Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tanınmış şair, dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı Sərəncama əsasən, AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq İslam Səfərlinin çoxşaxəli yaradıcılığından, eyni zamanda muxtar respublikada müxtəlif vəzifələrdə məsuliyyətlə çalışmasından və əsərləri ilə ictimaiyyətin rəğbətini qazanmasından danışıb. Akademik şair-dramaturq İslam Səfərlinin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərindən bəhs edərək bildirib ki, cəmi 51 il ömür sürən şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. Qeyd olunub ki, İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi, həmçinin rus və türkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələrlə də tanınıb.
Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “İslam Səfərlinin həyat və yaradıcılığı”, həmin institutun əməkdaşlarından filologiya elmləri doktoru Adil Bağırov “İslam Səfərli yaradıcılığında onomastik vahidlərin üslubi imkanları”, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “İslam Səfərli yaradıcılığının poetik qüdrəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov “İslam Səfərlinin pyesləri Azərbaycan səhnəsində”, Elxan Məmmədov “İslam Səfərli poeziyası və folklor” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə şair-dramaturq İslam Səfərli yaradıcılığının özünəməxsusluğundan və onun şəxsi keyfiyyətlərindən bəhs edilib, orijinal ədəbi irs yaradan ədibin qiymətli əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr verdiyi bildirilib.
* * *
Dünən İslam Səfərli adına Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə də İslam Səfərlinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Məktəbin direktoru Rəfiqə Məmmədova çıxış edərək bildirmişdir ki, 1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olan İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Buna görə onun yubileyinin adını daşıyan məktəbdə keçirilməsi məktəb üçün əlamətdardır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Nağıyeva İslam Səfərlinin yaradıcılığının ayrı-ayrı məziyyətlərindən söhbət açmış, onun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulamışlar.
Tədbirdə İslam Səfərlinin qohumu Əli Səfərov çıxış edərək keçirilən tədbirə görə minnətdarlığını bildirmişdir.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən İslam Səfərlinin şeirləri bədii qiraət olunmuş, sözlərinə yazılmış mahnılar ifa edilmişdir. Elektron lövhədə şairin həyat və yaradıcılığını əks etdirən slaydlar, əsərlərindən ibarət kitab sərgisi nümayiş olunmuşdur.
Xəbərlər şöbəsi