25 Dekabr 2024, Çərşənbə

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli (1923-1974) şeirlərini, əsasən, heca vəznində yazmış, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şerində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şerinin “qoca vəzni” olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan “el malı”na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə “Azərbaycan şerinin ahəngi” adlandırdığı heca vəznli şerin və bu vəzndə XX əsrdə dillər əzbəri olan poeziya nümunələrini yaratmış Səməd Vurğun məktəbi ənənəsinin əbədiliyinə inamını ifadə etmişdir. İslam Səfərlinin ədəbi aləmdə ilk addımlarını atmasında və tanıdılmasında da Xalq şairi Səməd Vurğunun böyük rolu olmuşdur.

Yazıçı dostu Azərbaycan Dövlət Universitetində onunla birlikdə təhsil almış Əlfi Qasımovun xatirələrində deyilir ki, “İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdir... Üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. ...O, xitabət kürsüsünə qartal kimi sinə gərib, müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı... Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi: – Hanı o mənə oxşayan qara İslam?
– Buradayam, Səməd müəllim.
...– Yazıçılar İttifaqında keçən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?

...Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb “Beşik başında” şerini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi”.
Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləmişdir. Əvvəla, o, mövcud şeir məktəbi məkanında oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarmışdır. İkincisi, İslam Səfərli şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın “öz rəngini, boyasını” ifadə etməyə çalışmışdır. Üçüncüsü, İslam Səfərli şeirlərinə qanadlı, uca fikirlərdən çox dərin bir insani səmimiyyət gətirməyi zəruri saymışdır. Şair bu qənaətə gəlmişdi: “Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa”. Ədəbiyyatşünaslıqda da İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb etmişdir. Vaxtilə professor Əkbər Ağayev yazmışdı: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”. Fikrimizcə, şeir kitablarından birini “Həyatın nəfəsi” adlandırması da təsadüfi olmayıb, İslam Səfərlinin yaradıcılığında gedən proseslərin real nəticəsidir. Həmin yaradıcılıq proseslərinin, yəni romantik pafosdan təbii lirikaya doğru inkişaf edən meyillərin sayəsində İslam Səfərlinin şeirlərində tədricən ümumi şəkildə ifadə olunan tərənnümü obrazlı düşüncələr əvəz etmişdir. Doğrusu, o, daha çox tərənnümlə obrazlı düşüncəni, lirizmi çarpazlaşdırmağa üstünlük vermişdir. Buna görə də İslam Səfərlinin şeirlərində tərənnüm meyilləri ilə yanaşı, düşüncə faktoru və obrazlı söz demək səyləri qüvvətlənmişdir:

             Bakı – şəhərim mənim,
             Xəzər – bulağım mənim,
             Dağlar – hünərim mənim,
             Günəş – bayrağım mənim,
             Dünyada nə qəmim var.

Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, İslam Səfərli yaradıcılığında romantik pafosdan, ümumi tərənnümdən lirizmə keçid çox da uzun sürməyən qısa müddət ərzində baş vermişdir. Doğrudur, romantik meyilli tərənnümçülük şairin yaradıcılığının bütün dövrlərində müşahidə olunur. Fikrimizcə, bu həm də onun yaşadığı epoxanın özünün ideoloji pafosundan doğur. Cəmiyyətin tələbindən gələn sosial sifarişin ifadəsi olaraq yazılan şeirlərin pafos olmadan o dövrün ədəbi-ictimai mühiti səviyyəsinə çıxarılması çətin idi. Lakin İslam Səfərlinin yaradıcılığında həmin qəbildən olan şeirlər ön mövqedə görünsə də, çoxluq təşkil etməmişdir. İctimai məzmunlu romantik pafosla ifadə olunan şeirləri ilə ədəbi mühitdə “sayrışan ulduzlar” kimi zəruri məqamlarda ara-sıra görünən İslam Səfərli üstünlük verdiyi lirik şeirlərini yazmağa rahat bir imkan formalaşdıra bilmişdir. O, ictimai mühitdə ümumi tərənnümdən doğan romantik pafoslu şeirləri ilə iştirak etmiş, ədəbi aləmdə isə nəğmə təsiri bağışlayan yaddaqalan, təbii və təsirli lirika nümunələri ilə dərin izlər salmışdır. Xüsusən şəxsiyyətə pərəstiş dövrünün cəmiyyətdə aradan qalxması, siyasi iqlimin yumşalması İslam Səfərlinin yaradıcılığındakı lirizm meyillərinin sürətlə inkişaf etməsinə böyük təkan vermişdir. Beləliklə, XX əsrin əllinci illərinin ikinci yarısından etibarən İslam Səfərlinin yaradıcılığında lirizm qüvvətlənmiş, lirika üstünlük təşkil etmişdir.
“Üçüncü hərb istəmirik” şeri nəğməkar şair kimi tanınan İslam Səfərlinin cəmiyyət məsələlərinə münasibətdə də, bəşəri mövzulardan söz açanda da dərin ictimai mətləbləri lirik tərzdə ifadə etmək səviyyəsində geniş dünyagörüşə malik olduğunu göstərən əhəmiyyətli bir sənət nümunəsidir. Aktuallığını bu gün də qoruyub saxlayan “Üçüncü hərb istəmirik” şeri, bütövlükdə, müharibə əleyhinə yazılmış himn kimi səslənir:

             Birincidə
             Ağır həyat sürmüşük biz.
             İkincidə
             Min bir dəhşət görmüşük biz.
             Biz palıdıq,
             İndi daha tunc olmuşuq.
             Biz poladıq.
             Üçüncü hərb
             İstəmirik!
             İstəmirik!

Beləliklə, romantik pafos və lirizm İslam Səfərli şerinin özünəməxsusluğunu müəyyən edir. Hətta bir çox hallarda şairin ictimai motivlərə həsr edilmiş şeirlərində obrazlı düşüncə tərzinin, lirizmin romantik pafosu üstələdiyi məqamlar ağırlıq təşkil edir. İctimai ruhlu “Mənə qalan bu olacaq” şerində İslam Səfərlinin Vətən torpağı ilə ünsiyyəti seçilmiş poetik detallar, obrazlı düşüncə və böyük səmimiyyət vasitəsilə tərənnüm edilmişdir. Romantik pafoslu poetik nümunələrdən kamil lirika nümunələri olan şeirlərinədək keçdiyi təkamül prosesi İslam Səfərlini Azərbaycan lirikasının görkəmli yaradıcılarından biri səviyyəsinə çatdırmışdır.
İslam Səfərlinin yaradıcılığında Azərbaycanın poetik xəritəsi canlandırılmışdır. Şairin yaradıcılığında Bakıya və Xəzərə həsr olunmuş şeirlər geniş yer tutur. İslam Səfərlinin “Bakı, sabahın xeyir” şeri ritminə və ahənginə görə asanlıqla mahnıya çevrilmişdir. “Bakı, sabahın xeyir” Bakı haqqındakı mahnıların zirvəsində dayanır. Ötən yarım əsr ərzində paytaxtımıza həsr olunmuş bu səviyyədə mahnı və şeir meydana çıxmamışdır. Görkəmli bəstəkar Emin Sabitoğlunun bənzərsiz axıcı musiqisinin, məşhur müğənni Şövkət Ələkbərovanın ecazkar səsinin və İslam Səfərlinin mükəmməl lirik şerinin vəhdəti “Bakı, sabahın xeyir” mahnısını poeziyamızın və musiqi mədəniyyətimizin nadir bədii sərvətinə çevirmişdir. “Bakı, sabahın xeyir” şerimizdə də, musiqimizdə də əbədi yaşamaq haqqı qazanmışdır:

             Qayıdıb xoş güzərdən,
             Günəş qalxır Xəzərdən.
             Sevgilim keçən yerdən
             Bütün şəhər yeriyir,
             Bakı, sabahın xeyir!
             Hörükləri qaradır,
             Qaşları ayparadır,
             O, bir aləm yaradır,
             Hamı ürəkdən deyir:
             Bakı, sabahın xeyir!

Ümumiyyətlə, İslam Səfərli Azərbaycan şerinin Xəzər silsiləsini yaratmışdır. Onun şeirlərində Xəzərin özünəməxsus poetik obrazı canlandırılmışdır. İslam Səfərlinin Xəzər silsiləsindən olan şeirlərində və mahnılarında Xəzərin səsi, pıçıltısı eşidilir. İslam Səfərli “Pıçıldaşın, ləpələr”, “Ay öpüşən, dalğalar”, “Dəniz” mahnıları ilə musiqimizin Xəzər romansını yazmışdır. İslam Səfərlinin “Xəzərim” şeri Azərbaycan poeziyasında Xəzər haqqında yazılan şeirlərin şahıdır. Şeirdəki “ulduzlar xalınmıdır, gecələr, dalğalar yalınmıdır, gecələr” misralarındakı təşbehlər İslam Səfərliyə məxsus bədii kəşflərdir.
Suları qırçın, ləpələri göyərçin və qağayı, ağ dalğası – ağ ayı kimi orijinal bənzətmələrlə tərənnüm edilən Xəzərin İslam Səfərlinin təqdimatında xüsusi bir görkəmi vardır:

             Demə qoca Narginim qaladı,
             Dəniz mənzərəsində o taladı.
             Mayakların qızarır nar kimi,
             Sinən necə soyuqdur qar kimi:
             Ağ dalğan – ağ ayıdır, Xəzərim,
             Hər ləpən qağayıdır, Xəzərim.

İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. Tərəddüd etmədən demək olar ki, son yarım əsrdən artıq dövrdə ayrı-ayrı şairlər tərəfindən Naxçıvan mövzusunda bir neçə fərqli uğurlu bədii nümunənin yaradılmasına baxmayaraq, şerimizdə Naxçıvan silsiləsinin yaradılmasında İslam Səfərli birinciliyi və ən uca zirvəni fəth etmiş sənətkar olaraq qalır. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış iyirmidən çox şerində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə əks etdirilmişdir. İslam Səfərli üçün ata-baba yurdu Naxçıvan ilk dəfə rübabını kökləməyə başladığı, ona ilham bəxş etmiş Nəqşi-Cahandır. Şair bütün ruhu ilə bu torpağa bağlıdır, ömrü boyu bu torpaqda kəsdiyi duz-çörəkdən qüvvət almışdır. Naxçıvanın Azərbaycanın tarixində və taleyindəki yeri və mövqeyi, diyarın yetirmələrinin xidmətləri, bu coğrafiyanın insanlarının “düz ilqarlı” möhkəm mənəvi dəyərləri, “od çaxarlı” təbiəti İslam Səfərlinin Naxçıvannaməsində bütün təbiiliyi və daşıdığı mənaları ilə bir yerdə ilhamla vəsf olunmuşdur. Fikrimizcə, İslam Səfərlinin yarım əsr bundan əvvəl yazılmış “Naxçıvanım” şeri Azərbaycan şerinin Naxçıvannaməsinin dəyirman daşı olaraq “işini” davam etdirir. Hətta həmin mövzuda yazılmış ən yaxşı şeirlər də bu dəyirman daşının pəri ətrafında fırlanmaqdadır. Hələ ki, şerimiz Xəzər mövzusunda olduğu kimi, Naxçıvan mövzusunda da İslam Səfərli zirvəsini aşa bilməmişdir. Bütün bunlara görə İslam Səfərlinin “Naxçıvanım” şeri Azərbaycan şerində Naxçıvanın poetik pasportu olaraq yaşayır:

             Çöllərindən keçən mənəm,
             Söz qoşmamış keçənmənəm,
             Sularından içən mənəm,
             Mənim barlı Naxçıvanım,
             Xoş baharlı Naxçıvanım.
             ...Gör nə çalır könül simi:
             Şerə verdim mən eşqimi.
             Mirzə Cəlil, Bəhruz kimi,
             Sənətkarlı Naxçıvanım.
             Xoş baharlı Naxçıvanım.

İslam Səfərlinin Naxçıvan silsiləsində qayalarda “daş cığırlar açan” Qızlar bulağı, hər kərpicində tariximizin sözü yazılan qədim Gilan şəhəri, Narzan suyu kimi qiymətli olan Badamlı, “aran meşəsi” Xalxal, “almaz dalğalı, gümüş ləpəli” Araz çayı, göy tarlalı Şərur, dalğalarla qucaqlaşan Arpaçay, qayaların zirvəsində dayanan, özü daş, heykəli daş olan – “Gəlin daş” “böyük aləm” sandığı doğulduğu Şəkərabad kəndi tam mahiyyəti və təbiəti ilə şerə gətirilmişdir. Bu şeirlərdəki təbiilik və dərinlik həmin yerlərin hər birinin adını, mənasını, görünüşünü, dəyərini şerin dili ilə real və obrazlı şəkildə ifadə etməyə imkan yaratmışdır. Fikrimizcə, “Naxçıvanın duzu, qızı, qarpızı” ifadələri də İslam Səfərlinin eyniadlı şerindən sonra zərbi-məsələ çevrilmişdir. Arazüstü diyarın Şərur adlı elini də vəsf edən İslam Səfərlinin “Azərbaycan torpağının bərəkətli guşəsi”, “Şərqin polad qapısında” ölkəmizin səsi kimi mənalandırdığı bu diyar haqqındakı “Naxçıvanın Şəruru var, Şərurun da qüruru var” misraları ümumiləşmiş müdrik kəlamlardır. Məşhur mərcangözlü Batabat yaylağı haqqında da ən əlçatmaz şeir İslam Səfərli tərəfindən yazılmışdır. Bu, Batabat haqqında şeirdən çox, şeirdə Batabatın özüdür:

             Bulaqların bir səmtədir axarı,
             Salvartının xoş görünür baxarı,
             Biçənəkdən at səyirdib yuxarı
             Yalmanına yata-yata gəlmişəm,
             Mərcangözlü Batabata gəlmişəm.

Naxçıvan torpağının vurğunu olan İslam Səfərlinin bu mövzuda yazılmış şeirləri sırasında “Naxçıvan yadigarı”nın xüsusi yeri vardır. “Naxçıvan yadigarı” adlı mənzərələr silsiləsinin dahi yaradıcısı Bəhruz Kəngərliyə həsr olunmuş bu şeirlə İslam Səfərli özü də doğma diyar haqqında mənalı bir şeir tablosu yaratmışdır. “Naxçıvan yadigarı” şerində o, geniş mənada, Naxçıvan diyarının ümumiləşmiş poetik panoramını rəsm etməyə müvəffəq olmuşdur. Bu şeir həm də İslam Səfərlinin şair-rəssam kimi də böyük istedadını meydana qoyur.
Fikrimizcə, “Nə vaxta qaldı?” şeri də İslam Səfərlinin Naxçıvan şeirləri silsiləsinə aid edilməlidir. Şeirdə təsvir olunan bağlı-bağatlı, eyvanlı həyət İslam Səfərlinin Naxçıvan şəhəri yaxınlığında doğulub boya-başa çatdığı Şəkərabad kəndindəki ata-baba ocağının təsviridir. Şair “Döyüşçünün xəyalı” şerində müharibə illərində arxa cəbhəni düşündükcə xəyalən evlərindəki “çiçəkli eyvanı” xatırladığını nəzərə çarpdırmışdır. Hətta bu şeirdə “Nə vaxta qaldı?” mahnısındakı tərənnüm olunan ilk sevginin də izlərini görmək mümkündür. Döyüşçü-şair öz şerində “çiçəkli eyvan”la yanaşı, xəyallarında yaşatdığı “o bir cüt ilahi, mavi gözləri” də həsrətlə yad etmişdir. Həmin “çiçəkli eyvan”ı İslam Səfərli sonralar “Təhsil illəri” şerində də “yadıma düşdükcə hərdən kəndimiz, üzü günə baxan aynabəndimiz” şəklində xatırlatmaqla bu detalın onun poetik yaddaşında möhkəm iz saldığını bir daha nəzərə çarpdırmışdır. “Nə vaxta qaldı?” şerində “hər axşam tarladan qayıdanda biz” misrasında ifadə olunan romantik anlar, “yol üstdəki qovaq” detalı da şairin gənclik illərində Şəkərabad kəndində ikən olan müşahidələrinin təəssüratlarıdır. Ona görə də “Nə vaxta qaldı?”, bəlkə də, İslam Səfərlinin tərcümeyi-hal şeirlərindən biridir. Şerin də, eyniadlı mahnının da çox təsirli və təbii alınması bu bədii nümunənin yaşanmış duyğu və düşüncələrin işığında meydana çıxdığını düşünməyə əsas verir:

             Gilənar qızardı, ağ tut sovuşdu,
             Payını dərmədim, budaqda qaldı.
             Hamı könül verib yara qovuşdu,
             Bəs bizim toyumuz nə vaxta qaldı?

             Qönçələr açılıb, gülür çəmən, düz...
             Hər axşam tarladan qayıdanda biz,
             Yoxsa o “sevirəm” söylədiyin söz
             Düşüb mərcan tək bulaqda qaldı?

             Göyləri ay gəzir, hava bürkülü,
             Eyvanda durmuşam boynu bükülü.
             Bəlkə eşqimizin sona bülbülü
             Uçub yol üstdəki qovaqda qaldı?

Bütövlükdə, İslam Səfərli ana Vətənin hər qarışını ürəkdən sevmiş, Vətən mülkünün cazibədar poetik panoramını yaratmaq yollarında ilhamla qələm çalmışdır. Şairin yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrindən hər birinin mahiyyətini açan, mənasını, gözəlliyini, funksiyasını təqdim edən şeir çələngi formalaşmışdır. İslam Səfərli “Dəlidağın ətəyində göz açan, Kəlbəcərdə ləpir salıb iz açan” İstisunu, Bakının “döşündə bir nişan kimi” parlayan Abşeronu, “kərpici xallı qalın divarlardan hörülmüş” Gəncəni, “Fateh İskəndəri kəməndə salmış” Bərdəni, “Abşeronun gözlərində bir sürmə”, “atəşgahlar yeri” Suraxanını, “meyvəsi ulduz sanır” Qubanı, Muğanı “al qumaşa bürüyən” Mingəçevir dənizini, “meşəli sahilləri” Nabranı heç bir şairə bənzəmədən böyük ilhamla tərənnüm etmişdir. Şairin “Bilgəh bağları” şerində görkəmli fırça ustaları Səttar Bəhlulzadənin, Tahir Salahovun Abşeron rəsmləri ilə yanaşı dayana bilən şairanə lövhələr vardır. İslam Səfərli Azərbaycan torpağının nəğməkarı, Naxçıvanın vurğunu, Xəzərin Məcnunu idi.
Məlum olduğu kimi, İslam Səfərli, sözün böyük mənasında, nəğməkar şairdir. Azərbaycan poeziyasında sözlərinə ən çox mahnılar bəstələnmiş şairlərdən biri də İslam Səfərlidir. İslam Səfərlinin şeirlərinin böyük əksəriyyəti poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı İslam Səfərlinin şeirlərinin ritmində, ahəngində çağlayır. Azərbaycanın görkəmli bəstəkarları – Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axund­ova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə və başqaları İslam Səfərlinin şeirlərinə yaddaqalan mahnılar bəstələmişlər. İslam Səfərlinin sözlərinə yazılmış “Ana”, “Bakı, sabahın xeyir”, “Pıçıldaşın, ləpələr”, “Dan ulduzu, bir də mən”, “Nə vaxta qaldı?”, “Ağ şanı, qara şanı”, “Şəhla gözlüm”, “Qonaq gəl bizə” və sair mahnılar yarandıqları vaxtdan indiyədək yarım əsrdən çoxdur ki, ifa olunmaqda davam edir. Şairin bir çox mahnıları Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin Qızıl fondunu təşkil edən əsərlərin sırasındadır. Analar haqqında çoxlu şeirlər və mahnılar yazılsa da, İslam Səfərlinin sözlərinə görkəmli bəstəkar Cahangir Cahangirovun yazdığı “Ana” mahnısı böyük müğənni Rəşid Behbudovun ifasında anaların laylası qədər həzin və mənalı səslənir:

             Gözümün nuru, canım ana,
             Böyütdün sən bizi yana-yana.
             Odlusan gün kimi, bir qaynar həyat kimi,
             Borcluyam mən sənə, sənə bir övlad kimi.

İslam Səfərlinin “Bulud göydən lal keçər”, “Ay qaşı-gözü qara qız”, “Qənd bala, nabat bala”, “Bağçamıza gəldi bahar” mahnıları axıcılığı, oynaqlığı və xəlqiliyinə görə xalq mahnısı təəssüratı yaradır. “Həkim qız” hələ də ağxalatlı həkimlərimizin sevimli peşə mahnısıdır. Bu vaxtadək “Aqronom oğlan” mahnısının da əvəzi yaranmayıb. İslam Səfərlinin mahnıları artıq bir neçə nəsil müğənnilərin ifasında səslənməkdədir. Azərbaycanın görkəmli müğənnilərindən Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Yalçın Rzazadə, Abdulla Babayev və başqaları İslam Səfərlinin mahnılarının populyarlaşmasında mühüm rol oynamışlar.
Janr baxımından şeirlərini ənənəvi poetik formalarının yaradıcı şəkildə davam etdirilməsi əsasında yazmış İslam Səfərlinin yaradıcılığında qoşma və gəraylılar çoxluq təşkil edir. Şairin “Gəlmişəm”, “Qalıbdır”, “Qonağıyam”, “Dağlar” və sair şeirləri qoşma janrının yüksək tələblərinə tam cavab verir. Şairin “Görüşəndə”, “Gəlin daş”, “Mingəçevir dənizində”, “Bir olanda” şeirləri yeni dövr Azərbaycan gəraylısının yaxşı nümunələridir. İslam Səfərlinin “Yaxşı sına” şeri cinas qafiyəli gəraylı nümunəsidir. Qoşma və gəraylı formasında yazılmış poetik nümunələr İslam Səfərlinin şeirlərində xəlqilik düşüncəsini daha da dərinləşdirmişdir. Bu cəhətdən layla janrından yaradıcı istifadə onun şeirlərinin xalq ədəbiyyatı ənənələri ilə qaynayıb-qarışmasına daha geniş imkan yaratmışdır. Layla janrının imkanları İslam Səfərlinin şeirlərinin musiqiyə yatımlığını da qüvvətləndirmişdir. Onun bir sıra şeirlərinin ahəngində layla ritmi var. İslam Səfərlinin “Laylay” şeri şifahi xalq ədəbiyyatındakı laylalar qədər sadə, aydın və təsirlidir. “Dan ulduzu, bir də mən” şeri layla haqqında layladır.
İslam Səfərlinin bir çox şeirləri ballada janrının ən yaxşı nümunələri sayıla bilər. “Gilan şəhəri haqqında ballada”dan başqa, şairin “İtkin şahin”, “Bayram töhfəsi”, “Ömür yolları”, “Onüçlər”, “İlin son gecəsi” və sair şeirləri də ballada janrında yazılmışdır. Xüsusən onun Böyük Vətən müharibəsi mövzusunda yazdığı balladatipli şeirlərində akademik Bəkir Nəbiyevin yazdığı kimi, “Vətən uğrunda vuruşmaq əzmi, döyüşən gəncliyin nəfəsi, silah dostlarını vuruşlara təşviq etmək ehtirası güclüdür”. Mahnı mətnləri yaradıcılığında isə İslam Səfərli lirizmin daha qüvvətli olduğu janrlara üstünlük vermişdir. Əgər İslam Səfərlinin “Aynur” şerinə musiqi bəstələnməsəydi də, mahnı kimi səslənə bilərdi. Eyni sözləri “Bulud göydən lay keçər” və “Xəzər romansı” kimi romans janrında yazılmış şeirlər haqqında da demək olar. Bu şeirlər bəstəkar tərəfindən deyil, şairin özü tərəfindən romans adlandırılmışdır. Şair sanki həmin şeirlərin musiqisini də hiss etmiş, notunu da müəyyənləşdirmişdir. “Sevgi valsı” şerində vals janrının tələblərindən gələn dinamika, ritmik bir hərəkət müşahidə olunur. Bu şeirlərin mahiyyətindəki romantika, dərin lirizm, axıcılıq musiqi kimi səslənir. Fikrimizcə, İslam Səfərli təkcə nəğməkar deyil, həm də bəstəkar şairdir. Bəstəkarlarımız onun şeirlərinə mahnı bəstələməkdə xüsusi bir çətinlik çəkməmişlər. Bu şeirlərin bətnində, cövhərində lirik bir mahnı çağlayır.
Azərbaycan poeziyasında vəznli sərbəst şeirlərin yaradılmasında İslam Səfərlinin böyük xidmətləri vardır. Onun “Azərbaycanım”, “Üçüncü hərb istəmirik” şeirləri ahəngi, qafiyələndirmə sisteminə görə sərbəst şeirdən çox heca vəzninə uyğundur. “Səslər zirvəsi”, “Oxu, Rəşidim, oxu!”, “Meşəli sahillər” İslam Səfərliyə məxsus vəznli sərbəst şeirlərdir. Dünya şöhrətli sənətkarlar Qara Qarayevə həsr olunmuş “Səslər zirvəsi”, Rəşid Behbudov haqqında yazılmış “Oxu, Rəşidim, oxu!” şeirlərində bu böyük şəxsiyyətlərin sənətinin fərdi xüsusiyyətlərini əks etdirən ritmdən, səciyyəvi ifadələrdən yaradıcılıqla istifadə olunmuş, hətta səslərin seçilməsinə də xüsusi diqqət yetirilmişdir.
İslam Səfərlinin vəznli sərbəst şeirləri heca vəzni daxilində müəyyən sərbəstliyə imkan yaradan poetik nümunələrdir. Bu isə, öz növbəsində, onun heca vəznli şeirdə formal tələblər naminə artıq sözlər işlətməkdən qaça bilməsinə, fikri, obrazı bir qədər də sərbəst ifadə etməsinə meydan açmışdır. İslam Səfərlinin yaşayıb-yaratdığı dövrdə vəznli sərbəst şeir Azərbaycan şerinin yeni bir hadisəsi idi. Bu mənada, İslam Səfərli XX əsr Azərbaycan vəznli sərbəst şerinin əsas yaradıcılarından biridir. İslam Səfərlinin və müasirlərinin vəznli sərbəst şeirləri XX əsrin altmış-yetmişinci illərində Azərbaycan poeziyasında heca vəzninin və sərbəst şerin rəqabət dövrünün yenidən meydana çıxarıb gündəmə gətirdiyi ədəbi hadisələrdən biri idi. Şerimizdə vəznli sərbəst şerin əvvəldən az nəzərəçarpan müəyyən ənənəsi olsa da, yeni dövrdə bu qarışıq vəznin meydanının daha da genişlənməsi və təkmilləşməsi poeziyamızda novatorluğun təzahürlərindən biri idi. İslam Səfərli yeni dövr Azərbaycan vəznli sərbəst şerinin poeziyada keyfiyyət göstəricisinə çevrilməsində mühüm rol oynamışdır.
Bütövlükdə, İslam Səfərlinin şeir yara­dıcılığı fikirlə, məna ilə obrazlı bədii sözün üzvi vəhdətindən, sintezindən yoğrulmuşdur. “Bakı bir Bakıdır ki” şerindəki təşbehlər Azərbaycan poeziyasında tamamilə yenidir:

             Toranlıqlar içindən
             Dan yeri uçub gəlir
             Tənha qağayı kimi.
             Dalğalar qalxıb-enir.
             Yarımı yola salan
             Bir qızın əlindəki
             İpək kəlağay kimi.
             ...Sahil boyu işıqlar
             Dənizin sinəsində
             Gülür silsilə kimi.
             Qoca Nargin görünür
             Mavi göz içindəki
             Qara bir gilə kimi.

İslam Səfərlinin “Dalğalar” şerinin bütün misraları dalğaların poetik mənasını açan və qüvvətləndirən epitetlərdən təşkil olunmuşdur. “Siz qaynar həyatsınız, kükrəyən ağ atsınız, nəğməyə qanadsınız, sahili şən, dalğalar, ey öpüşən, dalğalar”. Ümumilikdə, XX əsrin ikinci yarısından sonrakı Azərbaycan şerinin inkişaf proseslərini izləmək və ümumiləşdirmək üçün İslam Səfərlinin yaradıcılığı zəngin material verir.
Dramaturgiya ilə də ardıcıl məşğul olan və “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcın­da”, “Yadigar”, “Xeyir və Şər” dramlarını, “Qayın arvadı, xayın arvadı” komediyasını və bir çox radiopyeslər yazmış İslam Səfərli bu sahədə də özünəməxsus iz buraxmışdır. Xüsusən İslam Səfərlinin “Göz həkimi” pyesi uzun müddət Azərbaycan teatrlarının repertuarında mühüm yer tutmuş, müəllifinə ədəbiyyat və mədəniyyət aləmində böyük nüfuz qazandırmışdır. “Göz həkimi” dramı XX əsrin ikinci yarısı Azərbaycan dramaturgiyasının qiymətli nümunələrindən biridir. Öz dövrü üçün aktual səslənən “Göz həkimi” pyesi güclü müasirlik imkanlarına malik olan əsər kimi yeni epoxada da əhəmiyyətini saxlayır.
İslam Səfərlinin xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli şair və dramaturq İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında”kı 18 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sənətkarın yubileyi geniş miqyasda qeyd olunur, şairin ədəbi irsi yenidən öyrənilib dəyərləndirilir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İslam Səfərlinin “Göz həkimi” pyesinin uğurla tamaşaya qoyulması, Ali Məclisin “Naxçıvan” jurnalının şairin həyatı və yaradıcılığına həsr olunmuş xüsusi buraxılışının çap edilməsi, əsərlərinin biblioqrafiyasının çapa hazırlanması yeni dövrdə dövlət sərəncamının işığında görkəmli sənətkara böyük ehtiramın nümunəsidir.
Qısa və mənalı ömür yaşayan, 30 ildən çox “əldə qələm, dizdə varaq” bədii yaradıcı­lıqla məşğul olmuş İslam Səfərli Azərbaycanı tükənməz ilhamla tərənnüm etmişdir. Azərbaycan İslam Səfərli şerinin canı-cövhəri, baş mövzusu, şərəfi-şöhrətidir. Azərbaycan İslam Səfərlinin böyük Vətən eşqinin möhtəşəm poetik çələngidir:

             ...Hərdən düşüncələr sarır insanı,
             Çayüstü körpülər asma yolumdur.
             Bağrıma basmışam Azərbaycanı,
             Araz bir qolumdur, Kür bir qolumdur.
             Əlvan naxışlısan, doğma məkanım,
             Sənə qurban canım, Azərbaycanım!

Nəğməkar şairin şeirləri və mahnıları ölkəmizin bu gününün və sabahının əsərləri kimi yaşayır.


İsa HƏBİBBƏYLİ
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR