25 Dekabr 2024, Çərşənbə

Ordubad rayonu Naxçıvanın qədim və zəngin mətbəx mədəniyyətinin simvoludur. Burada bişirilən şirniyyatların şöhrəti dillər əzbəridir. Bu yazımızda Ordubadda bişirilən “Səməni horrası” adlı şirniyyat haqqında söhbət açacağıq. Əvvəlcə onu bildirək ki, səməni horrası yalnız Ordubadda bişirilir. Bəzi bölgələrimizdə səməninin halvası hazırlanır. Ordubadda bişirilən səməni horrası isə bu halvadan tamam fərqlənir. Çünki bunun içərisinə heç bir şirin qatılmır. Səməninin bişirilməsində yalnız su, buğda və undan istifadə olunur. Ordubad rayonunda bu şirniyyatın bişirilməsinə görə tanınan Şərqiyyə Məmmədova deyir ki, qohum-qonşu bir yerə yığılır, böyük tabaqlarda buğda töküb isladırlar. Buğda göyərir, rişələri bir-birinə yapışır. Sonra onu parça-parça doğrayıb əzirlər. Əzilən buğdanın suyunu qablara sıxırlar. Sıxılan buğdanı atırlar. Alınmış buğda suyu unda yoğrulur. Sonra onu qazana töküb qaynadırlar. Səməni horrasının bişirilməsi çox zəhmət tələb edir. Məsələn, 8 saat ərzində ocaq üzərində olan səməni horrası dayanmadan qarışdırılmalıdır. Buna görə də səməni horrası bişirilərkən 5-6 nəfərin köməyinə ehtiyac duyulur. Qohum-qonşulardan qız-gəlinlər də evə dəvət edilir, onlar növbə ilə səməni horrasını qarışdırırlar. Bəzən bu işi könüllü görmək istəyənlər də olur. Çünki buna həm də savab iş kimi baxılır.

Onu da qeyd edək ki, səməni horrası bişirilən ev təmiz olmalıdır. Əgər bu şirniyyat hazırlanarkən pak olmayan bədniyyətli bir insan üstünə gələrsə, səməni daşır. Yəni səməninin düşər-düşməzi var. Çox vaxt da bu şirniyyatı hazırlayarkən evə qohum-qonşu dəvət olunur, ev sahibi samovar salır, şirniyyatlar və ləziz yeməklər bişirir. Gələn qonaqlar özləri ilə bəzəkli şirniyyatlar gətirir, qazan üstünə qoyurlar. Yəni səməni horrasının bişirilməsi insanlar tərəfindən böyük sevinclə qeyd edilir. 
Bu şirniyyat yeyilməmişdən əvvəl çox maraqlı bir prosesdən keçir. Səməni horrası hazır olduqdan sonra qazanın qapağı örtülür. Və ocaq ətrafı da təmizlənir. Sonra qazanın qapağının üstünə güzgü, daraq və qənd qoyulur, 1-2 saat insanlar onun ətrafından uzaqlaşır. Belə bir inanc var ki, bu zaman səməni horrasına şirinlik qatılır. Çox maraqlıdır ki, səməni horrasının içərisinə heç bir şirin qatılmasa da, onun dadı çox şirin olur.
Qeyd edək ki, səməni horrasının müalicəvi əhəmiyyəti də olduqca böyükdür. Həkimlərin dediyinə görə, onun müalicəvi əhəmiyyəti ondan ibarətdir ki, insanın fiziki gücünü artırır. Həmçinin bir sıra mədə-bağırsaq xəstəliklərinə qarşı faydalıdır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR