Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə şöbənin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Babayeva çıxış edərək İslam Səfərlinin zəngin yaradıcılıq yolundan danışmışdır.
Sonra Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova, Uşaq Kitabxanasının müdiri Təranə Əliyeva və başqaları çıxış edərək şairin yaradıcılığının müxtəlif istiqamətləri haqqında danışmışlar. Bildirilmişdir ki, İslam Səfərlinin müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və sair şeirləri müharibənin onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Dəfinə”, “İnsan ləpiri” poemaları bir-birindən maraqlı, yaddaqalan olmuşdur. Dramaturq kimi də böyük uğurlar qazanan İslam Səfərlinin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və sair əsərləri müxtəlif vaxtlarda tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki qardaş”, “Badamlı kəndinin qızı” oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkəli itki” novellaları, “İki könül bir olanda” balet-librettosu, “Şərqin qalibləri”, “Bir stəkan çay” kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutan qələm nümunələridir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, tanınmış sənətkarların əsərlərindən uğurlu tərcümələr etmişdir.
Şairin “Bakı, sabahın xeyir!”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı?”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağxalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və sair bu kimi onlarla şerinə bəstələnmiş mahnılar dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
Şairin qohumu rəssam Əli Səfərov çıxış edərək İslam Səfərli haqqında xatirələrindən danışmış, tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda rayon Mədəniyyət Evi üzvlərinin ifasında İslam Səfərlinin şeirlərinə bəstələnmiş mahnılar ifa edilmişdir.
Xəbərlər şöbəsi