21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri E.Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Aygün Hüseynova Beynəlxalq Ana Dili Günü ərəfəsində söz adamları ilə şagirdlər arasında keçirilən belə bir görüşün mühüm əhəmiyyət daşıdığını, bunun şagirdlərin dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərəcəyini deyib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 21 fevral – Beynəlxalq Ana Dili Gününün tarixi haqqında danışıb.
Bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələsindən danışan Asim Yadigar doğma dilimizdə yaranan ədəbi əsərlərin axıcılığının, təbiiliyinin və bədiiliyinin dilimizin zənginliyindən xəbər verdiyini xüsusi vurğulayıb.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Babayeva vurğulayıb ki, Azərbaycan dilinin zənginləşərək bugünkü səviyyəyə gəlib çatmasında “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, – deyən ümummilli lider Heydər Əliyevə minnətdarıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Səhlab Məmmədov, Nazlı Hacılı, Əziz Azər, Elxan Yurdoğlu, birliyin gənclər təşkilatının sədri Elnur Kəlbizadə Azərbaycana, doğma dilimizə və Naxçıvana həsr etdikləri şeirlərlə şagirdlər qarşısında çıxış ediblər. Sonra məktəbin şagirdləri doğma dilimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda naxçıvanlı yazıçı və şairlərin son illərdə çapdan çıxmış kitabları şagirdlərə və məktəb kitabxanasına hədiyyə olunub.
Xəbərlər şöbəsi