Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli Sərəncamı və bu ilin muxtar respublikamızda “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq Naxçıvan Müəllimlər İnstitutunda silsilə tədbirlər həyata keçirilir.
Bu münasibətlə institutda ali təhsil ocağının təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Lətafət Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həs edilmiş dekorativ-tətbiqi sənət və kvilink janrı üzrə fərdi sərgisinin açılışı olmuşdur.
Tədbirdə çıxış edən institutun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, bu il institutun müstəqil fəaliyyətinin 10 ili tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan institut ötən illər ərzində bir sıra uğurlara imza atmışdır. Bu fərdi sərgi də həmin uğurlardan biridir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək vurğulamışdır ki, sərgisi təşkil olunan Lətafət Əliyevanın orijinal üslubda təqdim etdiyi bu əl işləri dekorativ tətbiqi sənət və kvilink janrının inkişafı sahəsində müasir ruhlu bir rəssamın yetişdiyindən xəbər verir. Bu isə onu göstərir ki, Naxçıvan Müəllimlər İnstitutunda təkcə rəsm müəllimi deyil, eyni zamanda gələcəyin rəssamları da yetişir.
Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinov, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, pedaqogika üzrə fəlsəfə doktoru, rəssam Mahir Xəlilov çıxış edərək fərdi sərgidə nümayiş etdirilən rəsm əsərləri haqqında fikirlərini bildirmişlər.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti