25 Dekabr 2024, Çərşənbə

Min illərdir, el-obamız Novruza ürəyinin başında, gözünün üstündə yer verib, ağ gününü, sevincini, şadlığını, bəxtəvər çağını, inamını, sevgisini, gümanını, ruzi-bərəkətini onun adıyla bağlayıb. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzun dövranı olan bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. El-oba Novruzun bayram taxt-tacına ürəkdolusu, gözdolusu məhəbbətlə baxıb; bəlkə, buna görə Novruza “bayramların sultanı” deyilib. Həmin günlər torpaqdan boylanan çiçəyə “Novruz gülü”, əsən küləyə “Novruz yeli” (bayram yeli, vədə yeli), yandırılan tonqala “bayram tonqalı”, açılan süfrəyə “bayram süfrəsi” deyilib. Beləcə, olan-qalanı, necə deyərlər, özününküləşdirib, əzəlləşdirib, gözəlləşdirib bu bayram. Çillələrdən keçə-keçə qışın çiləsi sovuşub, gələn yaz ilaxır çərşənbələrin su, od, yel, torpaq müqəddəsliyi ilə qışa öz qalib, məğrur sifətini göstərib. Su, od, yel, torpaq sevindikcə gələn yazın da sevincdən çiçəyi çıtlayıb.

Naxçıvanda belə bir inanc var: “Xızır peyğəmbər kiçik çillənin ilk günlərində atını havaya çıxarır. Atın ayaqları torpağa dəyən kimi aləm dəyişir”. Qarşıdan gələn yazın hələ qışın oğlan çağında “aləmi dəyişmək” gücünə də beləcə inanıblar. Bu bayramla bağlı nə varsa, elin nəzərində əzizdir, müqəddəsdir.

Əvvəlcə, bu bayramın adı barədə. Bəzi tədqiqatçıların fikrincə, hələ Zərdüşt dövründən də qabaq o, “Tura” (əcdad) bayramı adlanırmış. Novruznamə əsərinin müəllifi məşhur alim-şair Ömər Xəyyam dövründən Şərq təqvimində Novruz kimi tanınıb. Akademik İsa Həbib­bəyli onu həzrəti Nuhun adı ilə əlaqələndirir, maraqlı mülahizələr irəli sürür. İnanclara görə, Nuh Peyğəmbər quruya Novruz günü çıxıb. 
Fəsil dəyişməsinə – qışın yazla əvəzlənməsinə ta qədimlərdən bütün xalqlarda tam fərqli yanaşılıb; oxşar-fərqli törənlər keçirilib, inanclar formalaşıb, nəticədə, zəngin, möcüzəli sistem yaranıb. Bir çox əfsanəvi, tarixi şəxsiyyətlərin, hadisələrin məhz Novruz günü ilə bağlanması da az şey demir.
Bizim el-obada da bu bayram çox fərqli, başqa bir təmtəraqla keçirilir. Xalqımız elə başlanğıcdan dünya kimi, həyat kimi Novruzu da sevib – bahar soraqlı, yaz nəfəsli bir dünya yaradıb. İlkinliklə, başlanğıcla bağlı bir inanc var: oğuz oğlu qış aylarında çox əziyyət çəkirmiş. Xilaskar qurd ona qoyun sürüsü, əl dəyirmanı, bir də sünbül gətirir. Beləcə, əkinçiliyin, qoyunçuluğun əsası qoyulur. Oğuz oğlu qışın çiləsindən daha qorxmur, heç bir əziyyət çəkmir. Günlərin birində oğuz oğlu xilaskar qurdla yenidən görüşür. Həmin günə “Novruz” adını verir: o zamandan Novruzu bayram kimi keçirir. Beləcə, Novruz mifik folklor, etnoqrafik düşüncələri özündə cəmləşdirir: bir mərasim olaraq Novruzun adət, ənənə, inanc, söz yaddaşı yaranır. Min illərdir, bu yaddaş bizim elin arzusu, sevinci kimi yaşayır, türkün ən qədim düşüncəsindən qaynaqlanan ənənələri, inamları yaşadır.
Naxçıvanın bir çox yerlərində çilə suyu keçirərlər, ilin təhvil olmağını bununla bilərlər. Bu da bir inancdır: “Novruz bayramında kənd ağsaqqalları teştə balıq ötürər (bəzi yerlərdə qırxayaq), gözlərlər. İl təhvil olanda balıq (ya da qırxayaq) arxası üstə dönər. Bununla da, yeni ilin gəldiyi bilinər. Həmin sudan xəstələrə içirərlər, barsız ağacların dibinə tökərlər. Buna da “çiləsuyu” deyərlər”. Ordubadda, Culfada ağsaqqal, ağbirçəklərimiz bunu eyni şəkildə danışırlar.
Bəzi kəndlərimizdə Novruzda süzülən plovun suyunu bar verməyən ağacın dibinə tökmək adəti var. Bu adətlərin hər birinin də öz yaddaşı var. Min illərdir, bu yaddaş yaşayır, yaşatdıqlarını əsrdən-əsrə, nəsildən-nəslə ərməğan edir.
Novruz adətlərinin “damarlarında” ən qədim inanclarımızın “qanı axır”. Bəlkə, buna görə də burda hər şey çox saf – aydan arı, sudan duru qalır. Burda hər kəlmə, söz, hər hərəkət bir məna daşıyır.
Obrazların mənalandırılması – Xızır, Qodu Günəşi, Keçəl, Kosa qışı mənalandırır.
Rənglərin mənalandırılması – qırmızı Günəşi, yaşıl torpağın yetirib-bitirdiyini mənalandırır.
Sayların mənalandırılması. Yazın ilk dörd gününə “sınaqlı günlər” deyilib. Birinci gün yazdan, ikinci yaydan, üçüncü payızdan, dördüncü qışdan hesab olunur. Novruz “hesab-kitabında” yeddi yenə də hökm-fərmandır. Ordubadda axır çərşənbəyə “yeddiləvin” deyilir. Ən maraqlısı, həmişə nəhs hesab olunan on üç rəqəminin də Novruzda “könlünün alınmasıdır”. Naxçıvanın bəzi kəndlərində “ilin on üçü” keçirilir. “İlin on üçü” ilə bağlı iki fərqli informasiya:
Bu olur Novruzdan on iki gün keçəndə, yəni on üç deyən günün səhərində. Kəndin qız-gəlini yığışır bir həyətə, hər kəs də özü ilə bir şey gətirir onun süfrəsini hazırlamağa. Oxuyurlar, çalıb-oynayırlar. On üç yeməyində mütləq əriştə də var. Odur ki, deyərlər:

         Əriştə
         Yaz gəldi –
         İşdə, gücdə...

Yeməkdən sonra hərə gedər öz bağçasına. Bayramdan qalmış səmənilər o vaxta saralıb-solur. Onları çox yerdə atarlar suya. Bizdə atmazlar, qız-gəlin aparar qoyar bağçada torpağın üstünə. Həmin gün qadınlar evə od gətirər, kişilər odun.
Bayramdan on iki gün sonra arvadlı-kişili, oğullu-uşaqlı yığışarlar bir çayın qırağına. Buna da deyələr “ilin on üçü”. Yeyib-içərlər. Kim də istəyər, orda yalan danışar. Gün dönəndə yalan danışanlar əllərini çay suyunda yuyub deyərlər:
– Bu yalanların hamısını axıtdıq suya. Bununla da, yalan danışmaq qurtardı.
Quşların, heyvanların mənalandırılması – balıq, qırxayaq, keçi, at, leylək... Bir inancda deyilir: “Leyləyə daş atmayın, küsər gedər, yaz gecikər”.
Qaracaoğlanın yaz ətirli şerinin ilk bəndini xatırlayaq:

         Şükür olsun ol xudaya,
         Yenicə yazlar da gəlir.
         Müştuluq sənə, söyüdlər,
         Kölgənə qızlar da gəlir.

Yox, söyüdün kölgəsi onu Qaracaoğlan şerinə gətirməyib. Novruzda xüsusi mənalandırılan ağaclardan biri də söyüddür. İnanılır ki, ilaxır çərşənbəsində söyüdün budaqları uzanıb yerə dəyir; kim bunu görsə, cəmi arzularına yetər.
Elimiz, obamız öz sinəsində canlı Novruz ensiklopediyası yaradıb. Bu ensiklopediyada hər kəlmə bir ilmə, hər cümlə bir cilvədir.

Rafiq BABAYEV
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR