Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirmişdir ki, YUNESKO-nun 1995-ci il tarixli qərarı ilə 1996-cı ildən hər il aprel ayının 23-ü bütün dünyada “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd kitabın bəşər mədəniyyətinin inkişafında oynadığı rola diqqət çəkməkdir. Kitabxana direktoru vurğulamışdır ki, kitab əsrlər boyu xalqlar arasında mədəni əlaqələrin qurulmasında böyük rol oynamış, bəşəriyyətə humanizm və intibah carçısı kimi xidmət etmişdir.
Kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova əlamətdar günlə bağlı məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanda kitab mədəniyyətinin çoxəsrlik tarixinə toxunulmuş, kitabın xalqımızın mənəvi-ictimai həyatındakı əvəzsiz rolundan bəhs olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev çıxışında kitabın həyatımızın müxtəlif sahələrinə dair bilik mənbəyi, həmçinin bu bilik və elm xəzinəsini bu günə daşıyan əvəzsiz vasitə olmasından danışmışdır.
Kitabxananın əməkdaşı Minayə Nəbisoy çıxış edərək kitabı bəşəriyyətin ən dəyərli kəşfi kimi qiymətləndirmişdir. Vurğulanmışdır ki, kitablar insanların maariflənməsində və savadlanmasında, tarixi minilliklərlə ölçülən adət-ənənələrin yaşadılmasında misilsiz bir xəzinədir.
Kitabxanaçı Vəsilə Cəfərova çıxışında Azərbaycanda müəllif hüquq sisteminin tətbiqindən danışaraq bu sistemin Azərbaycanda yaradıcısının xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin təsdiq etdiyi “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin tənzimlənməsində böyük rol oynamışdır. Azərbaycan Respublikası 1996-cı ildən bu sahədə beynəlxalq konvensiyalara qoşulmuş, ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmışdır.
Tədbirin sonunda yeni kitabların nümayiş etdirildiyi sərgiyə baxış olmuşdur.
Əli RZAYEV