25 Dekabr 2024, Çərşənbə

Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözü, nə bir nəğməsi yazıya alınıb. Ulu qaynaqlardan süzülüb gələn bir-birindən oynaq, şux, lətafətli bu bayram nəğmələri, ilkin görüş və təsəvvürlərlə bağlı ayinlər, etiqadlar, adət-ənənələr, mərasimlər, tamaşalar nəsillərin yaddaşında yaşayaraq əsrlər, qərinələr aşmış, gəlib bu günümüzə çatmışdır. Yüzilliklər dolabında bu el sözü və nəğmələrinin nəqşi pozulanı da olub, bəndi unudulanı da. Lakin xalq coşqun bir yaradıcılıqla nəğməsinin pozulmuş ahəngini, unudulmuş bəndini cilalamış, bayramlarını rəngarəng oyunlar, açıq havada keçirilən meydan tamaşaları, yallı və rəqslərlə bəzəmişdir.
Ta qədimdən insanlar onlara həyat verən dörd ünsürün – su, od, hava və torpağın oyanmasını əlamətdar hadisə hesab etmiş və onun şəninə mərasimlər, ayinlər yaratmışlar. Bununla əlaqədar xalq hər çərşənbəni bir təbiət ünsürü ilə əlaqələndirmiş və Novruz bayramına dörd həftə qalmış həmin mərasimlərin icrasına başlamışdır.

Çərşənbələrdən sonra ellikcə özünəməxsus mərasim və tamaşalarla, adət və ənənələrlə qədim, dünya yaşıdı el bayramı – Novruz qeyd edilir. Novruza hazırlıq ərəfəsində və yazın gəlişinin ilk günü cıdır tamaşaları göstərilərdi ki, bu tamaşaların icraçıları igid, cəngavər cavanlar olardı. Cavanlar arasında yaxşı at çapmaq igidlik hesab edilərdi. Yaxşı at çapanların tamaşasına bütün elat yığılardı. Cıdırda qalib gələnə el içində böyük ehtiram bəslənilərdi.
Novruz bayramı günlərində keçirilən cıdıra hazırlıq hələ kiçik çillədən başlanır. Deyirdilər ki, kiçik çillənin ilk gününün sübh vaxtında suvarılan at cıdırda dala qalmazmış.
Cıdırqabağı atlar nallanar, təmizlənər və bəzədilərdi. Bu bəzəklər, əsasən, xüsusi yüyənlərdən, qotazlı, saçaqlı, hər elatın özünəməxsus naxışlı yəhərüstü toxumalarından ibarət olardı. Həmin bəzəyi görən kimi bilinərdi ki, bu at və onun çaparı hansı tayfadan, hansı elatdandır. Cıdır atının əsas bəzək rəngi qırmızı idi.
Qaçış çay kənarında, düzən yerlərdə keçirilərdi. Cıdıra çıxan cavanlar özləri də xüsusi paltarlar geyərdilər.
Cıdır zamanı zurna, balaban, qaval çalınar, tüfənglər atılardı.
Cıdır tamaşaları atçapma ilə başlanardı. Atçapma qurtardıqdan sonra atoynatma başlayardı. Atoynatma xüsusi məharət tələb edən bir igidlik hesab olunardı. Bu tamaşalar əsnasında cavanlar – oğlan və qızlar bir-birlərinə könül verərdilər. Hətta bir qıza elçi gedəndə elçi göndərən oğlan qızın ailəsinə “filan cıdırda belə at çapan, belə at oynadan oğlandır”, – deyə tanıdılardı.
Cıdır tamaşalarını daha maraqlı etmək üçün cıdırçılardan sonra oxatanlar meydana çıxardı. Oxatanlar at üstündə at çapa-çapa hədəfi nişan almağa çalışardılar. Oxlar da üstündəki naxışlarla seçilərdi. At üstündə ox atanlar da müxtəlif oyunlar göstərərdilər: qırx oxu bir həlqədən keçirmək, göyə atılmış almanı havada vurmaq oxatanların məharətini göstərən nümunələrdən olardı.
Cıdır tamaşasında oxatanlar içərisində bəzən kişi paltarı geyinmiş qızlar da olardı.
Cıdır tamaşaları, əsasən, Vətənimizin Qarabağ mahalının Novruz bayramında icra olunan adətləri sırasına daxildir. Lakin digər regionlarımızda da bu tamaşalar yaşamaqdadır. Muxtar respublikanın Ordubad rayonunun Tivi kəndində Cıdır tamaşaları bu gün də Novruz şənliklərinin ən istəkli mərasimlərindəndir.
“Cıdır” mərasimində rayonun Xurs, Nürgüt, Nəsirvaz, Bist, Tivi və Parağa kəndlərinin cavan çaparları qara zurnanın sədaları altında bir-birləri ilə yarışırlar. Kütləvi cıdırdan sonra fərqlənən çaparlardan bir neçəsi sərt yoxuşlu yollarla “Haça” deyilən təpəyə qədər çapırlar. Təpəyə ən tez çatan ilk üç at və onların sahibləri qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Mərasimdən sonra qonşu kəndlərdən gələn qonaqlar müxtəlif nemətlərlə dolu Novruz süfrəsinə dəvər edilir, birlikdə Novruz nemətlərindən dadırlar.

M.MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR