25 Dekabr 2024, Çərşənbə

YUNESKO bəşəriyyətin sosial və mədəni inkişafında kitabın əvəzsiz rolunu qiymətləndirmək məqsədilə 1995-ci ildə 23 apreli “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan etmişdir. Bu gün 2001-ci ildən etibarən hər il ölkəmizdə də qeyd edilir.
Kitab və müəlliflik bir-biri ilə ayrılmaz əlaqədə, daimi təmasda olan və bir-birini tamamlayan məfhumlardır. Müəlliflik hüququ yaradıcılıq anlayışı ilə bağlıdır. Bu hüquq insan mədəniyyətinin və biliklərin uzaq keçmişindən bəhrələnən məhsuludur. Azərbaycanda kitab nəşrinin, eləcə də müəlliflik anlayışının tarixi çox qədimdir. Xalqımız tərəfindən yaradılan qədim əmək mahnıları, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvəllər şifahi formada yayılmış, sonralar isə daş, ağac, gil üzərinə köçürülərək bu günümüzə gəlib çatmışdır. Orta əsrlərdən başlayaraq görkəmli Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun ilkin səmərəli qorunma formasını yaratmışlar.

“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə kitab mədəniyyətinə, nəşriyyat işinə, kitabların yaradıcıları olan müəlliflərə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşri geniş vüsət almış, yaradıcı insanlar hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Müstəqillik illərində də dahi şəxsiyyətin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər həyata keçirilmiş, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ölkəmiz “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq, geniş beynəlxalq əməkdaşlığa da başlamışdır.
Bu gün Azərbaycanda kitab nəşri və kitabxanaların fəaliyyətinin gücləndirilməsi, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində ardıcıl işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar görülən işlərin miqyasını daha da genişləndirmişdir. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən də mühüm tədbirlər görülür. Son illər fond tərəfindən tariximiz, mədəniyyətimiz, xalq yaradıcılığımız, musiqimiz, xalçalarımız, muğamlarımız, bir sözlə, mədəni irsimizlə bağlı nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirdir. Aparılan işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Son illər Azərbaycan yazıçılarının əsərlərinin beynəlxalq kitab yarmarkalarında, sərgilərdə nümayiş olunması da bu sahədə əldə olunan müsbət nəticələrdən xəbər verir.
Demokratik hüquqi dövlət quruculuğunda əqli mülkiyyət və müəlliflik hüququnun qorunması vacib amildir. Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində qeyd olunur ki, “Hər kəsin əqli mülkiyyət hüququ vardır və müəlliflik hüququ qanunla qorunur”. Əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və proqramlar hazırlamaq, onların icrasını təmin etmək məqsədilə ölkəmizdə Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Agent­liyə müraciət edən hər bir yaradıcı şəxsə öz əsərlərini elektron daşıyıcıda qeydiyyatdan keçirmək, dövlət reyestrinə daxil etmək, kom­pyuterdə saxlamaq və arxivləşdirmək imkanı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunması istiqamətində görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Son illər kitabxanalarımızın təmir olunması, yeni inşa olunmuş binalara köçürülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin edilərək istifadəyə verilməsi kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulmuş, Naxçıvan Dövlət Universitetində Elektron kitabxana istifadəyə verilmiş, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamışdır.
Muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, nəşr olunan 356 mindən artıq elmi və bədii ədəbiyyat muxtar respublikanın kitabxanalarına paylanmışdır. İstər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işinin müasir tələblər səviyyəsində qurulması insanların kitaba olan marağını artırmışdır. Ötən il Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbiri keçirilmiş, bu mədəniyyət ocağının elektron kitabxanasının təqdimatı olmuşdur. Artıq oxucular istənilən vaxt kitabxananın internet saytına daxil olaraq ədəbiyyatlardan istifadə edə bilərlər.
Son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” və bu qəbildən olan digər yüzlərlə kitab tariximizin, mədəniyyətimizin, milli dəyərlərimizin qorunması baxımından əvəz­edilməz elmi mənbələrdir. Bütün bunlar muxtar respublikada kitab nəşrinin inkişafından xəbər verir.

Filosofların fikrinə görə, bəşəriyyətin elmi və mədəni intibahı insanların yaradıcı təfəkkürünün məhsuludur. Bu mənada Ümumdünya Kitab və Müəllif Hüquqları Günü hər kəsin diqqətini elm mənbəyi olan kitabların nəşrinə və onların müəllif hüquqlarının qorunmasına cəlb etməlidir. Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, İslam Səfərli və digər görkəmli yaradıcı şəxsiyyətlər bəxş edən Naxçıvan torpağında əqli mülkiyyət yaradıcılarının hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr bu gün də davam və inkişaf etdirilir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR