Qışın soyuq keçən günlərini bir-bir sayaraq, nəhayət ki, mavi səmadan pəncərəmizə düşən bir yaz Günəşinin təravəti ilə sanki yuxudan ayılırıq: yurdumuza yaz gəlir! Belə bir gündə gözəl kəlmələrlə deyilən hər söz, edilən hər bir nəsihət, göstərilən qonaqpərvərlik insanları Günəşin mehrindən də artıq isidən, bu dünyada yaxşılıq etməyə, halal zəhmətlə yaşamağa və qarşılıqlı sevgiyə qovuşmağa çağıran bir xalq hikməti, Novruz bərəkətidir.
İnsan təbiəti çox həssas olduğu kimi, tələbatları da çox dərindir. O, sadəcə, bir canlı kimi deyil, həm də ali bir sosial varlıq kimi yaşadıqca həyatının hər anının, yaşadığı hər günün bir dəyəri, qiyməti vardır. İnkişaf edən iqtisadiyyat, yeni texnologiya hər nə qədər cəmiyyətin sürətlə dəyişən mədəni tələbatlarını qovalasa da, elə bil yenə də hansısa gizli qüvvə insanları torpağın, suyun, havanın bərəkətinə bir daha əl açmağa, hər şeyə yenidən başlamağa məcbur edir. Bu mənada, təbiətlə birgə oyanıb hamıdan qabaqda olmağa, qonaq-qaranın qabağına geniş süfrə ilə çıxmağa çalışan hər bir insan üçün Novruz bayramı yeni bir həyatın başlanğıcı, yaz bərəkətidir.
Bütün fəsillər gözəldir, yaxşı yaz havasına isə söz ola bilməz. Bir çoxlarımız, bəlkə də, iqtisadi baxımdan payızı çox bəyənirik. Bazarın bolluğu, ucuzluğu və sair. Bəzən elə olur ki, payızda məhsul aşıb-daşır, onu erkən gələn qar-şaxtalara qədər toplaya bilmirik. Bu ruzini vaxtında toplayıb qışa saxlamaq üçün qonaq getmək nədir, heç bir saat dincəlməyə də vaxt yoxdur. Qışda da ki, məlum qar-çovğun, iş-güc. İnşallah, yaz gələndə, Novruzda çıxarıq bütün böyüklərin ziyarətinə, dostların qapısını döyərik, – deyirik. Onu da deyim ki, hamımız hədiyyə vermək kimi hədiyyə qəbul etməyin zövqünü yaşamaq qədər qonaq getməklə, qonaq qəbul etməyi də xoşlayırıq. Təkcə bunu və azərbaycanlıların minilliklərdən gələn milli qonaqpərvərliyində yaşayan digər elementləri yada salsaq, qışın qalın qarından silkinib təzəcə çıxmış insanaların yeni bir yaz günündə təmtəraqlı evinin, geyim-keçiminin, zəngin süfrəsinin haradan bərəkət bağladığını görürük. Təbiətin qış yuxusundan canlanıb bayram etməsinə fərəhlənən nənələrin sandıqları, boğçaları açılır, qız-gəlinlər yeni dəb üçün bahalı mağazalara üz tutur, cavanlar oğrun-oğrun qızıl-gümüş qaralayır, dükan-bazarlar payızdakından daha bolluq içində gəlhagəl deyir. Ailəlikcə alış-verişə çıxan yerli camaata bir də dünyanın dörd bir yanından yurdlarına dönüb, böyüklərin ziyarətinə gəlmiş soydaşlarımızın axını əlavə olunduqda əsl Novruz bərəkəti elə öz cibimizdə, halal qazancımızdaymış, deyə düşünürsən.
İqtisadi inkişafın müəyyən dalğalı mərhələləri vardır. Bəzən belə dalğalanmalar kimsənin gözləmədiyi qiymət dəyişmələri kimi bir sıra digər iqtisadi hadisələrdən, təbii amillərdən və bayram ərəfəsi gözlənilən canlanmalardan yaranır. Onu da qeyd edək ki, bir sıra hadisələr tamamilə gözlənilməz olsa da, hamı, hətta dördyaşlı balacalar da Novruzun nə zaman gələcəyini yaxşı bilir. Yəni bayramın vaxtını proqnoz etməyə ehtiyac yoxdur. Ancaq bayram günü işini düzgün qurub, yaxşı xidmətlər göstərib, yaxşı gəlir də əldə etmək isə digər vaxtlarla müqayisədə daha düzgün planlaşdırma və proqnozlaşdırma tələb edir. Bir çox xidmət və ticarət sahələri üçün bu, bir növ, işə yekunvurma, yeni mövsümə başlanğıc dövrüdür. Novruz bayramında əhalinin artan istehlak tələbatı, ziyarət və gəzinti məqsədilə səfərlərin sayının çoxalması və pərakəndə satışların həcminin yüksəlməsi müəyyən mövsümi səbəblərdən durğunluq dövrü keçirən sahələrin işinin canlandırılması və onlara birbaşa sərmayə yönəldilməsi üçün əsl fürsət dövrüdür. Ona görə də Novruz bayramına təkcə azərbaycanlıların yaddaşından minillik süzülüb gələn xalq şənliyi, təbiətin oyanması, sülh, əmin-amanlıq və dostluq bayramı deyil, eyni zamanda əsl bolluq, bərəkət bayramı deyənlər tamamilə haqlıdırlar.
Qazancınız bol, süfrəniz bərəkətli olsun!
Əli CABBAROV