25 Dekabr 2024, Çərşənbə

Naxçıvan deyəndə göz önünə, adətən, Haçadağ və Möminə xatın türbəsi gəlir. Bu abidələr qədim diyara ilk dəfə səfər edən hər kəsə sanki bir ev sahibi kimi “xoş gəldin” deyir. Haçadağ əgər təbiətin möcüzəsidirsə, Möminə xatın Naxçıvanın insanlarının, onu sevən övladlarının bizə yadigarıdır. Hələ 1990-cı illərin əvvəllərində ermənilər Naxçıvana hücum edəndə bir ağsaqqal arxayınlıqla “Qorxmayın, bala! Naxçıvanı Allah özü qoruyur. Çünki Əshabi-Kəhf, Nuh nəbinin ayaq basdığı Gəmiqaya kimi müqəddəs yerlər var burda. Ona görə də heç vaxt bu yerlərdə düşmən at oynada bilməz”, – demişdi. Naxçıvanı Tanrı qoruyur, naxçıvanlılar isə öz abidələrini – bu, o zaman mənim ağlıma gələn ilk fikir oldu. 

Naxçıvan abidələri, sözün əsl mənasında, naxçıvanlıların, Naxçıvan tarixinin daş pasportudur. 800 il bundan əvvəl Əcəmi əllərində naxışa dönən kərpiclərdən ucalan Möminə xatın türbəsi qadına olan sevgi, məhəbbət və ehtiramın ən böyük nümunəsidir. Daşdan işlənən şəbəkə, yazılan “Quran” ayələrinin sayı və ölçüsü baxımından da abidə orijinaldır. Mütəxəssislərin hesablamalarına görə, daşla yazılan hərflərin ümumi uzunluğu 600 metrdən çoxdur.

Ondan 20 il əvvəl inşa edilən Yusif Küseyir oğlu türbəsi isə o zaman dünyanı dolanan sufi dərvişlərin, Tanrı sevgisindən bəhrələnərək insana məhəbbəti hər şeydən üstün bilən ruhanilərin əbədi simvoludur. Dünyanın bir çox yerlərində oxşarı olan, əsasən də, Yaxın Şərq və Orta Asiyada təsadüf edilən belə məzmunlu abidələr memarlıq tarixinə Naxçıvan məktəbinin nümunələri kimi düşüb. Təbii ki, hər iki abidə orta əsrlərdə Naxçıvanda inşa edilən və bizə qədər salamat qalan nümunələrdir. Bu abidələrə görə Əcəmini Naxçıvan memarlıq məktəbinin banisi sayırdılar. Ancaq son illər Naxçıvanda dövlətin qayğısı ilə yenidən bərpa edilən Nuhun məzarüstü türbəsi bəzi məqamlara aydınlıq gətirdi. Belə ki, Naxçıvan şəhərindəki “Qədim Qala”nın ərazisində qalıqları Sovet hakimiyyətinin ilk illərinə qədər qalan Nuhun məzarüstü türbəsinin yeri qazılan zaman oradan çıxan kərpiclər və daş şəbəkə naxışlarının nisbətən üzdə olanlarının 15-16-cı əsrə, daha dərindən tapılanların isə 8-ci əsrə aid olduğu dəqiqləşdi. Mütəxəssislərin rəyinə görə, abidənin inşası ən azı 8-ci əsrə aiddir. 15-16-cı əsrlərdə isə abidə yenidən bərpa olunub. Tapılan bu naxışlar sənətkarlıq baxımından bir-birinə oxşasa da, Əcəmidən azı 400-500 il əvvələ gedib çıxır. 
Məntiqi nəticə isə aydındır: Əcəmi Naxçıvani Naxçıvan memarlıq məktəbinin banisi deyil, onun zirvə nöqtəsidir. Yəni Əcəmi bu məktəbin əvəzedilməz ustasıdır. Məktəbin tarixi isə 6-7-ci əsrlərdən başlayır. Hətta, bəlkə də, daha qədimə gedib çıxır. Bu dediklərimə səbəb Naxçıvanda indi də qalıqları qalan və yaşı 2 min ildən artıq olan qalaların xüsusi sənətkarlıqla inşa edilməsidir. Bütün bunları mənə bir zaman həmsöhbət olduğum, bərpa edilən Nuh peyğəmbərin məzarüstü türbəsinin memarı, Naxçıvan Muxtar Respublikasının əməkdar memarı mərhum Azər Nəsirli danışıb (Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi 2007-2008-ci illərdə inşa edilib, hündürlüyü 15 metr 50 sm, eni isə 7 metr 50 sm-dir).
Azər Nəsirli peşəkar memar idi. Orta Asiyada, ölkəmizin müxtəlif yerlərində, o cümlədən Naxçıvandakı qədim abidələrin bir çoxunun bərpasında mütəxəssis kimi iştirak etmişdi. Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpasında işləyən zaman danışırdı ki, bərpa vaxtı istifadə edilən daş naxışların ancaq bir hissəsi salamat qalmışdı. O qədər məharətlə və ustalıqla işlənmişdi ki, eskizlərin hazırlanmasında bir santimetr səhv edəndə bucaqların sayı ya azalır, ya da artırdı. Naxçıvan memarlıq məktəbində istifadə edilən istər naxışlarda, istərsə də ornamentlərdə bucaqların sayı həmişə cüt olub. Daha çox 8 bucaqdan istifadə edilib. Bu isə ənənəvi, milli memarlıq üslubudur. Nuh peyğəmbərin məzarüstü türbəsi elə bərpa edilib ki, onu insan əli dağıtmasa, bu abidə 100, hətta 200 il təmir edilmədən yaşaya bilər.
Türbə Naxçıvan memarlıq məktəbinin texnologiyası və üslubu əsasında bərpa edilib. Bərpa zamanı ancaq yerli materiallardan istifadə olunub. Bir sözlə, 21-ci əsrdə də yüz illərin qarına, yağışına davam gətirən abidə inşa etmək mümkündür. Sadəcə, milli memarlıq xüsusiyyətlərinə ciddi riayət edilməlidir.
O vaxt peşəkar memardan maraq üçün ermənilərin abidələri və bu sahədə ənənələri barədə soruşdum. Belə cavab verdi: “Fikir vermisənmi, ermənilər ancaq kilsə və xaçkarları ilə öyünürlər. Kilsələr onlardan əvvəl xristianlığı qəbul etmiş xalqlara aiddir. Xaçkarlar isə köklü mədəniyyət deyil. O daşı arabaya qoyub dünyanın istənilən yerinə aparmaq olar. Orada basdırıb, “bura aiddir” demək olar. Ən əsası odur ki, onların qədim dövrə aid nə karvansarası, nə hamam­ları, nə də körpüləri var. İndiki Ermənistan ərazisində olan hamamlar, karvansaralar və körpülər bizimdir və memarlıq məktəbimizə aiddir. Bir-birinə oxşayan kilsə və üzərinə xaç şəkli işlənən daşla tarixdə özünü sübut edə bilməzsən”.

 Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR