin inkişafının ən əsas göstəricilərindən biridir. Bizim cəmiyyətimizdə də kitabxana işinə sonsuz qayğı olmuşdur. Sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Şərqdə ilk kitabxanaçılıq fikirləri daha erkən yaranmağa başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk məscid və mədrəsə kitabxanaları Bərdə, Gəncə, Naxçıvan və Şamaxı şəhərlərində yaradılmışdır. Biz buna dahi şair Nizami Gəncəvinin əsərlərində də rast gəlirik. “Xosrov və Şirin” əsərindən görünür ki, şair bu haqda məlumat almaq üçün Bərdə əlyazmalarına müraciət edir. Buradakı kitabları oxuyur, sonra isə deyir:
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.
Kitabxanaların yaradılmasında zəmanəsinin ağıllı hökmdar və ziyalılarının xüsusi rolu olmuşdur. Belə ki, orta əsrlərdə Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa Rəsədxanasında 1258-61-ci illərdə fəaliyyət göstərmiş kitabxana Azərbaycanın məşhur elmi kitabxanalarından sayılırdı. Səfəvi hökmdarı I Şah İsmayıl tərəfindən yaradılmış Təbriz Saray Kitabxanasında Şərqin böyük klassiklərinin əsərləri mühafizə olunurdu.
– Naxçıvanda kitabxanaların təşkili və fəaliyyəti barədə nə deyə bilərsiniz?
– Naxçıvan ziyalıları elmin, biliyin inkişafını kitabxanaların təşkilində və fəaliyyətində görürdülər. Diyarımızda ilk kitabxana yaradıcısı Eynalıbəy Sultanov olmuşdur. Onun özünün şəxsi kitabxanası olmuş və Naxçıvan ziyalılarının əksəriyyəti bu kitabxanadan istifadə etmişlər. 1881-83-cü illərdə Naxçıvanda “Müsəlman incəsənət və dram cəmiyyəti” yaranır. Bu cəmiyyətin üzvü Eynalıbəy Sultanovun təşəbbüsü ilə cəmiyyətin kitabxanası təşkil olunur. Həmin kitabxanada böyük Azərbaycan yazıçısı, filosofu və mütəfəkkiri M.F.Axundzadənin, eləcə də digər klassik yazıçıların əsərləri var idi.
Naxçıvanda ikinci zəngin kitabxanalardan biri Məşədi Qurbanəli Şərifovun kitabxanası hesab edilmişdir. Onun kitabxanasına Bağçasarayda və Kazan şəhərində nəşr olunan kitablar gəlirdi. Bununla yanaşı, bu mədəniyyət müəssisəsi Hindistanda çıxan “Həbulmətin” qəzetini və İstanbuldan müxtəlif kitablar alırdı. Onu da qeyd etmək yerinə düşər ki, Q.Şərifovun kitabxanasında rus və dünya klassiklərinin əsərləri də özünə yer almışdı. Bu kitabxanadan nəinki “Müsəlman incəsənət və dram cəmiyyəti”nin üzvləri, eləcə də elmlə maraqlanan başqa ziyalılar da istifadə edirdilər.
1905-ci ildə Naxçıvanda “Müsəlman maarif incəsənət cəmiyyəti” tərəfindən rəsmi kitabxana açılır. Bu kitabxana Şahbazağanın evində (indiki “İstiqlal” küçəsində) yerləşmişdi. Qocaman müəllim Həsən Səfərlinin vaxtı ilə dediyinə görə, kitabxana polis idarəsi tərəfindən ayrı-ayrı bəhanələr gətirilərək uzun müddət bağlı olmuşdur. Səbəbi isə həmin kitabxanada “Molla Nəsrəddin” jurnalının olması idi. Çünki bu jurnal milli dirçəlişin güclənməsində, ideologiyanın formalaşmasında əhəmiyyətli rol oynayırdı.
1915-1916-cı illərdə ayrı-ayrı ziyalılar tərəfindən şəxsi kitabxanaların yaradılması daha da artır. Bu illərdə Şahbazağa Kəngərlinin, Şahbaz Kələntərovun, Rza Təhmasibin, Həsən Səfərlinin kitabxanalarını misal göstərmək olar. 1917-ci ildə Naxçıvan şəhərində üç kitabxana fəaliyyət göstərirdi. Bunlardan biri “Hümmətçi”lərin, ikincisi “Çinovniklər klubu”nun, üçüncüsü isə “Müsəlman milli komitəsi”nin kitabxanası idi.
– Bəs M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əsası nə vaxt qoyulub?
– M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əsası 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən qoyulmuş, 1930-cu ilə kimi Şəhər Kitabxanası adlandırılmış, həmin ildən isə Naxçıvan Muxtar Respublika Kitabxanası kimi fəaliyyətini davam etdirmişdir. Kitabxanamız 1953-cü ildən Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınan yazıçı M.S.Ordubadinin adını daşıyır.
– Məşhur hind kitabxanaşünası S.R.Rapqanatan kitabxananı inkişaf edən orqanizm adlandıraraq yazır ki, bir orqanizm kimi kitabxana daim inkişafda olmalı, kitabxana fondu aramsız olaraq yeni kitablarla zənginləşdirilməlidir. Kiçik su hövzələri, göllər ona tökülən çaylardan məhrum olduqda quruduğu kimi, hər hansı bir kitabxana da yeni kitablardan məhrum olarsa, öz elmi və mədəni əhəmiyyətini itirər. Elə isə deyə bilərsinizmi, kitabxana fondunun zənginləşdirilməsi və mühafizəsi qayğısına necə qalınır?
– Kitabxanaların daim zənginləşməsinin mənəviyyatımızın yüksəlməsində böyük əhəmiyyətinə diqqət çəkən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir”.
Kitabxana fondlarının zənginləşdirilməsi və mühafizə tələblərinin prinsipləri ulu öndərimiz Heydər Əliyevin 2000-ci il martın 12-də imzaladığı Fərmanla qüvvəyə minən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanunun 15-ci maddəsinə əsasən, respublikamızda, eləcə də muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl nəşriyyatlar, qəzet və jurnal redaksiyaları, öz vəsaiti hesabına kitab nəşr etdirən müəlliflər çap olunmuş kitablardan dörd nüsxə, qəzet və jurnal materiallarından iki nüsxə kitabxanalara verməlidirlər. Göründüyü kimi, bu qanun kitabxanaların yeni ədəbiyyatlarla, eləcə də dövri mətbuatla zənginləşməsində mühüm rol oynayır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının fondu həm də bu yolla zənginləşdirilir və mühafizə olunur. Hazırda kitabxananın fondunda 140448 nüsxə çap məhsulları vardır. Oxucular Azərbaycan dilində latın qrafikası ilə 21162 nüsxə, kiril əlifbası ilə 27460 nüsxə, rus dilində 82310, türk dilində 451, alman dilində 8, ingilis dilində 78, fransız dilində 25, ərəb və fars dillərində 81, ləzgi dilində 3, latış dilində 1 nüsxədən, 8448 nüsxə isə qəzet və jurnal materiallarından istifadə edə bilirlər. Audiovizual materiallar isə 375 ədəddir.
Kitabxanamızın işçiləri fondun zənginləşdirilməsi qayğısına qalmaqla yanaşı, həm də oxuculara nümunəvi kitabxana xidməti göstərməyə çalışırlar. Muxtar respublikada neçə-neçə alim, akademik və ziyalılar nəslinin yetişməsində bu kitabxananın rolu olduqca əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki, dövlətimiz bu kitabxananın nailiyyətlərini yüksək qiymətləndirmiş, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 31 iyul tarixli qərarı ilə bu mədəniyyət müəssisəsinə respublika əhəmiyyətli kitabxana statusu verilmişdir. Həmin il M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası binasının əsaslı təmirdən sonra açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Kitabxançı, ilk növbədə, milli sərvətimiz olan kitabların qorunmasına çalışmalıdır. İkincisi, onların təbliğinə diqqət yetirməlidir. Üçüncüsü isə öz üzərində çalışaraq elmi işçiyə çevrilməyə nail olmalıdır”. Kitabxanaya göstərilən diqqət və qayğı ilbəil daha da artırılır. Ötən il M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması buna əyani misaldır.
– Bu gün informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişaf kitabxanaların işində əsaslı dəyişikliklər edilməsinə, oxuculara səmərəli xidmətin təşkilinə və ədəbiyyatın geniş təbliğinə müsbət təsir göstərir. Bir sözlə, əvvəlki dövrlərdən fərqli olaraq işə tam qlobal yanaşmağı tələb edir. Bu barədə nə deyə bilərsiniz?
– Ölkəmizdə, eləcə də muxtar respublikada müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər, bütün sahələrə göstərilən dövlət qayğısı kitabxana xidməti səviyyəsinin daha da yüksəlməsinə səbəb olmuşdur. Ötən ilin dekabr ayının əvvəllərində kitabxananın 90 illik yubileyində bu mədəniyyət ocağında elektron kitabxana sisteminin və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan yaratmışdır. Elektron kitabxana informasiya resurslarının sürətli və keyfiyyətli fəaliyyətinin təmin edilməsində, oxucuların informasiya tələbatının daha yüksək səviyyədə ödənilməsində mühüm əhəmiyyət daşıyır. Bu günə qədər kitabxanada müxtəlif mövzulu 438 kitabın və “Şərq qapısı” qəzetinin elektron kataloqu hazırlanmış, kitablar elektron formada şəbəkədə yerləşdirilmişdir. Bundan başqa, kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulmuşdur. Surətköçürmə aparatı köhnə kitabların bərpasına imkan verir. Elektron oxu zalında isə 12 kompyuter quraşdırılmışdır. Kitabxanaya müraciət edən hər bir oxucu bir dəqiqə ərzində elektron formada qeydiyyatdan keçir və üzvlük vəsiqəsinə sahib olur. Bundan sonra abunəçi ona verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilər. Sistem oxuculara kitabxananın elektron kataloqu ilə də tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanı yaradır. Bu da oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulması, istifadəçilərə keyfiyyətli xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda kitabxanada 941 istifadəçi elektron formada qeydiyyatdadır. Çalışırıq ki, xidməti vəzifəmizi layiqincə yerinə yetirək, mədəniyyətimizin qorunması və nümayiş etdirilməsində səy və bacarığımızı əsirgəməyək. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
– Müsahibə üçün sağ olun.
Rövşən HÜSEYNOV
Naxçıvan Mətbuat Şurasının sədri