Müqəddəsləşən, vətənləşən varlıqla bağlı yaranan çərşənbə - torpaq çərşənbəsi
Ulu əcdadlarımız ilkin çağlarda təbiətdə baş verən hadisələri öz istəklərinə uyğunlaşdırmaq naminə cürbəcür şənliklərə əl atmış, get-gedə bu şənliklər sabitləşməyə, bütöv halda ayinə, mərasimə, adət-ənənəyə, nəhayət, bayrama çevrilməyə başlamışdır. İşlə, əməklə, ümumi şəkildə xalqın təsərrüfat həyatı ilə bağlı yaranan və mənəvi mədəniyyətin tərkib hissələrindən olan, eyni zamanda tarixin əski çağlarından dövrümüzə cilalana-cilalana gələn ayin, mərasim və bayramlara adi məişət aktı kimi deyil, daha çox sosial-mədəni, əxlaqi-estetik ideyalar ifadə edən fakt kimi baxılmışdır. Çünki bayram və bayram mərasimləri, ayinləri, eləcə də burada ifa olunan nəğmələr, icra olunan oyun-əyləncələr, göstərilən tamaşalar, ümumilikdə, xalqın sosial durumunu, adət-ənənəsini, həyata fəlsəfi-estetik münasibətini ifadə edir. Tarixi olduqca qədimlərə gedib çıxan Novruz bayramı gecə ilə gündüzün bərabərləşməsi, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalması və əkinçilik həyatının başlanğıcını özündə təcəssüm etdirən bir bayramdır.
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan yaşatdığı milli dəyərlərdən sayılan Novruz bayramı ərəfəsində qeyd olunan çərşənbələrin dördüncüsü – sonuncusu torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında “yer çərşənbəsi” adı ilə də tanınır. Torpaq çərşənbəsində torpaq oyanır. Torpaqda su, istilik normallaşır, beləliklə, o, əkinə hazırdır – torpağa toxum səpmək olar. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlərlə qeyd etmişlər. Xalq arasında belə bir inam olmuşdur ki, dörd müqəddəs ünsürdən ikisinin oyanması ilə torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətlərdən qurtulmaq üçün özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə sel (su), atəş (od) və yel torpaq xatının yeraltı məbədinə qonaq gəlirlər. Məbəddə yatmış torpaq xatını oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatın: “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyə yerindən qalxır. Sel (su), atəş (od), yel və torpaq xatın əl-ələ verib oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün ilin ən əziz günü olan torpaq çərşənbəsi günü imiş.
İlaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngini sayılan torpaq çərşənbəsi kütləvi xalq şənlikləri ilə qeyd olunur. Bu çərşənbənin şənlik və mərasimləri özünəməxsusluqla seçilir. Şənliklər sübh tezdən suüstünəçıxma ilə başlayır. Adamlar su üstünə çıxır, su üstündən atlanır, dərdini, kədərini, arzu və istəyini suya danışır, ondan imdad diləyirlər. Ədalətsiz iş görənləri, ədavət salanları, nahaq qan tökənləri suyatapşırma xalq arasında geniş yayılmışdır. Torpaq çərşənbəsinin axşam şənlikləri daha maraqla keçirilir. Tonqallar qalanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falına çıxılır. Torpaq çərşənbəsi günü torpaq əzizlənər, adamlar torpağı təmizləməyə çıxarlar.
Torpaq çərşənbəsi elin əziz günlərindən biri olmuşdur. Xalq arasında onunla bağlı çoxlu bədii nümunələr bu gün də yaşamaqdadır. Ulularımız torpağın qayğısını, nazını çəkənləri, ona əyilənləri həmişə sevib əzizləmişlər. Torpaq yaradıcı, yaşadıcı, törədici olduğundan ona “Ana torpaq” deyə ehtiram göstərilmişdir. Torpaq sevilməyə başlanandan, tər töküb gülüstan yaradılandan müqəddəsləşib, vətənləşib. Torpağa göstərilən sədaqət, məhəbbət Anaya, Vətənə məhəbbətlə bərabər tutulub, eyniləşdirilib.
Ulu babalarımız torpağa and içəndə “Torpaq haqqı!”, “Yer haqqı!”; alqış söyləyəndə “Torpağın həmişə gül bitirsin!”, “Torpağın həmişə bar yetirsin!”, “Torpağın bərəkətli olsun!”, “Torpağın yada qismət olmasın!” deyiblər. “Torpağa əyilən namərdə əyilməz”, “Torpaqla əlləşən xoşbəxtliklə rastlaşar”, “Torpağa var versən, o da sənə bar verər”, “Torpağın sirrini əli torpaqda olanlar bilər”, “Torpaqla oynayan ac qalmaz” və sair kimi xalq tərəfindən yaradılan folklor nümunələri müqəddəsləşən, vətənləşən torpağa olan sədaqət və məhəbbətdən qaynaqlanmışdır.
Nizami ƏZİZƏLİYEV