25 Dekabr 2024, Çərşənbə

...Deyirlər, hər fəslin öz gözəlliyi, öz füsunkarlığı var. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı-çiskinli payızın da, al-əlvan meyvələrilə süfrələri rövnəqləndirən yayın da. Yəqin, düşünəcəksiniz ki, bəs yazı niyə yaddan çıxardıq. Yox, əziz oxucular, heç bu fəsli unutmaq olar? Yazı ona görə sona saxladım ki, bu fəsil haqqında ürək sözlərimi sizinlə bölüşəcəyəm. O fəsil haqqında danışacağam ki, dünya yaranandan bəri insanları tək-tənha qoymayıb. Soyuq qarlı-şaxtalı qışdan sonra evlərin pəncərələrini döyüb, pəncərələrimizdən öz ilıq nəfəsini hiss etdirib, qapılarımızı taybatay açdırıb. Təbiətə min rəngə çalan al-əlvan naxışlar vurub, ürəkləri riqqətə gətirən nəğmələr ilə ruhumuzu oxşayıb. Elə bil bu nəğməni ulu Tanrımız özü bəstələyib. Daşlardan-qayalardan axan su şırıltısından, quşların şən civiltisindən, uşaqların qəhqəhələrindən yaranan bu nəğmələrlə dünyanı, bizi əhatə edən aləmi daha dərin məhəbbətlə sevmişik, yaşayıb-yaratmağa həvəslənmişik. Yazın gəlişi ilə çalarını dəyişib yamyaşıl rəngə bürünən meşələri, çəmənləri gəzmişik, doğma yurdumuzun hər bir qarışının gözəlliklərinə dönə-dönə, doymadan baxmışıq. Hiss etmişik ki, təbiət bizim düşündüyümüzdən daha canlı, daha hərəkətlidir. Danışmağa dili olmasa da, insanlara deməyə ürəkdolusu sözü var. Və bu sözləri baharda rəng­lərin dili, bulaqların zümzüməsi ilə deyir. Deməyin ki yox, bunu insanoğlu dinləyə, qavraya bilməz. Dinləyə də bilər, qavraya da. İndi soruşacaqsınız ki, yaxşı, sən eşidirsənsə de görək, təbiət bizə nə deyir? Yaxşı, deyəcəyəm, istər inanın, istər inanmayın...

... Təbiət ana deyir ki, Tanrı baharı yenə sizə göndərdi. Ona görə göndərdi ki, məni daha yaxşı duyasınız, eşidəsiniz, həyata möhkəm bağlanasınız. Hiss edəsiniz ki, ağaclarda açan xoş rayihəli çiçəklər də, qayaların ən dibindən baş qaldıran şəfalı otlar da, ayaqlar altında minbir zəhmətlə, göz nuru ilə toxunmuş xalıya bənzəyən allı-güllü çəmənlər də, evlərimizin divarlarına, çardaqlara pənah gətirən haçaquyruq qaranquşlar da Adəm övladına əmanətdir və bu əmanəti yaxşı qorumalıyıq, qədir-qiymətini bilməliyik. Əkib-biçəndə də, qurub-yaradanda da düşünməliyik ki, görəsən, Tanrı əmanətini necə qoruduq, gələcək nəsillərə necə ötürdük? Qarşıdan ululardan ulu bir xalq olan azərbaycanlıların ən əziz bayramı gəlir. Nə xoş sizə ki, hələ də öz dəyərlərinizə sadiqsiniz, mənə qarşı ehtiramlısınız. Yenə səməni cücərtmisiniz, mənim şəffaf aynam olan bulaq başına çıxmısınız. Öz niyyətinizi Tanrının pak yadigarı olan suya demisiniz. Demisiniz ki, qoy xalqımız hər zaman əmin-amanlıqda yaşasın, yurdumuzun üzərini bürüyən qara buludlar çəkilib getsin, azad, firavan ölkə olan odlar yurdunda övladlarımız ən xoş günlər görsünlər, adət-ənənələrimizi davam etdirsinlər, dəyərlərimizi, inanclarımızı yaşatsınlar. İnanın ki, nə qədər Vətəninə-yurduna bağlı oğullarınız, torpağa bağlı insanlarınız var, zəfər də hər zaman sizin olacaq, bahar öz ətrini-təravətini sizdən əsirgəməyəcək. Azərbaycan hər zaman bahar ab-havasında, bahar nəfəsində olacaq!.. 
Yurdumuza bahar gəlir! Soyuqdan-şaxtadan ruhdan düşüb qapqara qaralan ağacların tumurcuqlanıb-yapraqlanması, bir-biri ilə qol-boyun olan minillərin yadigarı çinarların qanadlarını Günəş şüaları qarşısında daha geniş açması, təbiətdə olan hər bir varlıq baharın gəlişindən xəbər verir. Yazın gəlişi ilıq bahar rüzgarlarının nəvazişli oxşayışı, hərarətə həsrət qalan nazlı, boynubükük bənövşələrin Günəşə dönüşü, ətir saçmasıdır. Bu təkcə təbiətin qanunlarına uyğun olaraq yaz fəslinin gəlişi deyil. Bu, insanın hər gün yatıb yenidən oyanması kimi, təbiətin də dirilişi, dünyada minillərdir var olan ahəngin xəbərçisidir. Bu əzəmətli diriliş, bu xoş xəbər qarşısında insan necə aciz qalmasın. Hər şey bir-biri ilə bağlı, hər şey bir-biri ilə əlaqəlidir. Sabah erkəndən böyük sevinclə doğan, axşam hüznlə qüruba doğru əyilən Günəş də, qaranlıqda yaşıl talaları, bağ-bağçaları xüsusi sehrlə bizə göstərən Ay da baharı müjdələyir. İnsanları ehtizaza gətirən bu mənzərələr qarşısında isə ana təbiət qarşısında ehtiramla baş əyib deyirəm: Yurdumuza xoş gəlmisən, ey fəsillər gözəli!

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR