Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 60 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyində olmuşlar.
Mədəniyyət və Turizm Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Sarvan İbrahimov nazirliyin 60 ildə keçdiyi yol haqqında məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda mədəniyyətin xalqımızın həyatında və dövlətimizin fəaliyyətində mühüm sahəyə çevrilməsi, onun inkişaf və intibaha qovuşması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin, incəsənətin inkişafını təmin etmək, mədəni-maarif müəssisələrinin şəbəkələrini genişləndirmək, yeni muzey və mədəniyyət evləri, uşaq musiqi məktəbləri, teatr və kitabxanalar yaratmaq, mədəniyyət və incəsənət sahəsində çalışan insanların əməyini qiymətləndirmək istiqamətində çox mühüm işlər görülmüşdür. “Bu gün dahi rəhbərin bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyən nazir qeyd etmişdir ki, ölkə Prezidentinin mədəniyyət və turizm sahəsinə dair imzaladığı 200-dən çox fərman və sərəncam, təsdiq etdiyi Dövlət proqramları bunun əyani ifadəsidir.
Qeyd olunmuşdur ki, ümummilli liderimizin mədəniyyət və turizm sahəsində hazırladığı inkişaf strategiyası bu gün muxtar respublikamızda uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mədəniyyətimizə, incəsənətimizə və muxtar respublikada turizmin inkişafına göstərdiyi diqqət və qayğı bu ideyaların davamı kimi qiymətləndirilməlidir. Son 17 ildə 300-dən çox mədəniyyət və turizm obyektinin istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahədə gedən işlərin miqyasından xəbər verir.
Mədəniyyətlə, incəsənətlə və turizmlə bağlı muxtar respublikada görülən işlərdən söhbət açan Sarvan İbrahimov Ali Məclis Sədrinin imzaladığı çoxsaylı sərəncamlardan bəhs etmişdir. Bildirilmişdir ki, mədəniyyətin və incəsənətin əsas sahələri olan teatrın, musiqinin, təsviri incəsənət və xalq yaradıcılığının, tarixi abidələrin, muzey işinin öyrənilməsində, kitabxana və turizm müəssisələri ilə bağlı genişmiqyaslı işlərin görülməsində bu sərəncamlar mühüm əhəmiyyətə malikdir.
“Mədəniyyət sahəsində çalışan əməkdaşların əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir”, – deyən natiq bildirmişdir ki, bu əməkdaşlardan 200 nəfərdən çoxu Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, eləcə də Prezident mükafatı və təqaüdünə layiq görülmüş, orden və medallarla təltif edilmişlər.
Sonra Azərbaycan Respublikasının əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynov, nazirliyin əməkdaşı, baş məsləhətçisi Həsən Kərimov çıxış edərək kollektivi təbrik etmiş, mədəniyyətimizin inkişafı üçün varislik ənənələrindən, “Heydər Əliyev ili”nə mədəniyyət işçilərinin verəcəyi töhfələrdən danışmışlar.
Xəbərlər şöbəsi