Milyon illərdir, dil deyir, dil söyləyir, dil danışır: məqsədsə yeganədir – duyğu və düşüncələrin, ağıl və zəkanın ifadəsi... Bu gün mədəni və mənəvi səviyyəsindən asılı olmayaraq, könüllərdən könüllərə yollanan yolun yeganə körpüsü bəllidir: dil körpüsü. Dil ünsiyyətin, anlamağın, dərk etməyin yeganə açarıdır. Tarix boyu insan cəmiyyətləri, həqiqətən də, fövqəladə varidatlar yaratmışlar ki, onların da hər biri çağdaş insanın qürur mənbəyidir. Şəhərlər, elmi-texniki yeniliklər, dövlətlər, mədəniyyət, sənət abidələri, təfəkkür möcüzələri, siyasi-iqtisadi qanunauyğunluqlar, idarəetmə, elm və daha nələr, nələr yalnız insan zəkasına məxsusdur. Ünsiyyət vasitəsi olan dil isə bu zəka sahibi insanın bəxtiyarlığıdır. Dil əvəzolunmazdır. Dildən qopan söz canlıdır, onun az qala natural mövcudluğu, nəfəsi, ruhu var.
Dili qoruyub yaşatmaq onun daşıyıcısı olan xalq və millətin borcudur. Sanki hər kəs doğulub “ana” deməyə başladığı ilk andan ana dilini yaşadacağına and içir. Bax bu anda sadiqlik bizi milli özünütəsdiqimiz olan dilimizi qorumağa borclu edir. Tariximizin müxtəlif dövrlərində ana dilimizin qayğısına qalan, onun saflığının qorunması uğrunda, həqiqi mənada, dəridən-qabıqdan çıxan, bütün ömrünü bu yola həsr edən, ona əsl övladlıq sədaqəti göstərən, onu regionun aparıcı dilləri sırasına qatan şəxsiyyətlərimiz olub: Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli və neçə-neçə dilçi alimlərimiz. Ötən əsrin 70-ci illərində – o illər ki, ittifaqa daxil olan ölkələrdə ana dili ikinci planda qalmışdı, hətta bəzilərində unutdurulmuşdu – Azərbaycanda ana dilinin işləkliyinin qorunması, onun fundamental şəkildə tədqiqi dövlət səviyyəsinə qaldırılmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə digər milli məsələlər kimi, ana dilinə münasibət məsələsi də xalqımızın milli maraqlarına uyğun formada öz həllini tapmışdır. Və beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ana dili ilk dəfə dövlət səviyyəsində mühafizə olunmuş, onun saflığı qayğısına qalınmış, inkişafı təmin edilmişdir. Müstəqillik illərində də bu missiya layiqincə davam etdirilmiş və etdirilməkdədir. Ulu öndərin Azərbaycan dilinin işləkliyinin və vahid dil birliyinin qorunması istiqamətində fəaliyyəti mühüm qanun və qərarların qəbul edilməsi ilə nəticələnmişdir.
Bizim ana dilimiz – qollu-budaqlı türk dillərinə mənsub Azərbaycan dili pərvanə qanadları kimi zərif kəlmələrdə, şam kimi nurlu sözlərdə tarixin hikmətini, bu günün həqiqətlərini, diriliyini, sabahın arzu və ümidlərini hifz edir. Bu dil könül rübabından su içən bayatıların, atalar sözlərinin, ağıların, nəğmələrin dilidir... Və nəhayət, xalqımızın ən qədim, ilkin milli dəyəri, sərvətidir.
Müstəqillik Azərbaycan xalqına, Azərbaycan dövlətinə çox böyük uğur və nailiyyətlər gətirdi. O nailiyyətlər ki, onu tariximizi, mədəniyyətimizi, dilimizi milli mövqedən araşdırmağa, öyrənməyə, öyrəndiklərimiz həqiqətləri, zənginlikləri isə bəyan etməklə əldə etməyə başladıq. Eyni zamanda müstəqillik imkan verdi ki, ana dilimizin inkişafı, tədqiqi və işləklik arealının genişlənməsi kimi məsələlərə yenidən qayıdaq. Bununla əlaqədar ölkəmizdə çoxsaylı dövlət sənədləri imzalanmışdır. Sonuncusu 2013-cü il aprel ayının 9-da imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır. Bu sərəncam ana dilindən istər yazılı, istərsə də şifahi şəkildə düzgün istifadəyə, onun tətbiqi və inkişafı kimi vacib məsələlərin həllinə yönəlmiş mühüm sənəddir. Sözügedən Dövlət Proqramında dilimizin inkişafı ilə bağlı problemlərin həlli ilə əlaqədar bir sıra vəzifələr müəyyənləşdirilmişdir. Həmin vəzifələrdən bəzilərini təqdim edirik:
● Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması;
● Dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;
Bu, bilavasitə müasir qloballaşma şəraitində dildə özünü göstərən yeniliklərin tədris vəsaitlərində və prosesində əks olunması ilə bağlıdır.
● Dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;
Dövlət Proqramındakı bu hissə dilçilik elmi və bu sahənin mütəxəssisləri üçün yenilikdir. Qeyd edək ki, müəyyənləşdirilmiş bu vəzifə müasir qloballaşmanın doğurduğu uğurlu bir yenilikdir.
● Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
Bu, ədəbi dilin şifahi və yazılı formada vahid təzahürünə xidmət edən vəzifələrin ən vacibidir. Bununla yanaşı, Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması da vahidlik prinsipinin qorunmasını təmin edən vəzifələrdəndir.
● Dil və nitq mədəniyyətinin yüksəldilməsi;
İnsanların özünüifadədə qarşılaşdığı ən mühüm problemlərdən biri kimi bu vəzifənin irəli sürülməsi olduqca aktualdır. Özü də mədəniyyətin bu tipinin təkcə ümumtəhsil məktəblərində deyil, ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisaslarında da tədrisi qarşıya qoyulan vəzifələr sırasındadır.
● Mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;
Etiraf edək ki, kütləvi informasiya vasitələrində, eləcə də internet resurslarının əksəriyyətində ana dilimizin vahidlik prinsipinə tam əməl edilmir, ədəbi dilin normaları bilərəkdən və ya bilməyərəkdən pozulur. Bu məsələlərin həlli baxımından adıçəkilən vəzifənin icrasını qeyd-şərtsiz həyata keçirmək bir vətəndaş kimi, necə deyərlər, boynumuzun borcu olmalıdır.
Ölkəmizdə bir sıra müstəqil müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr içərisində onlarla qəzet redaksiyaları da var. O redaksiyalar ki, çap etdirdiyi qəzetləri oxuyarkən orfoqrafiya səhvləri bir yana dursun, mətnlərdə dilimizə yad olan nə desən, onunla qarşılaşırsan: üslub səhvi, fikrin qeyri-dəqiqliyi, abzaslar arasında rabitəsizlik, ədəbi dilimizdə yad söz və ya ifadələrin işlənməsi, ədəbi dil normalarına əməl edilməməsi, hətta cümlənin sual, yoxsa nəqli cümlə olub-olmamasının bilinməməsi, cümlə üzvlərinin sırasının pozulması, nəticədə isə anlaşılmaz bir söz yığınının ortaya çıxması və sair və ilaxır...
Bütün bu dediklərimizin müqabilində bəzi söz yazarlarımıza xatırlatmaq istəyirik ki, dilin gücü, müasirliyi formanın yox, məzmunun sərbəstliyindədir. Yəni dilimizə zorla, “intiligentcəsinə” yad söz gətirmək qətiyyən müasirlik demək deyil. Mətbuatımızda, bəzi televiziya kanallarımızda işlənən sözləri, ifadələri, cümlələri eşitdikcə şüurumuzda belə bir sual formalaşır ki, “Əkinçi”nin, “Molla Nəsrəddin”in, “Həyat”ın, “Açıq söz”ün xələfləri tamaşaçılarla, dinləyicilərlə, oxucularla, ümumən Azərbaycan xalqı ilə hansı dildə danışırlar?
Əminik ki, ölkə rəhbərinin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam ana dilimizin qorunması, inkişafı, bu dildə vahidlik prinsipinin bərqərar olunması istiqamətində uğurlu nailiyyətlərin əldə olunması ilə nəticələnəcəkdir.
Səyyar MƏMMƏDOV