26 Dekabr 2024, Cümə axşamı

Uzunmüddətli araşdırmalar sübut edir ki, payızın son ayları və qış daha çox toy-düyün, müxtəlif mərasimlərin, bayram və şənliklərin keçirildiyi dövr kimi səciyyələnir. Bu bir tərəfdən çöl-tarla işlərinin bitməsi, insanların sərbəstləşməsi, digər tərəfdən təbii proseslər, təqvim adətləri ilə bağlıdır. Xalq qışın gəlişini bayram edir. Qışın ilk gecəsində “Çillə gecəsi”, “Çillə bayramı” adlı mərasim keçirilir.
Naxçıvan ərazisinin bir sıra kənd­lərində və Naxçıvan şəhərində fevral ayında, yəni “qışın oğlan çağında”, “kiçik çillə tüğyan edən” vaxt “Xıdır Nəbi” adı ilə bilinən mərasim çox təntənə ilə qeyd edilir. Toplanmış etno­qrafik materiallara əsaslanaraq demək olar ki, bayram Xızır peyğəmbərin şərəfinə qeyd olunur. Lakin maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtı keçirilir?

Məlum olduğu kimi, Xızır peyğəmbər çətin anlarında insanlara yardıma gəlir. Qədim Azərbaycan və Anadolu türklərinin inamına görə, qışın çətin dövründə, hazırlanmış qida, yanacaq və yem ehtiyatının azaldığı vaxt Xızır peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. 
Xalq təqviminə əsasən, qış 3 yerə bölünür: böyük çillə – 40 gün, kiçik çillə – 20 gün, çilləbeçələr (bu, “boz ay”, “bayram ayı”, “cəlimələr” adı ilə də bilinir). El arasında bunları üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. Bir rəvayətdə deyilir ki, böyük çillə ömrünü başa vurub yerini kiçik çilləyə verərkən kiçik çillə soruşur: “Nə etdin?” Böyük çillə deyir ki, tayaları yarıladım, unluqların, qovurma küpələrinin başını endirdim, qalaqları sökdüm. Kiçik çillə isə deyir: “Mən gedib unluqları, qovurma küpələrini silib-süpürəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, ot taylarını yox edəcək, qarıları təndirə salıb küflədən çıxaracağam. Hayıf ki, mənim ömrüm azdır, yoxsa hər şeyi məhv edərdim”. Buna görə xalq kiçik çilləni çox qorxulu hesab edir və deyir ki, “kiçik çillənin (bəzi kənd­lərimizdə cahar-caharın) soyuğu təndirə təpər toyuğu”. Qışın ağırlığını bilən xalq darda qalanlara yardıma çatan Xızır peyğəmbəri çağırmaq üçün onun şərəfinə mərasim keçirir. Etno­qrafik materiallara söykənərək demək olar ki, bayram kiçik çillənin 10-cu günü, yəni fevralın 9-da qeyd olunur. Bir məsələ xüsusi qeyd edilməlidir ki, Naxçıvan şəhərində yanlış olaraq mərasim İslamla əlaqələndirilərək kiçik çillənin ilk cümə axşamında qeyd olunur. Deməli, bu, konkret tarixdən çıxır. Mənbələrə əsasən, şimal yarımkürəsinin bir sıra xalqlarında fevralın 9-u və 10-da buna bənzər mərasimlərin mövcudluğunu söyləyə bilərik. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır. Hətta geniş meydanda qışın müqəvvasını düzəldib yandırırlar. Deməli, mərasim müəyyən cəhətdən bəşəri xarakter daşımaqla sırf astronomik məsələlərlə bağlıdır. Yəni bu, sabit vaxta malikdir.
Naxçıvanda Xıdır Nəbinin əsas simvolu qovurğa və qovut hesab edilir. Qovurğa ilə bərabər, küncüd, günəbaxan toxumu, şabalıd, badam, noxud və sair qovrulur. Qovrulmuş toxumlar qovurğa ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüz və başqa çərəzlər də qatılır. Əvvəllər qovurğa kirkirə, əl daşı (dəstər) adlanan alətlə çəkilir və qovut hazırlanırdı. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar. Çəkilmiş qovutu bir qaba doldurub axşamdan yükün üstünə və ya taxçaya qoyurdular ki, Xızır peyğəmbər gecə ona əl basacaqdır. İnama görə, belə qovut şəfaverici xüsusiyyətlərə malik olur.
Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə pay aparmaq adəti vardır.
Bayram hər kəsdən çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi uşaqlar qapılara gedib torba (papaq) atır və Xıdır payı istəyirlər. Xıdır Nəbidə müxtəlif inamlara da əməl edilir. Həmin gün evin kişisi baltanı götürüb gəlir barverməyən ağacın yanına və ucadan deyir ki, hava soyuq keçir, bu ağac isə barsızdır, kəsirəm, yandıraq. Kənardan bir nəfər yaxınlaşıb onu tutur ki, kəsmə, bu il bar verəcək. Adət “baltaçəkmə” adlanır. Oxşar inam yumurtlamayan toyuqlara qarşı da edilir. Onlar bir təlisə yığılır, sahibi deyir ki, dadlıq qurtarıb, bunlar isə yumurtlamırlar, aparıram hamısını kəsdirəm. Belə toyuqlara Xıdır Nəbi qovurğası səpirlər. İnama görə, bundan sonra toyuqlar yumurtlamağa başlayırlar.
Anadolunun bir sıra bölgələrində “Xızır günü” aprelin 23-də qeyd olunur. Bu gündən əsl yazın başlandığına, 5-6 mayda isə Xızır peyğəmbərlə İlyas peyğəmbərin görüşünə inanılır. Diqqət verilsə, bu, Naxçıvanda “qara yazın” bitməsinə uyğun gəlir. Beləliklə, istilik və yaşıllıq məbudları birləşirlər. Bundan sonra mal-qara, xüsusən quzular üçün şeşə sovuşur (“şeşəsovan”), meyvə ağaclarını və digər bitkiləri şaxta vurması təhlükəsi tam keçir. Oxşar inam Naxçıvanda “Gülənay”, “Gülay” adları ilə qeyd olunmuşdur. Bütün bunlar Xıdır Nəbi, Xıdır İlyasla bağlı xalq arasında olan adət və inamlardır. Elmi ədəbiyyatlarda, yazılı mənbələrdə Xızır peyğəmbərlə, Xızır Nəbi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Müəlliflərin bir qismi “Xızır” sözünü istilik, etnos adı, təqvim adətləri ilə bağlayırlar. Təbii ki, Xıdır Nəbi mərasimi təqvimlə bağlıdır. Lakin adətin Xızır peyğəmbərin şərəfinə keçirildiyi, ondan kömək umulduğu aydın şəkildə görünməkdədir.
Həzrəti Xızır darda qalanların imdadına çatır, xəstələrə şəfa verir, insanı muradına çatdırır. “Kitabi-Dədə Qorqud”da Xızır yaralı vəziyyətdə olan Buğacın üstünə gəlir, yarasını sığallayıb deyir ki, bu yaradan sənə ölüm yoxdur: dərmanın ana südü, dağ çiçəyidir. “Aşıq Qərib” dastanında Xızır Qəribi Şahsənəmə çatdırır, çox darda qalanlara yardım edir. Xızır peyğəmbər təkcə fiziki yardım deyil, elmi-mənəvi zənginləşmədə də ciddi rol oynayır. Şeyx Nizaminin, Nəsiminin, Xətai və başqalarının əsərlərində onların Xızır peyğəmbərdən, həyat çeşməsindən (abi-həyat) bəhrələndiyi dönə-dönə qeyd edilmişdir. Qaynaqlara söykənərək demək olar ki, həzrəti Xızırın elmi digərlərindən daha fərqli olmaqla çox yüksəkdir. O dərəcədə yüksəkdir ki, təkcə adi insanlara deyil, həzrəti Musaya belə, elm öyrədir.
Naxçıvanda yayılan bir rəvayətə görə, Xızır peyğəmbər bir bardaq dirilik suyu götürür ki, gətirsin insanlara. Yolda bir ağacın, bəzi rəvayətlərə görə, çinarın kölgəsində yatır. Bardaq aşır, su dolur bir çuxura. İki qarğa gəlib sudan içirlər. Ona görə də qarğalar üç yüz il yaşayırlar. Çinar ağacı da uzun­ömürlüdür. Həm “Qurani-Kərim”in ayələrindən, həm də Xızır peyğəmbərlə bağlı yazılı məlumatlardan, əsərlərdən aydın olur ki, Allah tərəfindən ona xüsusi elm, əbədi həyat verilmişdir. Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların dadına çatmışdır. Məhz qışın ən çətin dövründə Xızır peyğəmbərin şərəfinə mərasim təşkil etmək, onu çağırmaq da “qara qışın” çətinliyindən xilas olmaq anlamına gəlir.

Hacı Qadir QƏDİRZADƏ
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR