“Gülüm hey” folklor qrupu isə tamaşaçıların daha çox rəğbətini qazanıb
Kəngərlinin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən inkişaf bölgənin mədəni həyatında özünü daha qabarıq göstərir, mədəni-kütləvi tədbirlər, bayramlar, əlamətdar günlər son vaxtlar siyasi-ideoloji və bədii-estetik baxımdan yüksək səviyyədə təşkil olunur.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyov söhbət zamanı bildirdi ki, bu gün rayonda 1 mərkəzləşdirilmiş kitabxana və onun 11 filialı, 1 Tarix-Diyarşünaslıq Muzeyi və 1 ev-muzey, mədəniyyət və istirahət parkı, 2 uşaq musiqi məktəbi, rayon Mədəniyyət Evi fəaliyyət göstərir. Bundan əlavə, 5 kənd mədəniyyət evi, 5 kənd klubu əhalinin xidmətindədir. Son illər tikinti-quruculuq işləri nəticəsində kəndlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələri, kitabxana, klub və mədəniyyət evlərinin əksəriyyəti yeni və müasir binalara köçürülmüşdür. Belə ki, rayonun Qabıllı, Şahtaxtı, Qarabağlar, Çalxanqala, Böyükdüz, Təzəkənd və Xıncab kəndlərindəki klub və kitabxanalar müasir avadanlıqlarla təchiz olunmuş otaqlarda yerləşdirilmişdir. Ötən ilin may ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev muxtar respublikamıza səfəri zamanı Kəngərli rayonunda olmuş, burada Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, rayon Mədəniyyət Evinin açılışında iştirak etmişdir.
Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli rayon Mədəniyyət Evinin inşası mədəni irsimizə diqqətin artırılması istiqamətində bu bölgədə xeyli işin görüldüyünü təsdiq edir. Binanın birinci mərtəbəsində inzibati otaqlar, 286 yerlik tamaşa zalı, ikinci mərtəbədə 6 inzibati otaq, dekorasiya otağı və istirahət guşəsi yaradılmışdır.
Bölgənin mədəni həyatında ayrı-ayrı musiqi kollektivləri fəal rol oynayırlar. Bu mənada rayon Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Gülüm hey” folklor qrupu, böyüklərdən və uşaqlardan ibarət “Yallı” kollektivi, “Kəngər” instrumental ansamblı tamaşaçıların böyük rəğbətini qazanmışdır. Həmin kollektivlər daim öz repertuarlarını zənginləşdirir, keçirilən ədəbi-bədii gecələrdə, bayram şənliklərində çıxışları ilə tədbir iştirakçılarının zövqünü oxşayır, onlara gözəl əhval-ruhiyyə bəxş edirlər. Mədəniyyət işçiləri rayon ərazisindəki hərbi hissələrdə də olur, maraqlı konsert proqramları ilə əsgərlər qarşısında çıxış edirlər.
Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən dərnəklərin də işini qeyd etmək lazımdır. Burada rəsm, keramika, bacarıqlı əllər, biçmə-tikmə, toxuculuq, xalçaçılıq dərnəkləri fəaliyyət göstərir.
Mədəniyyət Evinin bədii rəhbəri Vəzir Qasımov deyir ki, kütləvi tədbir keçirməyin özünəməxsus çətinlikləri vardır. Burada yüksək peşəkarlıq və məsuliyyət lazımdır. Bütün bunları illər ərzində özümdə tərbiyə edib vərdişə çevirmişəm.
Mədəniyyət Evinin direktoru Tofiq Rüsmətov “Gülüm hey” folklor qrupunun yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verdi:
– 2005-ci ilin mart ayında Qarabağlar kəndində Novruz bayramına həsr olunmuş şənlik keçirirdik. Tədbirə uzun illər Qarabağlar kənd mədəniyyət evində çalışmış Əsmər Tarverdiyevanı da dəvət etmişdik. Fikir verdim ki, Əsmər xanımın gözləri yaşarıb. Səbəbini soruşdum. Dedi ki, bugünkü konsert mənim gəncliyimi yadıma saldı. Vaxtilə cavan qızları başıma toplamış, “Gülüm hey” folklor qrupu yaratmışdım. Mənim yaratdığım qrup toylarımızın, el şənliklərinin bəzəyinə çevrilmişdi. Bu gün də gözlərim qeyri-ixtiyari “Gülüm hey”i axtardı, amma görə bilmədim. Deyəsən, qədim mahnılarımızı, rəqslərimizi yavaş-yavaş unuduruq. Əsmər Tarverdiyevanın sözləri mənə bərk təsir eləmişdi. Ona söz verdim ki, əgər köməklik eləsə, “Gülüm hey” folklor qrupunu yenidən yarada bilərik. Beləliklə, bir neçə dəfə onunla və digər ahıl qadınlarla görüşdüm, yaddaşlarında qalan “Gülüm hey”in beş sözünü qeyd dəftərçəmə köçürdüm. İndi folklor qrupunun rəhbəri olan Gülşən Qurbanova ilə birgə rayonumuzun müxtəlif kəndlərində yaşayan 10 nəfər istedadlı qızı mədəniyyət evinə cəlb elədik, həmin beş “Gülüm hey”ə quruluş verdik. İlk konsertimizə Əsmər xanım da gəlmişdi. Arzusu həqiqətə çevrildiyi üçün hamıdan çox sevinən o idi. Əlbəttə, bu gün də axtarışdayıq, repertuarı daha da zənginləşdirməyi qarşımıza məqsəd qoymuşuq.
Bu gün “Gülüm hey” folklor qrupu muxtar respublikamızda yaxşı tanınır. Qrup 2008-ci ilin aprel ayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Xalq yaradıcılığımız bu gün” adlı muxtar respublika folklor festivalında və ötən ilin iyul ayında keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomlarına layiq görülmüş, hədiyyələrlə mükafatlandırılmışdır.
Qıvraq qəsəbəsində 5 hektar ərazini əhatə edən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmiş, fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilmiş, uşaqların istirahəti üçün maraqlı attraksionlar, əyləncəli yelləncəklər quraşdırılmışdır.
Rayon ərazisində iki dünya əhəmiyyətli tarixi abidə vardır. Bunlardan biri Elxanilərin (1256-1357) birinci hökmdarı Hülaki xanın 1256-1265-ci illərdə hakimiyyətdə olduğu zaman arvadı Quti xatının şərəfinə tikdirdiyi Qarabağlar türbəsidir. Türbənin həmin 9 illik dövr aralığında tikildiyi ehtimal olunur.
Rayonda mövcud olan digər dünya əhəmiyyətli abidə isə Şahtaxtı hamamıdır. Kəndin yaşlı sakinlərinin dediyinə görə, hamam İsa Sultan Şahtaxtinskinin babası İsa Sultan tərəfindən XIX əsrin ikinci yarısında tikdirilmişdir. Deyilənlərə görə, hamamı qızdırmaq üçün iki-üç bağ odun yandırılması kifayət edərmiş.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi bölgədəki maddi-mədəniyyət nümunələrinin etibarlı şəkildə qorunub saxlanılması, tədqiq edilib öyrənilməsi, təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyul 2006-cı il tarixdə imzaladığı Sərəncamla yaradılmışdır. 2007-ci ilin sentyabrında ikimərtəbəli müasir muzey binası istifadəyə verilmişdir. Muzeydə rayonun ən qədim dövrlərindən bu günədək tarixini özündə əks etdirən 2700-ə yaxın eksponat saxlanılır. Ekspozisiya zalında isə onlardan 723-ü nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamına uyğun olaraq, rayonun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılmışdır. 2010-cu ilin may ayında istifadəyə verilən həmin muzeydə Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, parlamentarizmin, dövlət quruculuğu və hərb sənətinin inkişafında xidmətləri olan bir nəslin nümayəndələrinə aid 373 eksponat toplanılmışdır.
Rayonun Qıvraq qəsəbəsində və Çalxanqala kəndində uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Bu məktəblərdə fortepiano, tar, kamança, klarnet, qarmon, nağara, saz sinifləri üzrə 400-dən çox şagird musiqi təhsili alır. Hər iki musiqi məktəbi müasir tədris avadanlıqları ilə təmin olunmuş yeni binalarda yerləşir. Rayonun musiqi məktəblərində xalq çalğı alətləri, sazçalan qızlar ansamblları, xor kollektivi və nəfəs alətləri orkestri fəaliyyət göstərir. Onu da qeyd edək ki, hər iki musiqi məktəbində dərs deyən ali və orta ixtisas təhsilli müəllimlərin çoxu ilk musiqi təhsillərini bu məktəblərdə alıblar.
Kəngərli kənd təsərrüfatı rayonudur. Bölgədə əhalinin əksəriyyəti əkib-becərən, bolluq-bərəkət yaradan əmək adamlarıdır. Onlar yaxşı işlədikləri kimi, yaxşı da istirahət etmək, əylənmək, dincəlmək istəyirlər. Kəngərlidə apardığımız müşahidələr, adamlarla söhbətlər bir daha göstərdi ki, rayonda insan amili, onun mənəvi dünyası, mənalı və səmərəli istirahəti diqqət mərkəzində saxlanılır.
Cəfər ƏLİYEV