Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə mərkəzin direktoru Sevinc Mirzəyeva çıxış edərək ulu öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”, – deyən ümummilli lider Heydər Əliyevin dahiliyi, onun əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz odur ki, O, böyüklərə qarşı nə qədər tələbkar idisə, eyni zamanda uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi.
Sonra tədbir iştirakçıları dahi rəhbərə həsr edilmiş sərgiyə baxıblar. “Uşaqların ən yaxın dostu” adlı sərgidə mərkəzin dərnək üzvlərinin bacarıq və istedadını əks etdirən əl işləri nümayiş etdirilib.
Xəbərlər şöbəsi