26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilən tədbiri birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva açıb. Bildirib ki, Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək bu faciə bizim XX əsrdə yaşadığımız ən böyük faciələrdəndir. Faciə törədilən zaman Xocalı yenə də qəhrəmanlıq göstərib, əli silah tutan Xocalı sakinləri son ana qədər şəhəri bacardıqları qədər müdafiə ediblər.

Qan yaddaşı – Xocalı faciəsi rəssamlarımızın əsərlərində də öz əksini tapıb. Bu əsərlər vasitəsilə gənc nəsil tarixi hadisələrə bir daha nəzər salır və xalqımızın mübarizliyinin əks olunduğu əsərlərə tamaşa etməklə qəhrəmanlıq ənənələrimizi mənimsəyir. 
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhim­ov Xocalı faciəsinin Azərbaycan xalqının tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildiriblər.
Sonra sərgiyə baxış olub. Sərgidə 23 rəssamın müxtəlif mövzuda, müxtəlif texnikada işlənən 40 əsəri sərgilənib. Əsərlər tədbir iştirakçılarında böyük maraq doğurub. Sərgidə peşəkar rəssamlarla yanaşı, gənc rəssamların da əsərləri nümayiş etdirilir.

Dilrubə NOVRUZOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR