Xəbər verdiyimiz kimi, aprelin 24-də “Şöhrət” ordenli yazıçı, millət vəkili Aqil Abbasın iştirakı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində yazıçının özünün ssenari müəllifi olduğu eyniadlı romanı əsasında çəkilmiş “Dolu” filminin təqdimat mərasimi keçirilmişdir. Həmin gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində naxçıvanlı yazıçı və şairlərlə Aqil Abbasın görüşü olmuşdur.
Tədbirdən sonra yazıçı ilə görüşüb qəzetimiz üçün müsahibə aldıq:
– İlk olaraq, özünüzün də dediyiniz kimi, böyük tarixi şəxsiyyətlər, ədəbi simalar Vətəni Naxçıvan haqqında təəssüratlarınızı bilmək istərdik.
– Məni Naxçıvanla bağlayan amillər çoxdur. Birincisi, bu torpağın yetirməsi olmuş Mirzə Cəlildir. Mən özümü Mirzə Cəlil məktəbinin şagirdi hesab edirəm. Fikrimcə, Mirzə Cəlil qədər qüdrətli qələm sahibi, bəlkə də, yoxdur. Bundan başqa, Naxçıvan zaman-zaman çox böyük şəxsiyyətlər, dahilər yetişdirən dünyanın ən qədim torpağıdır. Məhz bu şəxsiyyətlərin dühası ilə Azərbaycan inkişaf edib, intibaha qovuşub. Bura peyğəmbər ayağı dəyib. Naxçıvan torpağının qeyri-adi bir rəngi var. Bu qeyri-adilik buranın insanlarına da sirayət edib. Bunu yalnız bu torpaqda yaşayanlar duya bilər.