25 Dekabr 2024, Çərşənbə

Azərbaycan mifoloji düşüncəsində dərin köklərə bağlı olan Novruz bayramının yaşı olduqca qədimdir. Bu milli bayram xalqın bütün etnogenetik ənənəvi xüsusiyyətlərini tam aydınlığı ilə nümayiş etdirməkdədir. Azərbaycanda ənənəvi Novruz bayramına qədər bütün mövsümlərin xarakterini əks etdirəcək rituallar icra olunmuşdur. “Novruz bayramı” ifadəsi, ilk növbədə, mövsümlərin dəyişməsini, yazın gəlişini ağıllara gətirir. Bayrama qədər etnoqrafik ənənələr silsiləsi mövcuddur. Müasir insanın əsas hərəkət meyarı zaman və vaxt anlayışları ilə ölçülür. Bəs qədim zamanlarda əcdadlarımız illərin, günlərin, ayların yerini necə təyin edirdi? Əski xalq inanclarında təqvim təbii hadisələrin ardıcıllığı ilə izah olunurdu: Qışın axırıncı ayı el arasında “Ağlar-gülər”, “Boz ay”, “Alaçalpo”, “Çilləbeçələr” adlanır. Boz çillədə qışın yatıraraq dondurduğu təbiəti yaz dörd həftədə oyadır. Bütün əlamətlərinə görə xalq deyimləri ilə üst-üstə düşən çillələr insanları Novruz bayramına yaxınlaşdırır. 

Xalq arasında söylənən rəvayətə görə, qədim zamanlarda aylar çox imiş. İlin günlərini qarışdırmamaq üçün günlər aylara verilir. Hər aya 32 gün düşür. Payına 14 gün qalan boz ay da küsür. Ayların hər birindən bir gün alıb boz aya verirlər. 25 günlə də razılaşmayanda ayların yarısından bir gün alınır. Bununla da boz ay 31 gün olur. Ayların isə bəziləri 28-29, 30 gün olur. Bütün aylardan gün aldığından boz ay gah qışın soyuğunu, gah da ki yazın xarakterini özündə əks etdirir. Xalq arasında boz ay mövsümlərin ən şıltaq ayı hesab olunur. Dörd çərşənbə, yəni çilləbeçələr Naxçıvanda “əvvəl”, “quyruqlu”, “külə”, “axır çərşənbə” adları ilə bilinir.

Birinci, əvvəl, əzəl çərşənbədə su oyanır. Havanın sərtliyi bu oyanışı hiss etdirmir. Buna bəzi yerlərdə “yalan çərşənbə” də deyilir. Əski türk inanclarında yaradılışın ilki və başlanğıcı su ilə bağlıdır. Məlum olduğu kimi, yaranan bütün canlı varlıqların əsası su ilə bütövləşir.
İkinci çərşənbə od çərşənbəsi olaraq tanınmaqdadır. Bu zaman istilik və hərarət artmağa başlayır. Od-Günəş əski insanın mifoloji baxışlarında maraqla qarşılanan məfhumdur. Kosmoqonik miflərdə Günəş insanlaşdırılaraq qız kimi təsvir olunur.
Şərur bölgəsində qədimlərdə xalqın “Günəşbanı” adlı mərasim keçirdiyinə dair materiallar toplansa da, mərasimin sözlü nəğməsi unudulmuşdur. Kiçik, bəzəkli taxta üzərində qız uşağı oturdular və uşaqlar mahnı oxuya-oxuya qapıları gəzib pay yığarmışlar. “Günəşbanı bəzəmək” adlandırılan bu mərasim Novruz bayramı zamanı keçirilirmiş və Günəşin istiliyinin artmasını ifadə edirmiş.
Boz ayın külə və axır çərşənbələrində torpaq oyanır, külək yaz müjdəsi gətirir.
Ordubad bölgəsində “yeddiləvin” adı ilə tanınan ilin axır çərşənbəsi təntənəli şəkildə keçirilir. Bu bölgəyə xas adətlərin bir çoxu islamdan öncəki əski türk inamlarına bağlıdır və inamların milli ifadə tərzi bayramı müqəddəsləşdirən səbəb kimi görünməkdədir. Yerli sakinlərin söylədiyinə görə, keçmişdə Naxçıvanın bəzi bölgələrində bütün çərşənbələrdə od yandırarmışlar. Onlarla söhbət zamanı aydın oldu ki, dağlıq bölgələrdə yüksək təpələrdə od yandırılması şər qüvvələrin qovulması deməkdir. İlin son çərşənbəsi ilaxır ocaq çatmaqla, tonqallar yandırmaqla bayram edilir. Od ətrafında hamı yığılır və odun üzərindən atlanan zaman

       Atıl-ütül, çərşənbə,
       Çilləm tökül, çərşənbə,–
       subaylar isə
       Bəxtim açıl, çərşənbə,–

deyərlər.
Od üzərindən atlanmaq təmizlik və arınma anlamı daşıyır. İlaxır çərşənbədə ocaq yandırmaq soy artımına da işarədir. Hətta elindən, yurdundan köç etmiş ailələr belə, bu müqəddəs gündə ona məxsus evdə işıq yandırar, ocaq çatarlar. Çərşənbə ocağı öz-özünə sönməlidir. Səhər isə qadınlar ocağın külünü torpağa, ağacların üzərinə tökərək yüksək səslə “ağaclarım, bar gətir, ağaclarım, bar gətir”, – deyərlər. Burada ocaq inamının və yurd anlayışının izləri aydın görünməkdədir. İnama görə, ocağı su ilə söndürməzlər, yoxsa ocaq əyəsi adama zərər toxundurar.
Amma bütün bunlarla bayram bitmir. Sadəcə, bir neçə gündən sonra Novruz bayramı yenə böyük sevinclə qeyd olunur. Novruz bayramı yeni ilin başlanğıcı sayılır. Təqvim təbiətin oyanışı ilə hesablanır. Bayram süfrəsinin gözəlliyi səməni və yeddi cür çərəzdən (yeddiləvindən) hazırlanan xonçadır.
Canlı aləmdə gözlə görünənlərin hər birinin əyəsi olması inamı Naxçıvanın dağlıq Şahbuz, Ordubad, Culfa kimi bölgələrində inamlar şəklində ifadə olunur. İlin axır çərşənbə rituallarının bir çoxu buna bağlıdır. İnsanlar evlərinin qapısını və istifadə etdiyi əşyaları iki gün ərzində açıq saxlayırlar. Bu isə ölü təbiətin dirilərək canlılıq qazanması, insanların həyatına, evlərinə, əşyalarına da nüfuz etməsi deməkdir.
Ordubad rayonunda Novruz bayramına məxsus ayrıca “xanbəzəmə” oyunu da nümayiş etdirilir. Oyun ədalətli xan seçimi ilə başlayır. Xan ona ayrılan taxtında oturur, üç gün ərzində külli-ixtiyar sahibi olur. Xan camaatdan topladığı pullarla ehtiyacı olanlara, təzə evlənənlərə kömək edir. Xan pis insanlara cəza da verir. İnsanların üç gündə həyatlarını teatr kimi yaşaması, özünü qurduğu səhnədə həm oyunçu, həm də tamaşaçı kimi görməsi əyləncəli olmaqla bərabər, insanlararası dialoqda münasibətləri daha da yaxşılaşdırır. Göründüyü kimi, Naxçıvanda Novruz mərasimləri digər bölgələrimizlə müqayisədə özünəməxsus adət-ənənələri ilə keçirilir. Adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub saxlamaq baxımından Naxçıvan həmişə seçilib, fərqlənib. Qədim diyarımızın sakinləri milli kökə və adət-ənənələrə qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da el bayramımız olan Novruzu böyük sevinclə, təntənəli şəkildə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar. Min illərdir, olduğu kimi, Novruz ənənələri bundan sonra da yaşadılacaqdır.

Məhsəti İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR