Bu haqda düşünməyə dəyər
Yazımızın adından göründüyü kimi, ana dilimizin ailədə və məktəbdə necə qorunmasından söhbət açacağıq. Ancaq əsas mövzuya keçməzdən əvvəl onu xüsusilə qeyd etməliyik ki, Azərbaycan dili türk dilləri ailəsində ən möhtəşəmidir. Dilimiz dünyanın ən musiqili dili adlandırılır. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin bir dildir. Ümumiyyətlə, Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabərhüquqlu mövqeyə malik zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir. Qobustan və Gəmiqaya təsvirlərində, həmçinin epiqrafik abidələrdə yaşayaraq günümüzə qədər gəlib çıxan, bəzən ərəb, bəzən isə kiril əlifbası ilə ifadə olunan Azərbaycan dilinə ən layiqli qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir.
Bu gün doğma dilimizin gözəlliyindən, məziyyətlərindən və onun saflığının qorunması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərdən saatlarla danışmaq olar. Bəs biz vətəndaşlar necə, ailədə, məktəbdə dilimizi hansı şəkildə qoruyuruq? Mən sırf muxtar respublikamızın ərazisini nəzərdə tuturam. Birinci, ailədən başlamaq istəyirəm. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi ailələrimiz (onların içərisində ziyalı ailələr də az deyil) nədənsə dilimizin ən qiymətli milli dəyər olduğunu unudaraq onun qorunmasına biganə yanaşırlar. Xüsusilə də bağçayaşlı uşaqlar dilimizi yaxşı mənimsəmirlər. Bu gün hamımız evlərimizdə peyk antenasından istifadə edirik. İndi hansı uşağı danışdırsan, xarici kanalların cizgi filmlərinin qəhrəmanlarının adlarını əzbər deyəcək. Təbii ki, bu, qəbahət deyil. Ancaq əsas məsələ odur ki, uşaqlar xarici kanallara baxdıqca bu kanallardan eşitdikləri sözlərdən nitqlərində istifadə edirlər. Dəfələrlə şahidi olmuşam ki, uşaqlar dilimizdəki bəzi sözlərin yerinə kanallardan eşitdikləri sözləri işlədirlər. Heç yadımdan çıxmaz. Bir dəfə yolda birinci sinif şagirdlərinin söhbətlərinə diqqət etdim. Dovşanlar barədə danışırdılar.
Şagirdlərdən biri dedi ki, dovşanların “havuçu” sevdiyini bilirəm. Şagirddən soruşdum ki, “havuç” nədir? Sualıma sualla cavab verdi: “havuçun” nə olduğunu bilmirsiniz?” Bu vaxt uşaqlar mənə gülməyə başladılar. Əslində isə gülməli o idi ki, uşaqlar bu sözün öz dilimizdəki adının “yerkökü” olduğunu bilmirlər. Bu daha çox şəhərdə yaşayan uşaqlara aiddir. Bilirəm ki, uşaqlar onlarla belə sözün mənasını bilmirlər. Təhsil işçisi olduğumdan şagirdlərə inşa yazdırarkən bu nöqsanları daha çox müşahidə edirəm. Bəzən elə şagird olur ki, “ə” hərfinin yerində “e” hərfindən istifadə edir. Uşaqlar bəzən öz fikirlərini ifadə etmək üçün dilimizə məxsus olmayan sözlər işlədirlər. Bu isə uşaqlıqda dilimizin düzgün mənimsənilməməsindən irəli gəlir. Etiraf edək ki, biz ailədə uşaqlara dilimizi mənimsədə bilmirik. Uşaqların başı qarışsın deyə, televizorda xarici kanallara baxmaqlarına göz yumuruq. Bu, düzgündürmü? Təbii ki, yox. Düzdür, xarici dil öyrənmək yaxşıdır. Ancaq uşaqlarımızın öncə öz dilimizi mükəmməl bilməsinə diqqət etməliyik. Çünki uşaqların beyinləri ağ kağız kimidir. Uşaqlıqdan nəyi öyrənirlərsə, o da beyinlərinə həkk olunur. Ancaq ailələrimiz buna ciddi yanaşmır. Bu, məsələnin bir tərəfidir. İndi gələk orta məktəblərə.
Bilirik ki, indi qəbul imtahanları test üsulu ilə keçirilir. Təbii olaraq, şagirdlər ancaq test üzərində işləyirlər. Əvvəllər abituriyentlər müəllim qarşısında cavab verirdilər. Bu da onların ali məktəbə hazırlaşdıqları dövrdə nitq qabiliyyətlərinin inkişafının, dilimizin zənginliyindən istifadə etməyin yollarının diqqətdə saxlanmasını zəruri etmişdi. Bəs bu gün vəziyyət necədir? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərdən qəzetimiz üçün müsahibələr alırıq. Onlar ana dilində öz fikirlərini dəqiq ifadə etməkdə nə qədər çətinlik çəkirlər. Düzdür, hamının nitq qabiliyyəti cəlbedici olmaya bilər. Ancaq hər bir insan öz dilini mükəmməl bilməyə borcludur.
Belə xoşagəlməz halların başqa səbəbləri də vardır. İlk olaraq qeyd edim ki, orta məktəb proqramlarına salınmış inşa yazılarının tələb olunan səviyyədə aparılmasına diqqət yetirilmir. Buna görə də inşa tapşırığı alan şagird ya internetdən, ya da bu mövzuda özündən əvvəl inşa yazmış yaxınlarından köçürməklə tapşırığı “yerinə yetirdiyini” düşünür. Müəllim də, necə deyərlər, özünü çox çətinliyə salmır. Baxmayaraq ki, o, dərs dediyi şagirdin bilik səviyyəsinə bələddir. Bununla da, şagird sərbəst formada dilimizin imkanlarından istifadə etməyi öyrənməkdənsə, robota çevrilir. Mövzudan uzaqlaşmayaraq qeyd etmək istəyirəm ki, bu gün dilimizin qorunmasına ilk olaraq ailədə başlamalı, sonra isə məktəbdə davam etdirməliyik. Bunun üçün valideynlərin və müəllimlərin üzərinə böyük, həm də çox məsul vəzifələr düşür. Unutmamalıyıq ki, biz azərbaycanlıyıq, bizə bütün dillərdən əvvəl öz dilimiz gərəkdir. Bu dili sevməliyik, yaşatmalıyıq, onun bütün potensial imkanlarını üzə çıxarmalıyıq, onu zənginləşdirərək gələcək nəsillərə ötürməliyik. Ana dili bizim mənəvi Vətənimizdir. Dövlət dilinin qorunması dövlət sərhədinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıdır. Ana dili bizim milli kimliyimiz və ən böyük milli dəyərlərimizdən biridir. Ana dilimizi anamızın namusu, ana Vətənimizin şərəfi kimi qorumalıyıq.
P.S. Bəzilərinin öz ana dilini mükəmməl bilməmələri adamda həm ikrah, həm də təəssüf hissi doğurur. Çünki doğma ana dilini mükəmməl bilmək, bu dildə qrammatik qaydalara tam uyğun yazmaq və danışmaq hər kəsin vətəndaşlıq borcudur. Hər bir insan kimliyindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, ana dilini mükəmməl bilməlidir, onun qanun-qaydalarına riayət etməyə borcludur. Unutmayaq ki, dilimizin qorunması ilə bağlı yalnız dövlətin gördüyü işlərlə kifayətlənmək olmaz. Bu vəzifəni hər bir vətəndaş yerinə yetirməlidir.
Sara ƏZİMOVA