26 Dekabr 2024, Cümə axşamı

XX əsr Azərbaycan ədəbiyyatının nəğməkar şairi İslam Səfərlinin anadan olmasının 90 illiyi muxtar respublikamızda geniş qeyd olunmaqdadır. İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2013-cü il tarixli Sərəncamı bir daha bir həqiqəti ortaya qoyur ki, ömrünü və taleyini xalqının xoşbəxt taleyinə bağlayan sənətkarlar heç vaxt unudulmur, yaddan çıxmırlar.
Ömür payı 52 ilə də çatmayan İslam Səfərli yaradıcılığı ilə uzun ömür qazanan xoşbəxt taleli şairdir. Onun təkcə bədii əsərləri deyil, şeirlərinə bəstələnmiş ölməz mahnılar da şair ömrünün davamı kimi yaşayır və yaşayacaqdır. Şairin şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kinossenariləri göstərir ki, o, qələmini müxtəlif janrlarda sınamış və gözəl əsərlər yarada bilmişdir.
İslam Səfərli qədim Naxçıvanı övlad məhəbbəti ilə sevmiş, ona onlarla şeir həsr etmişdir. Şairin “Naxçıvan”, “Xalxal meşəsi”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Badamlı”, “Qız qala, oğlan qala”, “Çex qızının məhəbbəti”, “Qoşa söyüd”, “Ordubad” və sair şeir və poemaları bu torpağın vəsfinə həsr olunmuş mükəmməl yaradıcılıq nümunələridir:

 

                     Şərqin qapısında ucalan diyar,
                     Araz tək gümüşü bir kəmərin var.
                     Sevimli Naxçıvan, ey gözəl Vətən,
                     Bu bayram günündə əlvan geyin sən.

İslam Səfərli “Naxçıvan yadigarı” adlı mənzərə albomlarının müəllifi rəssam Bəhruz Kəngərliyə olan sonsuz sevgisini şerə gətirir. Bəhruz Kəngərlinin yaradıcılığı ilə yaxından tanış olan şair Naxçıvanı qarış-qarış gəzib dolaşmaq, onun gözəl hüsnünü poetik lövhələrlə oxucusuna çatdırmaq istəyir. Ancaq hara baxırsa, hansı tarixi məkana üz tutursa, görür ki, bu yerlərin gözəlliyini Bəhruz Kəngərli ondan əvvəl ölməz sənət əsərlərinə köçürüb. Şeirdə hər iki sənətkarın – rəssamın və şairin ana torpağa sevgisi, məhəbbəti təbii yaradılıb.
Ordubad rayonunun Unus kəndində qayaların zirvəsində dayanan “Gəlin daş”a həsr etdiyi şerində şair müharibədən qayıtmayan insanları yada salır, onların yolunu gözləyən anaların, vəfalı, sədaqətli gəlinlərin bədii obrazını yaradır:

                     Ayağından çaylardımı çağlayan,
                     Qucağında körpəmidir ağlayan?
                     Nədir, nədir üzündəki bu kədər?
                     Qorxma, yarın döyüşdən də sağ gələr.

                     Əfsanəni soruşuram gecədən,
                     Taleyini necə yazım, necə mən?
                     Zirvən daş, təməlin daş,
                     “Gəlin daş”, ay “Gəlin daş”.

İslam Səfərli şeirləri ilə doğma diyarımızın əsrarəngiz gözəlliyinə öz söz möhürünü vurub. Şairin dillər əzbəri olan “Batabat bulağı”, “Xalxal meşəsi” şeirləri də bu qəbildən olan gözəl sənət nümunələridir:

                     Vüqarlıdır zirvələrin, qaşların,
                     Üzə gülür qayaların, daşların.
                     Mən İslamam, öz səsimi quşların
                     Nəğməsinə qata-qata gəlmişəm,
                     Mərcan gözlü Batabata gəlmişəm.

Eyni hiss, eyni sevgi, eyni duyğu şairin “Xalxal meşəsi” şerinin qanına, canına hopub. Batabata həsr olunan şeirdəki səmimiyyət, yurda məhəbbət bu şeirdə də aydınca duyulur:

                     Vayxır çeşməsinin suları bumbuz,
                     Buluddan Ay çıxdı, taladan ulduz.
                     Bir az da aşağı düşdü yolumuz –
                     Gəldi qulağıma quşların səsi,
                     A Xalxal meşəsi, Xalxal meşəsi!..

                     Demirəm, uca bir dağ belindəsən,
                     “Aran meşəsi”sən el dilində sən.
                     Naxçıvan çayının sahilində sən
                     Boy at! Qoy İslamın gülsün nəğməsi,
                     A Xalxal meşəsi, Xalxal meşəsi!..

Şairin “Onüçlər”, “Qoşa söyüd” şeirləri isə müharibə mövzusundadır. Naxçıvandan eyni vaxtda cəbhəyə gedən 13 nəfər gəncin taleyi bu şerin əsas mövzusudur. Qanlı döyüşlər bu ərlərin yarısını udur, onlar bir daha geri qayıtmır. Şair cəbhə dostlarını soraqlayır:

                     Sərt döyüşlər, fırtınalar
                     Oldu bizim nəsibimiz.
                     Cəbhələrdə qoyub gəldik
                     Yarımızdan çoxunu biz.

Eyni motiv, eyni hiss şairin “Qoşa söyüd” şerində də yaşamaqdadır. Müharibəyə gedən gənc doğma kəndi Şəkərabadda Nehrəm arxının kənarına iki söyüd ağacı əkir. Qanlı cəbhələr o gənci udur. Nakam gedən bu cavanın nə şöhrəti, nə də adı var. Doğulduğu kənddə onun yadigarı ancaq qoşa söyüdlərdir:

                     Onun doğma kəndimizdə
                     Təkcə ayaq izi vardır.
                     Bir də ki, bu göy söyüdlər
                     Ondan bizə yadigardır.

İslam Səfərlinin “Çex qızının məhəbbəti” poeması da vardır. Bu poemada şair müharibədən əlil qayıtmış tələbə dostu Əhəd Əliyevin saf, təmiz məhəbbətindən söz açır. Əsərin qəhrəmanı Əhəd Əliyev Naxçıvanda doğulub. Müharibədə əsir düşüb. Ancaq əsirlikdən qaça bilib. Yolda minaya düşür. Əhəd gözlərini itirir. Özünə gələndə hiss edir ki, hərbi hospitaldadır. Hospitalda Əhədə çex qızı Erika yardım edir, onun qayğısına qalır. Çex qızı düşünür ki, onu tək qoysa, qürbət onu tez boğar, məhv edər. Beləliklə, o, yaralı əsgərə qayğı, nəvaziş göstərir. Ayrılıq zamanı gələndə Erika Əhədi tək qoymur. Onu Azərbaycana, oradan da doğma diyarı Naxçıvana gətirir. Əhədlə Erika Naxçıvanda ailə qururlar.
İslam Səfərli poemanın sonunda deyir:

                     “Erika” çex dilində
                     Səhra gülü deməkdir.
                     Əhəd onu gətirib
                     Bizim torpağa əkdi.

Bu torpaqda pərvəriş tapan səhra gülünün – Erikanın oğlanlarından biri Səyyad Əliyev 90-cı illərdə Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub.
Ümumiyyətlə, İslam Səfərlinin şeirlərində vətənpərvərlik hisslərinin tərənnümü həmişə önə çəkilib. Harda olursa-olsun, onu Vətən özünə çəkir. O, bir övlad kimi doğulduğu torpağı – doğma Naxçıvanı unutmur!

                     Dünyada hər yerdən xoş gəlir mənə
                     Bu Şərqin qapısı, Şərqin guşəsi...

Şair tez-tez bir səyyah kimi doğma yurdun seyrinə çıxır. Yolu gah dağa, gah da arana düşür. Ana yurdumuzu seyr etməkdən yorulmur. “Vurğun gedən maşında mən” şerində şair xatirələr işığında yol gedir. Şahbuzda, Şərurda, Culfada olur. Sürücü ona xatırladır ki, dörd il əvvəl, yəni 1954-cü ildə Səməd Vurğun da elə sən gəzdiyin maşınla Naxçıvanı gəzib. İslam Səfərli də Səməd Vurğunun gəzdiyi o yerlərə üz tutur. Xalxal meşəsi, Badamlı, Qanlı göl, Sərt dərə, Toğlu qaya, Plov təpə, Çınqıllı, Elli yurd, Kələhli dağ, Keçəl dağ ağsaçlı Vurğunu ehtiramla qarşıladığı kimi, İslamı da eyni məhəbbətlə qarşılayır.
İslam Səfərlinin Şərur torpağında məşhur olan “Qız qala, oğlan qala” əfsanəsi ilə bağlı şeri onu göstərir ki, o, bir şair kimi xalqın tarixi keçmişinə üz tutmağı, hər bir əfsanədə həyat həqiqətləri axtarmağı özünün övladlıq, vətəndaşlıq vəzifəsi hesab edib. Şərur torpağı haqqında danışarkən ona olan sonsuz sevgisini, məhəbbətini gizlətmir:

                     Şərur – bu sevimli, günəşli torpaq,
                     Əziz bir nemətdir Azərbaycana.
                     Baxdıqca ruh verir hüsnü insana –
                     Xoşdur bu yerlərin şairi olmaq.

İslam Səfərli xoşbəxt taleli şairdir. O təkcə qədim Naxçıvanın yox, bütün Azərbaycanın xoşbəxt, bəxtiyar şairi kimi özünə əbədi ömür qazanıb. Xalqımız nəğməkar şairin xatirəsini əziz tutur, onu minnətdarlıq duyğusu ilə xatırlayır.

Asim YADİGAR

Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR