17 May 2024, Cümə

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Musiqişünaslıq və metodika kafedrasının görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin 95 illiyinə həsr edilmiş hesabat konserti keçirilmişdir. Hesabat konsertində çıxış edən Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəm­ova dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolundan bəhs etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan musiqisinə ümumdünya şöhrəti qazandıran sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olan bəstəkar kimi şöhrət qazanmışdır. Onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş etdirilmişdir. Bəstəkarın birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında özünəməxsus yer tutur. Kamera orkestri üçün yazdığı üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun”, “Vyetnam süitası” əsərləri Q.Qarayev yaradıcılığının dəyərli bəhrələridir.
İncəsənət fakültəsinin tələbələri Zəhra Nəcəfli, Səmra Əliyeva, Aysel Məsumova, Nuray Bektaşi və Aysel Ələkbərova çıxış edərək Q.Qarayev yaradıcılığının müxtəlif məqamlarından söz açmışlar.
Sonra tələbələrin ifasında bəstəkarın əsərləri səsləndirilmişdir.
Konsert proqramında Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş film, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletindən, simfonik və kino musiqisindən fraqmentlər nümayiş etdirilmişdir.
Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək yaşadığı dövrün və bugünkü zəmanəmizin bəstəkarı olan Q.Qarayevin 95 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, universitetin İncəsənət fakültəsində istedadlı musiqiçilərin yetişməsi üçün hərtərəfli şərait yaradılmışdır. Belə konsertlərin keçirilməsi gənc ifaçıların gələcək fəaliyyətində çox mühüm rol oynayır.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR