2012-ci ili başa vurduq. Ötən illərdə olduğu kimi, 2012-ci ildə də muxtar respublikamızda bütün sahələrdə inkişaf davam etmişdir. Bəs mədəniyyət sahəsində hansı tədbirlər həyata keçirilmişdir? Təbii ki, 2012-ci ilin ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəridir. Bu səfər zamanı ölkə başçısı bir gün ərzində 10 yeni obyektin açılış mərasimində iştirak etmişdir. Həmin obyektlər sırasında Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, Kəngərli rayonunun mərkəzində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının, Kəngərli Rayon Mədəniyyət Evinin olması mədəniyyətə davamlı qayğının ifadəsi kimi dəyərləndirilməlidir. 2012-ci ildə həmçinin Kəngərli rayonunun Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin, Şərur rayonunun Aşağı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin yeni binaları istifadəyə verilmişdir. Ötən il Şərur rayonunun Dərəkənd, Danyeri, Kərimbəyli, Qorçulu, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun Behrud, Biləv, Parağa,Yuxarı Əylis, Culfa rayonunun Milax, Ləkətağ, Boyəhməd, Sədərək rayonunun Sədərək kəndlərində istifadəyə verilən kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də yerlər ayrılmışdır.
Hər bir xalqın milli dəyərləri onun milli pasportudur. Bu gün heç bir xalqı öz milli dəyərlərindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Xalqımıza xas olan milli dəyərlərin bərpası və yaşadılması məqsədilə 2012-ci il “Milli dəyərlər ili” elan olunmuş, bununla bağlı geniş Tədbirlər Planı hazırlanmış və xeyli iş görülmüşdür. “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. Bu dövrdə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır.
Naxçıvanda musiqi sənətinin müxtəlif janrlarının inkişafına da qayğı ilə yanaşılmış, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri yaradılmışdır. Yaradılan şəraitə, göstərilən qayğıya cavab olaraq yeni kollektiv ilk günlərdən muxtar respublikanın mədəni həyatında fəal iştirak etməyə başlamışdır.
Naxçıvan torpağı müxtəlif dövrlərdə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının, eləcə də ictimai fikrin inkişafına mühüm təsir göstərmiş qüdrətli sənətkarlar yetişdirmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin 140, filosof-şair Hüseyn Cavidin 130 illik yubileyləri ötən il geniş şəkildə qeyd olunmuşdur. Milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik Bəhruz Kəngərlinin 120 illik yubiley tədbirləri çərçivəsində rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, Naxçıvanda ilk dəfə Bəhruz Kəngərli yaradıcılığının tam külliyyatını əks etdirən sərgi təşkil edilmiş, “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film hazırlanmışdır.
“Milli dəyərlər ili”ndə muxtar respublikamızda “Naxçıvan – bəşəriyyətin beşiyi” mövzusunda Beynəlxalq Rəsm Festivalının keçirilməsi Naxçıvan rəsm sənətinin inkişafına böyük töhfələr verməklə yanaşı, muxtar respublika mədəniyyətinin, incəsənətinin, rəssamlıq sənətinin təbliğində də mühüm rol oynamışdır. Festivalın bədii hissəsində muxtar respublikanın folklor kollektivlərinin çıxışları təşkil olunmuşdur. Bu tədbirlər sırasında ötən ilin yanvarında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının əməkdar rəssamı Mircəlil Seyidovun əsərlərindən ibarət fərdi sərgi təşkil edilməsini də xüsusi vurğulamaq lazımdır. Rəssamın əsərlərindən ibarət “Mircəlil Seyidovun rənglər dünyası” adlı kitab-albomun təqdimat mərasimi də sənətkara qayğının ifadəsi kimi qiymətləndirilməlidir.
Oxucuların mütaliə mədəniyyətini yüksəltmək məqsədilə həyata keçirilən tədbirləri də ayrıca vurğulamalıyıq. Kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsi, kitabxana xidmətinin müasir tələblər səviyyəsində təşkili istiqamətində də müvafiq işlər görülmüşdür. İlin yaddaqalan hadisələrindən biri də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin qeyd olunması, bu mədəniyyət ocağında elektron kitabxana yaradılmasıdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzi öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Mərkəz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində fəallığını artırmışdır. Ötən il mərkəz tərəfindən “Ozan” Yaradıcılıq Studiyasının yaradılması buna əyani misaldır. Studiyaya 15 nəfər yeniyetmə qız cəlb olunmuşdur. Elmi-Metodik Mərkəzin nəzdində fəaliyyət göstərən “Sazçı qızlar” ansamblının da fəaliyyəti qeyd edilməlidir. Ansamblın mart ayında Ordubad, Şərur, Şahbuz, Culfa rayonlarının ictimaiyyəti qarşısında çıxışları olmuşdur. Kollektiv unudulmaqda olan saz havalarını repertuara daxil etmişdir.
Bəhs olunan dövrdə Şərur Xalq Yallı Ansamblının qardaş Türkiyə Respublikasının Gümüşhanə şəhərində keçirilən folklor festivalında iştirakı və çıxışı da uğurlu alınmışdır. Şərur Xalq Yallı Ansamblı həm də Masallı şəhərində keçirilən folklor festivalının iştirakçısı olmuşdur. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin köməyi ilə keçirilən “Milli dəyərimiz – aşıq sənəti” tədbiri qədim aşıq sənətinin böyüməkdə olan gənc nəslə təbliğ edilməsi baxımından olduqca əhəmiyyətlidir.
2012-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı və digər teatr kollektivləri mədəniyyətə göstərilən qayğıdan bəhrələnərək yeni tamaşalar hazırlamış, muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə töhfələrini vermişlər. Onu da qeyd edək ki, ötən ilin fevral ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Martın 10-da – Milli Teatr Günündə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar yazıçı-dramaturq Şəfaət Mehdiyevin ikihissəli “Mirzə Fətəli” dramı teatrsevərlərə təqdim olunmuşdur. Mart ayının 27-dən aprelin 2-dək Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi qardaş Türkiyə Respublikasının Tarsus şəhərində keçirilən Türk Dünyası Teatr Günləri Festivalında iştirak etmişdir. Kollektiv festivalda böyük alman dramaturqu və maarifçisi Q.Lessinqin “Müdrik Natan” ikihissəli psixoloji dramını göstərmişdir. Böyük türk şairi və dramaturqu Nazim Hikmətin 110 illiyi münasibətilə ədibin “Kəllə” pyesinin hazırlanaraq tamaşaçılara təqdim edilməsi də kollektivin yeni uğuru sayıla bilər. Ötən il oktyabrın 24-də isə görkəmli ədib Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı “Şeyx Sənan” faciəsi yüksək səviyyədə tamaşaya qoyulmuşdur. Bundan başqa, teatrın kollektivi Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı TÜRKSOY səviyyəsində dekabrın 24-də Ankarada, dekabrın 26-da isə İstanbulda “İblis” tamaşasını göstərmişdir.
Ötən il Naxçıvan teatrının qazandığı ən böyük nailiyyətlərdən biri də kollektivin Naxçıvan Dövlət Filarmoniyası ilə birgə Ü.Hacıbəylinin “Koroğlu” operası əsasında hazırladığı kompozisiyadır.
Naxçıvan Dövlət Uşaq Teatrı və Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da 2012-ci ili yaddaqalan tamaşalarla yola salmışlar. Kukla teatrı ötən ilin aprel ayında Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” III Beynəlxalq Kukla Teatrları Festivalında uğurla iştirak etmiş və Səbuhi Hüseynovun əsəri əsasında hazırlanmış “Möcüzəli adanın sakinləri” tamaşasını göstərmişdir.
Qeyd edək ki, ötən il 2 mehmanxanaya lisenziya verilmişdir. Verilən lisenziyalar və icazələr haqqında məlumatlar elektron portala daxil edilmək üçün hazırlanmışdır. Xidmət obyektlərində yerlərin və burada qalan qonaqların sayı artmış, xidmətin keyfiyyəti yüksəldilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Naxçıvan diyarının təbiətini, tarixini, folklorunu özündə əks etdirən materiallar, YUNESKO-nun “Dünya mədəni irs siyahısı”na salınmaq üçün Möminə xatın, Gülüstan, Yusif Küseyir oğlu, Qarabağlar türbələri və Gəmiqaya abidəsi haqqında materiallar və onların xəritələri hazırlanmışdır.
Göründüyü kimi, 2012-ci ildə muxtar respublikada mədəniyyət və turizm sahəsində böyük işlər görülmüşdür. Məqsəd isə aydındır. Muxtar respublikamızda bu sahə daha da inkişaf etsin, qədim tarixə malik olan mədəni irsimiz gələcək nəsillərə çatdırılsın, ölkəmiz inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutsun.
Sara ƏZİMOVA