“Naxçıvanı qoruyan rəmzlər” silsiləsindən V yazı
Dağlar yerin dayaq nöqtələridir. O dayaqları isə Yer üzünə Tanrı vurub. Elə, bəlkə də, ona görə Tanrını yüksəkliklərdə, çox yüksəkliklərdə axtarıb insan. Halbuki bütün dinlərdə O, hər yerdədir deyilmişdi. İbadət edən insanlara fikir vermisinizmi? Dinlərin əksəriyyətində ibadət edən insanların əlləri göylərə qalxır və nəzərləri harasa lap yuxarıya, naməlum bir nöqtəyə dikilir. Türkün Göy Tanrı inancı belə, Tanrını göydə axtarıb. Folklorşünas alim Məhsəti İsmayıl “Naxçıvan əfsanələri” kitabında yazır ki, türklərin Altay yaradılış dastanına görə, Tanrı Ülgen Altun dağda oturur.
“Nə qədər qəribə olsa da, Allah hər yerdədir, bizə şah damarımızdan da yaxındır”, – deyən peyğəmbərlərin hər biri də Tanrı ilə əlaqəni məhz dağlarda qurublar. İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəssin deyə, Mina dağına qalxıb, Musaya vəhy Turi-Sina dağında gəlib, Məhəmməd peyğəmbərə isə ilk vəhy Hira dağında. Nuhun gəmisi Gəmiqayaya toxunanda qarşı tərəfə boylanaraq Böyük Əyri dağını – Ağrı dağı görüb. Amma maraqlıdır ki, “Nuh tufanı” əfsanəsi ilə bağlı Haçadağ – İlandağ müqəddəs görülüb.
Naxçıvanın ən məşhur rəmzlərindən biri olan Haçadağ, yəqin, İbrahimin “Mina”sı, Musanın “Turi-Sina”sı, Məhəmmədin “Hira”sından əvvəl Nuhun “İlanlı”sı imiş. Bəlkə də, onu müqəddəsləşdirən, rəmzləşdirən təkcə Nuhun gəmisinin Ağrıdağdan sonra Haçadağa (İlandağ) dəyməsi deyil.
İndi quruluşuna görə “Haçadağ” adlandırdığımız dağın “İlandağ” adlandırılmasının səbəbi də, bəlkə, Nuha Tanrıdan vəhy gələrkən onu ilanların qorumasıdır. Təqiblərdən Sivr mağarasına sığınmaqla xilas olmuş Məhəmmədi Allahın hökmü ilə mağaranın girəcəyini hörən hörümçəklər müdafiə etdiyi kimi, Nuhu da elə burda Nuha əcr verənlərdən (Nuhəcir – Nəhəcir) ilanlar qorumuşdu.
Culfa rayonu ərazisində yerləşən 2415 metr hündürlüklü bu dağ elə Nuhun öz qövmünə xitabət dağı olmuş, sonradan isə bu inam o dağı Elandağa çevirmişdi. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi, ocaq yeri və orta əsrlərə aid saxsı qab qalıqları aşkar edən tədqiqatçılar qeyd edirlər ki, İlandağ qədim müşahidə məntəqəsi kimi istifadə edilmiş, yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilmişdir.
Dağın yaxınlığındakı orta əsrlərə aid xalq arasında “Nəbi qalası” adı ilə məşhur olan yaşayış yerinin olması da bu dağın özündə peyğəmbərlərdən – nəbilərdən birinin yadigarlarını saxladığını deməyə imkan verir.
Məğrur, amma həsrətli baxışlarla Ağrı dağlarına baxan Haçadağ özündə mifoloji düşüncədə bir sədaqət hekayəsini yaşadır. Deyirlər ki, keçmişlərdə Ağrı dağı ilə Haçadağ yaxın qonşu olublar. Həmişə bir-birini gözlər, mehriban dolanıb ömür sürərmişlər. Bir gün bu dağların arasında bərk mübahisə düşür. İş o yerə çatır ki, onlar düşmən kimi dalaşmağa başlayırlar. Haçadağ özünü haqlı bilib qəzəbindən bir dəli nərə çəkir. Əl atıb Ağrıya güclü zərbə vurur.
Ağrı qonşusunun bu hərəkətinə dözə bilmir. Özünü toplayıb o da Haçadağa özünün zərbəsini göstərir. Haçadağın fəryadı yeri-yurdu götürür. Ağrının zərbindən onun başı aralanır. Deyirlər ki, o vaxt başı aralandığından adı da “Haçadağ” qalmışdır (“Əsatirlər, əfsanə və rəvayətlər” Bakı, “Şərq-Qərb”, 2005).
Ən maraqlısı odur ki, 70 illik sovet dönəmində Ağrı dağı ilə Haçadağ iki türk elinin həsrətini ifadə etmişdir. Azərbaycandan Anadoluya, Anadoludan Azərbaycana sevgi ötürmüşdür bu dağlar.
Özünün məğrurluğu, əyilməzliyi ilə bu gün Naxçıvanın əsas rəmzidir Haçadağ. Ona nəzər salanda qəribə bir mistika ilə Tanrıya yaxınlıq duyur insan. Haçadağ həm də bir xarakter nümayişidir. Qışda kəskin soyuqlar düşəndə, qar-çovğun təbiətin qəsdinə duranda sanki düşmən qarşısında başını dik tutaraq “mən varam” deyir Nuhun bu yadigarı. Yazda isə Günəş çıxanda, təbiət canlananda sanki dost qarşısında gülümsəyir Haçadağ. Amma heç vaxt əyilmir: nə düşmən, nə dost qarşısında. O, həmişə məğrurdur, bu yurdun insanı kimi.
Elnur KƏLBİZADƏ