25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, aprelin 24-də “Şöhrət” ordenli yazıçı, millət vəkili Aqil Abbasın iştirakı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində yazıçının özünün ssenari müəllifi olduğu eyniadlı romanı əsasında çəkilmiş “Dolu” filminin təqdimat mərasimi keçirilmişdir. Həmin gün Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində naxçıvanlı yazıçı və şairlərlə Aqil Abbasın görüşü olmuşdur.
Tədbirdən sonra yazıçı ilə görüşüb qəzetimiz üçün müsahibə aldıq:

– İlk olaraq, özünüzün də dediyiniz kimi, böyük tarixi şəxsiyyətlər, ədəbi simalar Vətəni Naxçıvan haqqında təəssüratlarınızı bilmək istərdik.

– Məni Naxçıvanla bağlayan amillər çoxdur. Birincisi, bu torpağın yetirməsi olmuş Mirzə Cəlildir. Mən özümü Mirzə Cəlil məktəbinin şagirdi hesab edirəm. Fikrimcə, Mirzə Cəlil qədər qüdrətli qələm sahibi, bəlkə də, yoxdur. Bundan başqa, Naxçıvan zaman-zaman çox böyük şəxsiyyətlər, dahilər yetişdirən dünyanın ən qədim torpağıdır. Məhz bu şəxsiyyətlərin dühası ilə Azərbaycan inkişaf edib, intibaha qovuşub. Bura peyğəmbər ayağı dəyib. Naxçıvan torpağının qeyri-adi bir rəngi var. Bu qeyri-adilik buranın insanlarına da sirayət edib. Bunu yalnız bu torpaqda yaşayanlar duya bilər.

İkinci bir tərəfdən, mənim Naxçıvanla qohumluq əlaqəm var. Və bu, Naxçıvanı mənə doğmalaşdırır. Amma bir vətəndaş kimi məni Naxçıvanla bağlayan ən əsas səbəb – mən artıq buna amil yox, səbəb deyərdim – odur ki, Azərbaycanın müstəqilliyinin əsasının qoyulduğu, bu müstəqilliyin öndəri və xalqın xilaskarı olmuş ulu öndər Heydər Əliyevin doğulduğu torpaqdır.
Heç olmasa ildə bir dəfə bura yolum düşür. Hər dəfə gələndə də burada hərtərəfli inkişafın dəfələrlə yüksəldiyinin şahidi oluram.

– Naxçıvanda eyniadlı əsəriniz əsasında çəkilmiş “Dolu” filminin təqdimat mərasimi keçirildi. Necə oldu ki, belə bir roman yazdınız?

– Mən Qarabağ müharibəsinin şahidi yox, iştirakçısıyam. Özüm orada doğulduğuma görə yox, orada yaşadığıma görə yox, sadəcə, müharibə başlayan gündən ön cəbhədə səngərdə olmuşam. Orada gördüyüm hadisələr, insanlarımızın başına gətirilən faciələr “Dolu”nu doğurdu. “Dolu” romanında mən təkcə Qarabağ müharibəsini deyil, ümumiyyətlə, müharibənin dəhşətlərini, bu dəhşətlərin nəticələrini təsvir etmək istəmişəm. Göstərmək istəmişəm ki, hər bir müharibə ədalətsiz bir ideyanın nəticəsi, buna səbəb olan ölkə isə ədalətsizliyin tüğyan etdiyi bir məkandır.
Filmin nümayişində diqqət etdinizsə, döyüş gedən şəhərin adı çəkilmir. Məhz həmin şəhər və burada baş verən hadisələr müharibə qurbanı olmuş şəhərləri simvolizə edir.
“Dolu” romanı uzun illər yazmaq istədiyim bir əsər idi. Hər dəfə yazmağa başlayırdım, amma başqa bir əsər ortaya çıxırdı. “Dolu” yaranmırdı. Məsələn, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qiyamət gecəsi”, “Qar üstündə qan çiçəyi” əsərləri ortaya çıxdı. Nəhayət, günlərin bir günü – 2008-ci ildə Qarabağ müharibəsinin yazıçı ürəyinə yağan “Dolu”su yarandı.

– Bir yazıçı üçün romanının filmə çevrilməsi necə hissdir?

– Filmin təsir gücü olduqca qüvvətlidir, filmin yayılma arealı daha genişdir. Məsələn, “Gənclik” Mərkəzindəki nümayişdə 400 nəfərə yaxın insan izlədi bu filmi. Naxçıvan Dövlət Universitetində nümayiş olundu, orada da 200 nəfərə yaxın insan izlədi. Təkcə iki gündə Naxçıvanda 600-dən çox insan filmə baxdı. Bu say gün keçdikcə də artacaq. “Dolu” romanı 5 min nüsxədə nəşr olunub. Onu Naxçıvanda çox oxusa, 50 nəfər oxuyar. Çünki kitab hamıya çatmır. Bu baxımdan filmin yayılma arealı böyükdür. Televiziya kanallarında göstərilməsi isə bütün Azərbaycanın bu filmə baxması deməkdir.
Mən bu filmə qədər ssenari yazma­mışam. Roman nəşr olunandan sonra tanınmış rejissorumuz Şeyx Əbdül mənə dedi ki, bu, filmdir. Əvvəlcə o qədər diqqət yetirmədim bu ideyaya. Amma sonra ssenari yazmaq qərarına gəldim. Ssenarini yazdım və Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Nazirlik bunu yüksək qiymətləndirərək təsdiq etdi. Ölkə Prezidenti cənab İlham Əliyev filmin çəkilişi üçün vəsait ayrılması ilə əlaqədar tapşırıq verdi, tövsiyələrini bildirdi, film çəkildi; və böyük uğur qazandı. Mən də sevindim ki, bu filmin ssenarisini mən yazmışam.

– Naxçıvan böyük tarixi şəxsiyyətlərin, ədəbi simaların, ulu öndər Heydər Əliyevin Vətənidir. Azərbaycanın dövlət müstəqilliyinin əsası da Naxçıvanda qoyulub. Bu torpaq həm də Nuhun vətəni kimi tanınır. Naxçıvan 5 min­illik şəhər mədəniyyətinə malikdir. Aqil Abbas belə bir zəngin diyar barədə nə yazıb?

– Bilirəm, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qədim diyarın tarixi keçmişinin, adət-ənənələrinin, şəhər mədəniyyəti tarixinin tədqiq edilməsi, öyrənilməsi ilə bağlı sərəncamları var. Naxçıvanda tarixi yerlərin yenidən araşdırılması, orada ekspedisiya şəklində tədqiqatlar aparılması və bütün bunların nəticəsi olaraq beynəlxalq elmi simpoziumların keçirilməsi Naxçıvan həqiqətlərinin, Naxçıvan şəhər mədəniyyətinin dünya elm arenasında əsaslı və tutarlı faktlarla sübut edilməsi kimi böyük bir işin məntiqi nəticəsidir. Xüsusilə bütün bu proseslərin Naxçıvanda ardıcıllıqla aparılması olduqca diqqətə layiqdir. Bunun üçün Ali Məclis Sədrinə bir ziyalı kimi minnətdarlığımı bildirməyi özümə borc sayıram.
Naxçıvanın şəhər mədəniyyətinin tarixinə gəlincə. Burada şəhər mədəniyyətinin tarixi 5 minillik yox, daha qədimdir. Qüdrətli ustad sənətkarlar – Əcəmi, Hüseyn Cavid, Mirzə Cəlil yetişdirən bir torpağın tarixi 5 min illə ölçülə bilməz. Belə şəxsiyyətlərin yetişməsi üçün tarixi qədim qatlara gedib çıxan bir Naxçıvanın mövcudluğu əsas şərtdir. Yəni birdən-birə bu düha sahibləri yetişə bilməzdi. Əgər Naxçıvanda memarlıq, söz sənəti belə güclü olubsa, buranın şəhər mədəniyyəti tarixini dəqiq göstərəcək zəka lazımdır. Əcəmi Naxçıvani yetişdirmək üçün 4 min il çox az bir zamandır.
Söz adamları arasında belə bir ifadə var: “Müstəqillik qoxusu insanların cənnətdə duyacaqları ilk qoxudur”. Bax o qoxu, Azərbaycanın müstəqillik qoxusu ilk dəfə bu qədim torpaqda – Naxçıvanda duyuldu. Bu baxımdan mən naxçıvanlıları bir addım öndə təsəvvür edirəm. Azərbaycanın dövlət müstəqilliyinin əsasının Naxçıvanda qoyulması tarixi faktdır. Amma mən daha çox bir məsələnin üstündə dayanmaq istərdim: müstəqilliyin bəhrələri Naxçıvanda daha çox diqqəti cəlb edir. Bayaq dediyim kimi, Naxçıvana ildə bir-iki dəfə gəlirəm. Hər dəfə də gələndə yeniliklər, inkişaf görürəm. Və bütün bunlar məndə belə bir təəssürat yaradır ki, bu torpaqda hərtərəfli inkişaf, sözün əsl mənasında, hökm sürür. Bu da ulu öndərin ideyalarının Naxçıvanda yaradıcı şəkildə həyata keçirilməsinin gözlə görünən nəticəsidir. Bir faktı deyim: ulu öndər bir zamanlar burada lampa işığında Ali Məclisin Sədri vəzifəsində işləmişdir. Amma indi Naxçıvan elektrik enerjisi ixrac edən bir regiondur.
Qaldı ki mənim Naxçıvan haqqında nə yazmağıma... Yazmışam! Bədii əsər yox, publisist yazılar yazmışam. Mən hər dəfə buradan gedəndə Naxçıvanla bağlı ürəyimdə olan duyğularımı, təəssüratlarımı mütləq bölüşmüşəm, qələmə almışam. Yəqin ki, bu dəfə də belə olacaq.

– Çox zaman yazıçılar deyirlər ki, hələ ən yaxşı əsərimizi yazmamışıq, bəs siz?

– Mən o yazıçılara inanmıram ki, mən hələ ən yaxşı əsərimi yazma­mışam, deyirlər. Belə deməklə onlar özlərini, bir növ, sığortalayırlar. Çünki deyilsə ki, əsərin zəifdir, o da desin, hələ yaxşısını yazacağam. Amma mən yazmışam: “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Batman qılınc”, “Qapqara uzun saçlar” və ən sonuncusu, “Dolu”nu yazmışam. Bundan sonra yazmaqdan qorxuram ki, zəif yazaram, “Dolu”nu hörmətdən salaram.

– Sizin əsərlərinizin çoxu Qarabağ mövzusundadır. Naxçıvanı blokada vəziyyətinə salan da elə bu problemdir. Lakin blokadanın çətinliklərinə baxmayaraq, Naxçıvan sürətlə inkişaf edir. Qarabağ mövzusunun davamı kimi Aqil Abbas “Blokada” adlı roman yazmağı düşünürmü?

– Yox, düşünməmişəm, amma yaza bilərəm. Mənim Naxçıvanla bağlı məlumatım çoxdur: buradakı şəhidlərlə, Sədərəkdə döyüşən igidlərlə bağlı, həmçinin blokada şəraitində yaşayış. Buna baxmayaraq, buradakı inkişaf haqqında məlumatlarımı bir az daha zənginləşdirməklə “Blokada” adlı əsər ərsəyə gətirəcəyəm. Belə bir əsərin əsas ideyası bu ola bilər ki, ulu öndərin müəyyənləşdirdiyi yol Naxçıvanda uğurla qət edilir. Və bu, Naxçıvanın blokadanı yarması ilə nəticələnmişdir. Naxçıvan yalnız ərazi olaraq blokadadadır. Blokada şəraitində inkişafa nail olmaq əsl möcüzədir. Bax bu, roman mövzusudur.

– Müsahibələrinizin birində demisiniz ki, XX əsrin sonlarının Mirzə Cəliliyəm. Mirzə Cəlil olmaq üçün nə etmisiniz?

– XX əsrin sonlarına doğru, 90-cı illərin əvvəllərinin hadisələri fonunda Mirzə Cəlilin yaşadığı ağrı-acıları, keçirdiyi hissləri, gərginliyi mən müəyyən mənada yaşamışam.
“Ədalət” qəzeti ilk dəfə çap olunanda mən Mirzə Cəlilin “Molla Nəsrəddin”ini qəzetə gətirdim. Yəni Mirzə Cəlildən bəhrələndim, hətta “oğurladım” və “Ədalət” qəzetinin birinci səhifəsini yaratdım. Əlbəttə, mən Mirzə Cəlil ola bilmərəm, o, dahidir. Amma onun şagirdi kimi müəllimimdən öyrənib zəif də olsa, nəsə deməyə çalışmışam. Bu mənada demişəm: “Mən XX əsrin sonlarının Mirzə Cəliliyəm”.

– “Dolu” romanının ideya-bədii xüsusiyyətlərini Aqil Abbas necə təhlil edərdi?

– Əvvəlcə qeyd edim ki, mən bir yazıçı kimi “Dolu” əsərində istəyimi ortaya qoya bilmişəm.
Əsərin ideyası: bu milləti məhv etmək mümkün deyil;
bu xalq öz qələbəsinə gec-tez çatacaq;
bu millət Şuşasına da , Kəlbəcərinə də, hələ gələcəkdə Göyçəsinə də, İrəvanına da öz bayrağını sancacaq.
Əsərin sonunda döyüşdə şəhid olmuş insanların ruhlarının yenidən komandirin ardınca işğal olunmuş torpaqlarımıza doğru irəliləməsi əsərin bədii ideyasının əsasını təşkil edir. Zaman gələcək Azərbaycan əsgəri əsərdə təsvir edilmiş qondarma sərhədi aşacaq. Əsərin əsas məqsədi insanlarda bu ideyaya inam yaratmaqdır.
– Maraqlı müsahibə üçün çox sağ olun!

Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR