25 Dekabr 2024, Çərşənbə

Avqustun 30-da Türkiyə Cümhuriyyətinin dövlət teatrlarından biri olan Trabzon Dövlət Teatrı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı Uğur Saatçının “Bu da Geçer Ya Hu” əsərini teatrsevərlərə təqdim edəcək.
20 ildir, teatrsevərlərlə görüşən Trabzon Dövlət Teatrının muxtar respublikanın teatr səhnəsində çıxışını təşkil edən Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğundan qəzetimizə bildiriblər ki, Barış Erdenkin quruluş verdiyi tamaşa Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutan 30 avqust Zəfər bayramının növbəti ildönümü münasibətilə nümayiş etdiriləcək.
Əsərdə əsrin əvvəllərində İstanbulun müttəfiq dövlətlər tərəfindən işğalı təsvir edilir. Gözlənilmədən işğal orduları komandanı admiral Qoldhartın yavəri vəzifəsini icra etməyə məcbur olan yüzbaşı Süha yoldaşları ilə çıxardığı satirik bir jurnalda admiralın başını balqabaq şəklində təsvir edir və jurnalın nəşri dayandırılır. Əsərdə Sühanın kiçik qardaşı Kamal və onun yoldaşı Falih obrazları da özünəməxsus şəkildə yaradılıb. Süha milli mübarizənin, Kamal və Falih isə nəşri dayandırılan jurnalın dərdinə düşərkən təsadüfən admiralın yaxın qohumu ortaya çıxır və planlar üst-üstə düşür. Anadolu alovlar içində yanarkən bir ovuc insan nələrsə etməyin yolundadır. “Bu da Geçer Ya Hu” işğal ağrısı çəkən İstanbulun hər nə bahasına olursa-olsun, mübarizə aparan insanlarının güldürən bir hekayəsidir...
Qeyd edək ki, illər öncə türklüyün daha bir şərəf tarixi yazılıb. Həmin tarixi gün – avqustun 30-u münasibətilə xalqa müraciət edən Mustafa Kamal Atatürkün “Böyük türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir” sözləri, ümumilikdə, Türkiyə üçün yaşam şüarına çevrilib.

Səbuhi HÜSEYNOV

Müstəqil dövlətimizin təməlləri möhkəmləndikcə, iqtisadi inkişafı artdıqca milli-mənəvi dəyərlərimizin, milli ədəbiyyat və mədəniyyətimizin öyrənilməsinə, inkişaf etdirilməsinə dövlətin diqqət və qayğısı günbəgün artır. Bu qayğının əməli ifadəsi olan görkəmli Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 iyun 2013-cü il tarixdə, eləcə də 28 iyun 2013-cü il tarixdə M.Arazın ev-muzeyinin yaradılması haqqında imzaladığı sərəncamlar diqqəti cəlb edir. Təsadüfi deyildir ki, mədəniyyətimizin və ədəbiyyatımızın görkəmli bilicisi, milli-mənəvi dəyərlərimizin hamisi ulu öndər Heydər Əliyev bu qüdrətli söz ustasının yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur”.

Ümumiyyətlə, şeir mənsub olduğu xalqın dilinin ən fəal daşıyıcısı və keşikçisidir. Eyni zamanda şeir canlı xalq danışıq dili fondunun etibarlı xəzinəsi və salnaməsidir. Ana dilinin müasir imkanlarını mükəmməl şəkildə poeziya özündə təcəssüm etdirir. Bütün bunlar bir çox görkəmli Azərbaycan şairlərinin, o cümlədən Xalq şairi Məmməd Arazın şeir və poemalarında bir daha öz təsdiqini tapır. Məmməd Araz sənəti Ana dilimizin şeriyyət imkanlarının mühüm göstəricisidir.
Məmməd Arazın yaradıcılığı obrazlı fikir və ifadələrlə zəngindir. Bu obrazlılıq şairin yüksək poetik və xəlqi sənətinin uğurlarından, üstünlüklərindən biridir. Doğrudur, obrazlılıq, xüsusilə poetik obrazlılıq bədiiliyin bir növü, lakin əlavə keyfiyyətlər qazanmış bir formasıdır; poetik obrazlılıq, sadəcə, bədiilik deyil, dilin fəlsəfəsidir. Obrazlılıqda bədiilikdən əlavə, şəkillilik və əyanilik, sərrast və güclü müqayisə, qüvvətli məcazi məna da olur. Obrazlılıq estetik gözəlliyin bədii üslubda ən yüksək həddidir, qeyri-adilik və poetiklik keyfiyyətidir. Onun ilk nümunələrini tarixən xalq, ən mükəmməl nümunələrini isə ayrı-ayrı sənətkarlar yaradır. Xalq şairi Məmməd Araz da belə ustad sənətkarlardan biridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə rayonun Ləkətağ Kənd Mərkəzində “Gənc nəslin mənəvi tərbiyəsində xalq yaradıcılığının əhəmiyyəti” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli xalq yaradıcılığının təbliği istiqamətində bölgədə görülən işlər barədə məlumat verib. Ləkətag kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Tural Qafarov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Nizami Əzizəliyev bildiriblər ki, milli dəyərlərimizin tərkib hissəsini təşkil edən xalq yaradıcılığı nüminələri minillər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çıxıb. Bu nümunələr xalqımızın milli-mənəvi dəyərləri içərisində xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Sonra qədim xalq sənətinin ağac­işləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, xalçaçılıq, toxuculuq və sair sahələri üzrə rayon ərazisindən tapılan və rayonun Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılan nümunələrdən ibarət sərgiyə baxış olub.
Belə tədbirlərin digər bölgələrdə də keçirilməsi davam etdirilir.

Firəngiz HÜSEYNBƏYLİ

Bu gün muxtar respublika həyatının bütün sahələrini əhatə edən inkişaf və tərəqqi regionun mədəni həyatında bütün çalarları ilə özünü daha qabarıq şəkildə göstərməkdədir. Bunu Kəngərli rayonunun timsalında da görmək mümkündür. Bölgədə yüksək səviyyədə hazırlanaraq həyata keçirilən mədəni-kütləvi tədbirlər, əlamətdar günlərlə bağlı ədəbi-bədii kompozisiyalar siyasi-ideoloji və bədii-estetik baxımdan diqqəti çəkir.
Bölgənin mədəni həyatı ilə yaxından tanış olmaq üçün bu günlərdə Kəngərli rayonuna üz tutduq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyovla həmsöhbət olduq. Şöbə müdiri bildirdi ki, rayonda 1 mərkəzləşdirilmiş kitabxana və onun 11 filialı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahtaxtinskilər Muzeyi, 2 Uşaq Musiqi Məktəbi, rayon Mədəniyyət Evi fəaliyyət göstərir. Bundan əlavə, 5 kənd mədəniyyət evi, 5 kənd klubu Kəngərli rayon sakinlərinin xidmətindədir. Onu da qeyd edək ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri bu bölgənin mədəniyyət müəssisələrini də əhatə etmiş, rayonun Şahtaxtı, Qarabağlar, Çalxanqala, Yeni Kərki, Qabıllı, Böyükdüz, Təzəkənd və Xıncab kəndlərindəki mədəniyyət müəssisələri müasir binalarda yerləşdirilmişdir. 2012-ci il may ayının 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, rayon Mədəniyyət Evinin açılışı rayon sakinlərinin uzun müddət yaddaşında yaşayacaq. Bu ünvanlarda yaradılmış hərtərəfli şəraiti onlar insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün göstərilən böyük qayğı kimi dəyərləndirirlər. Məlumat üçün bildirək ki, adıçəkilən parkın ərazisində yerləşən ikimərtəbəli Mədəniyyət Evinin sahəsi 1743 kvadratmetrdir. Binanın birinci mərtəbəsində inzibati otaqlar, 286 yerlik tamaşa zalı, ikinci mərtəbədə 6 inzibati otaq, dekorasiya və qrim otaqları istifadəyə verilmişdir. Mədəniyyət Evinin foyesində bir neçə sərgi təşkil edilmişdir. Bunlardan biri ümummilli liderimizin həyat və siyasi fəaliyyətini özündə əks etdirir. Sərgi zənginliyi ilə diqqəti cəlb edir. Dahi rəhbərə böyük hörmət və ehtiramın ifadəsi olan sərgidə ulu öndərin mədəniyyətin inkişafına göstərdiyi qayğı da öz əksini tapmışdır.

Ardını oxu...

Azərbaycan poeziya kəhkəşanında ən parlaq ulduzlardan birinə çevrilən Xalq şairi Məmməd Arazı yaxından görmək, onunla üz-üzə dayanıb söhbət etmək səadəti mənə də qismət olub.
1967-ci il oktyabr ayının ortaları idi. Son kursunda təhsil aldığım Naxçıvan Pedaqoji Məktəbində xəbər yayıldı ki, axşam məktəbin akt zalında şair Məmməd İbrahimlə (onda bu təxəllüslə tanınırdı) görüş keçiriləcək, bütün ədəbiyyat və şeir həvəskarları ora dəvət olunur. O vaxtlar bizə “Pedaqogika” fənnini tədris edən müəllimimiz, şair Adil Qasımov məni çağırıb tapşırdı ki, pedaqoji məktəbdə fəaliyyət göstərən ədəbiyyat dərnəyinin bütün üzvlərinə (Adil Qasımov həmin dərnəyin rəhbəri, mən də dərnəyin orqanı olan “Könül duyğuları” adlı divar qəzetinin redaktoru idim) çatdırım ki, axşam mütləq Məmməd İbrahimlə görüşdə iştirak etsinlər... Bütün dərnək üzvləri həmin görüşdə iştirak etdilər.
Pedaqoji məktəbdə əvvəllər də belə tədbirlər keçirilmişdisə də, görüş zalını heç vaxt belə dolu görməmişdik, hətta zala əlavə stullar qoyulmasına baxmayaraq, arxa sıralarda ayaq üstə duranlar da var idi. Tədbiri məktəbin direktoru mərhum Əsgər Əhmədov açdı. Məktəbin ədəbiyyat müəllimi Şəmil Allahverdiyev şairin yaradıcılığı haqqında geniş məruzə etdi, onun şeirləri bədii qiraət olundu. Məmməd Araz tədbir iştirakçılarını salamlayandan sonra yenicə nəşrə başlayan və özünün məsul katibi olduğu “Ulduz” jurnalının fəaliyyətindən, bu jurnalda gənclərin yaradıcılığına daha geniş yer veriləcəyindən danışmaqla biz tələbələrə jurnala abunə yazılmağı tövsiyə etdi. Sonda özünün yeni yazdığı “Uçqun”, “Professor Gülə məktub” və digər şeirlərini oxudu, müəllim və tələbələrin suallarını cavablandırdı. Bu görüş o qədər maraqlı və yaddaqalan oldu ki, müəllim və tələbələr arasında günlərlə bu barədə söhbət getdi. Mən bir gənc kimi həmin görüşün təsiri və romantik xəyalları ilə bir müddətdən sonra şairə məktub yazıb göndərdim, bizimlə keçirilən görüşdə oxuduğu şeirləri, ya da kitabını mənə göndərməsini xahiş etdim. Bir neçə gündən sonra poçtalyonun mənə verdiyi məktubu açıb oxuyanda sevindiyimdən uçmağa qanadım çatmırdı. Məmməd Arazın mənə yazdığı məktubu bu gün də ən əziz xatirə kimi arxivimdə saxlayıram.

Ardını oxu...

Stolumun üstündəki yenicə çapdan çıxmış növbəti kitabın adını oxuyarkən xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci ilin iyununda Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində səsləndirdiyi bir fikri xatırladım. Ulu öndərimiz Heydər Əliyev o nitqində deyirdi: “Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır – əgər onlar şəxsiyyətdirlərsə. Bir də ki bu şəxsiyyətlərin yaratdıqları əsərlər, qoyub getdiyi irs bu tarixi yaradır”. Şah əsəri müstəqil Azərbaycan olan görkəmli dövlət xadimi Heydər Əliyevin nitqindəki bu həqiqət Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayevin yenicə çapdan çıxan “Tarix yaradan şəxsiyyətlər salnaməsi” adlı kitabında bir daha təsdiqini tapmaqdadır. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çap olunan yeni kitabın elmi redaktoru Naxçıvan Dövlət Universitetinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zaman­ov, rəyçiləri Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlidir.

Ardını oxu...

İmzası oxuculara yaxından tanış olan Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Hafizə Əliyeva müraciət etdiyi mövzuların mahiyyətini açmağa çalışan qələm sahibi kimi məhsuldar fəaliyyət göstərir. Ara-sıra bədii yaradıcılıqla da məşğul olur. Onun 2009-cu ildə çapdan çıxan “Naxçıvan necə döyüşdü, necə müdafiə olundu?” kitabı ötən əsrin 80-ci illərinin sonunda muxtar respublikanın yaşadığı ağır günlərdən bəhs edir. Müəllif öz oxucuları ilə yenidən görüşə gəlib. Onun yeni çapdan çıxan “Müstəqilliyin işığında Babək” adlı kitabı ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə yaradılmış Babək rayonuna həsr olunub. Kitabda oxucu son illər bu bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, müəllifin müxtəlif sahələrdə qələmə aldığı və mətbuat səhifələrində dərc edilmiş yazıları ilə tanış olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar” fikri ilə açılan kitabda bu qənaətin doğruluğu bir daha təsdiq edilir.
Kitab 7 bölmədən ibarətdir. “Daşa yazılan tariximiz” adlı birinci bölmədə Babək rayonunda həyata vəsiqə alan quruculuq obyektləri haqqında yazılar toplanılıb. Bu bölmə vasitəsilə oxucu Babək rayonunda qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı və müxtəlifistiqamətli quruculuq tədbirlərinin həcmi ilə tanış olmaq imkanı tapır.

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəllərində Şərur-Dərələyəzdə, eləcə də Naxçıvanda xalq maarifinin və teatrın təşəkkülündə mühüm rol oynamış maarifpərvər ziyalılar içərisində Ələkbər Molla Süleyman oğlu Süleymanovun da öz yeri vardır. Ələkbər Süleymanov 15 mart 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhər ibtidai məktəbini bitirdikdən sonra 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə qəbul olunmuş və 12 iyun 1882-ci ildə həmin seminariyanı bitirmişdir.

İrəvan və Yelizavetpol Quberniya Xalq Məktəbləri direktorunun əmri ilə Ələkbər Süleymanov Şərur qəzasının təzə açılmış Yengicə kənd məktəbinə müdir təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərdən aydın olur ki, ikisinifli Yengicə kənd məktəbi camaatın könüllü ianələri, qismən də xəzinə hesabına açılmışdır. Məktəbdə ilk tədris ilində 11 şagird təhsil almışdır. 1890-cı ilin avqustuna kimi Yengicə məktəbinin müdiri vəzifəsində çalışan və rus dilini tədris edən Ə.Süleymanov 25 sentyabr 1890-cı il tarixdən Baş Noraşen (indiki Cəlilkənd) ikisinifli kənd məktəbində müəllimlik etmiş və öz ərizəsi əsasında İrəvan və Yelizavetpol Quberniya Xalq Məktəbləri direktorunun 17 iyul 1894-cü il tarixli əmri ilə azad olunmuşdur.
Baş Noraşen məktəbində 1890- 1894-cü illərdə Ələkbər Süleymanovla birlikdə Məhəmməd bəy Lütvəli bəy oğlu Qazıbəyov, Əbulqasım Sultanov, Rəhim Rəhimov, Kərim bəy Səfiyev, Fərzəli Fərzəliyev və başqaları da şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşlar.

Ardını oxu...

Rza Təhmasib adına Şərur Xalq Teatrı avqustun 15-də daha bir yeni tamaşasını – Cahangir Aslanoğlunun ikipərdəli “Qısqanc ər” komediyasını tamaşaçılara təqdim etmişdir. Komediya ailə-məişət mövzusundadır. Aktyorlardan Nemət İsmayılovun, Pərvan Cabbarovun, Nurbəniz Niftəliyevanın, Elçin Arzumanlının, Elnur Rzayevin, Əsfər Novruzovun rol aldıqları səhnə əsəri tamaşaçılarda xoş ovqat yaratmışdır.
Qeyd edək ki, bu xalq teatrının özünəməxsus dəst-xətti var. Son illər teatra göstərilən dövlət qayğısı bu mədəniyyət müəssisəsinin daha böyük uğurlara imza atmasına stimul olmuş, kollektiv Nəsimi Əyyuboğlunun rejissorluğu ilə Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, Çexovun “Ayı”, Ü.Hacıbəylinin birpərdəli pyesləri əsasında “Quyruqlu ulduz” və sair əsərləri tamaşaya qoymuşdur.

Xəbərlər şöbəsi

“Məsnəvi”nin üçüncü cildi işıq üzü görüb

Müstəqil dövlətimizin iqtisadi-siyasi inkişafı artdıqca milli və bəşəri dəyərlərə, onun qorunub inkişaf etdirilməsinə diqqət və qayğı günümüzün reallığına çevrilmişdir. Bu mənada Naxçıvan Muxtar Respublikasında həyatımızın bütün sahələrində, xüsusilə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən tədbirlər qədirbilən xalqımız, ziyalılar tərəfindən böyük razılıq hissi ilə qarşılanmaqdadır.
Muxtar respublikada ədəbiyyat və mədəniyyətin inkişafına yaradılan münbit şəraitin bir ifadəsi də Yaxın Şərq ədəbiyyatının qiymətli incilərindən sayılan, mənəviyyat kitabı mərtəbəsinə yüksələn Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinin üç cilddə tam şəkildə nəşrinin başa çatdırılmasıdır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində bu dəyərli hikmət xəzinəsinin üçüncü, sonuncu cildi işıq üzü görmüşdür.
Bu fundamental nəşrin təşəbbüsçüsü və kitabın baş məsləhətçisi milli mədəniyyətimizi, elmimizi qoruyub inkişaf etdirən, ziyalılığa yüksək dəyər verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur. Kitabın redaktoru akademik İsa Həbibbəylidir.
Böyük türk alimi, şair və filosofu Cəlaləddin Rumi ortaq mədəniyyətimizin dünya tarixinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. Onun qələmindən çıxan “Məsnəvi”, “Fihi ma fih”, “Divani-kəbir”, “Məktubat”, “Məcalisi-səba” kimi bənzərsiz əsərlər aradan yüz illər keçməsinə baxmayaraq, bu gün də dünyanın bütün guşələrində maraqla oxunmaqdadır.

Ardını oxu...

Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, Xalq şairi Məmməd Araz ədəbiyyata öz səsi, öz nəfəsi olan şairlərdən biri kimi gəldi. Məmməd Araz köhnə sözə təzə can, təzə nəfəs verdi. Xətainin qılıncını suvarıb poeziyanın Məmməd Araz qələmini göyərtdi. Bu qələm ağrı-acılarımızın tərcümanına çevrildi. Sözün qədrini artırdıqca Məmməd Araz bir şair kimi öz qədrini, öz qiymətini artırdı. “Köhnə qafiyələr – çaylaq daşları”, – deyən şair söz-sənət qalasını, ölümsüzlük bürcünü xalqın söz xəzinəsinə baş vuraraq tapdığı incilərdən yaratdı. O, xalq xəzinəsinin necə zəngin, əsrarəngiz bir xəzinə olduğunu bir daha təsdiqlədi.

Vətən torpağına sonsuz sevgini böyük ilhamla tərənnüm etmək hər şairə qismət olan səadət deyil. Çünki şair Vətən torpağına hansı sevgi, hansı məhəbbətlə yanaşırsa, oxucu da o şairin şeirlərinə eyni sevgi ilə yanaşır. Azərbaycan haqqında çox şeirlər yazılıb. Hələ çox şeirlər də yazılacaqdır. Ancaq bu şeirlər içərisində Məmməd Arazın Vətənə həsr etdiyi şeirlərin öz məna yükü var:

Ardını oxu...

Ramazan bayramının xalqımızın qəlbində ayrıca bir yeri var. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini  qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız  “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

Orucluğun başa çatdığı gün Ramazan bayramı kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edilər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkan­lıların fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar.

Ardını oxu...

“Qurani-Kərim”də elm və texnologiyadan bəhs edən yüzlərlə ayə mövcuddur

Müsəlmanlar üçün müqəddəs və mübarək ay olan Ramazan ayının on  bir ayın sultanı adlandırılmasının əsas səbəblərindən biri də “Qurani-Kərim”in bu ayda nazil olmağa başlamasıdır. “Qurani-Kərim” son Peyğəmbər həzrəti Məhəmmədə 610-cu ildə məleykələrdən Cəbrail vasitəsilə Hira mağarasında Ramazan ayının Qədr gecəsində vəhy olunmasıyla  meydana gəlmişdir. “Qurani-Kərim” 23 il müddətində hissə-hissə endirilmiş və 114 surədən ibarətdir.

“Quran” sözünün tərkibindəki “q”, “r”, “a” hərf birləşmələri ərəb dilində “oxumaq” felinin kökü olub, “oxumaq”, “qiraət etmək” mənalarını verir. “Quran”ın Yer üzünə endirilən ilk ayəsi “Ələq” surəsinin ayələridir ki, Allah bu ayələrdə belə buyurur: “Ya Peyğəmbər! “Qurani-Kərim”i bütün məxluqatı yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi”.
“Qurani-Kərim”in ilk əmrinin “oxumaq” olması və ardınca insanın bilmədiklərini Allah-Taala tərəfindən ona qələmlə öyrədilməsinə işarə olunması insanlıq tarixində “Quran”ın gəlməsi ilə yeni bir dövrün başlandığına işarədir. Belə ki, artıq yeni bir dövr – elm və mədəniyyət dövrü başlamış, bu dövrün də açarı oxumaq və qələmlə yazmaq olmuşdur. “Qurani-Kərim” son ilahi kitab olduğuna görə insanların bütün mənəvi ehtiyaclarını ödəmək üçün göndərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və sair kimi zinət əşyaları burada hələ ilk orta əsrlərdə zərgərlik sənətinin nə qədər yüksək səviyyədə inkişaf etdiyini göstərir. 

Zərgərliyin döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minasazlıq üsullarında hazırlanan sənət nümunələri öz orijinal formaları və naxışları ilə xüsusilə fərqlənir. Maraqlı cəhətlərdən biri əcdadlarımız tərəfindən düzəldilən zərgərlik nümunələri üzərində bəzək ünsürlərindən beş, altı, səkkiz və onguşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilməsidir. Qədim Naxçıvanda məişət əşyaları, silah, zinət nümunələri, əsas etibarilə, altı texniki üsuldan istifadə edilərək hazırlanmışdır. Həmin üsullardan ən qədimi döymə olmuşdur. Bu üsul başqa texniki üsullarla müqayisədə çox sadədir.
Naxçıvanlı zərgərlər kəmər, düymə, qolbaq və sair kimi nümunələrin hazırlanmasında basma üsulundan da istifadə etmişlər. Bu üsulla zinət əşyaları, ev avadanlıqları və silahlar bəzədilmişdir.

Ardını oxu...

Biri var idi, biri yox idi... Belə rəvayət edirlər ki, Nuh Peyğəmbər Yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, Allahın lazım bildiyi kəsləri və hər canlıdan bir cüt götürüb gəmiyə mindirmişdi. Gəmi səfər zamanı Haçadağa, Ordubaddakı  Ələngəz və Araz sahilindəki Kəmki dağlarına toxunub keçdikdən sonra Gəmiqayada lövbər salmışdı. Su çəkildikdən sonra gəmidəkilər quruya ayaq basmış, onları bu fəlakətdən qurtardığına görə Uca Yaradana dua etmişlər...

Bəli, həyatın davam etməsi üçün Uca Tanrı bəşəriyyətin ən qədim insan məskəni olan bu əraziyə münbit torpaqlar, sulu çeşmələr, bol Günəş işığı bəxş etmişdir. Zəngin iqlim qurşağı, saf su yataqları, məhsuluna dad verən bərəkətli torpaqlar bəşəriyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Bu yurd yerində insanların yaşamaq uğrunda mübarizəsi ana təbiətdən istifadəyə əsaslanırdı. “Mədəniyyət” sözünün latıncadan tərcüməsinin “becərmək”, “əkmək”, “bəsləmək” olduğunu nəzərə alsaq, deməli, insanoğlu həm də bu yurdun ilkin mədəniyyətini formalaşdıracaqdı. Bu isə yaşı min­illiklərlə ölçülən qədim Naxçıvan torpağında böyük bəşəriyyətin gələcək sivilizasiyasına təkan verəcək ibtidai icma mədəniyyətinin yaranmasını labüdləşdirirdi.

Ardını oxu...

Milli dəyər həm də bir cəmiyyətin, bir millətin mənəvi dəyər və həyat pisixologiyasını özündə ehtiva edən ənənələr toplusudur. Təsadüfi deyil ki, millətin psixologiyasını, onun yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar, ilk növbədə, həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Milli dəyərlər təkcə bir dövr insanının arzu və istəklərindən ibarət deyil. Bu ənənələr toplusu həm də xalqın düşüncə keçmişini, indisini və gələcəyini formalaşdıran bir genefonddur. Buna görədir ki,  milli dəyərlərin yaşadılmasına və onun təbliğinə ciddi diqqət yetirilir. Milli dəyərlərin yaşadılması bir xalqın milli-mənəvi irsinin nəsildən nəslə ötürülməsi deməkdir.

Danılmaz faktdır ki, Azərbaycan xalqının taleyində baş verən mühüm hadisələr, İslam dininin qəbul edilməsi milli dəyərlərimizə istər dünyəvi, istərsə də dini baxımdan yeni koloritlər gətirmişdir. Bu baxımdan xalqımıza məxsus milli dəyərlər olduqca zəngin və çoxşaxəlidir.

Ardını oxu...

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ulu əcdadlarımızın bədii təfəkkür və yaradıcılığına yurdumuzun gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi böyük təsir göstərmişdir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Rəssamlıq təsviri sənətin bir növü olub, burada real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması və sair kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur. Rənglərin dili ilə danışan gənc bir rəssam kimi onu sevənləri hər dəfə yeni əsərləri ilə heyrətə salır Həbibə Allahverdiyeva. Azərbaycanın qədim diyarı Naxçıvanın dilbər guşələrindən biri olan Şahbuz rayonunun Külüs kəndində 1981-ci ilin iyun ayında anadan olan Həbibə Allahverdiyeva 1998-ci ildə orta məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasına qəbul olunub. 2002-2004-cü illərdə pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura təhsili pilləsində təhsil alıb. 2005-ci ildən isə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim vəzifəsində çalışır.

Ardını oxu...

Avqustun 2-də Azərbaycan Kinosu Günü münasibətilə Naxçıvan Dövlət Film Fondunda “Milli kino sənətinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il dekabr ayının 18-də imzaladığı Sərəncama əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Bildirilmişdir ki, 115 illik tarixi olan milli kino sənətimiz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində parlaq inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən əsrin 70-80-ci illəri kino sənəti tariximizə “Azərbaycanfilm” kinostudiyasının əsl inkişaf və tərəqqi dövrü kimi yazılmışdır. Bu dövr Azərbaycanda ən çox film istehsal olunan illər kimi xatırlanır. Belə ki, həmin illərdə 110 bədii, 500 sənədli, elmi-kütləvi, 44 cizgi filmləri, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılmışdır. Bütün bunlar dahi rəhbərin kino sənətimizə, incəsənət və kino sənətində çalışan insanlara göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Bu dövrdə ulu öndərin kino sənətkarları ilə görüşləri ənənəyə çevrilmiş, Azərbaycanda başqa ölkə­lərin kino günləri, kino festivalları keçirilmişdir.

Ardını oxu...

Çağdaş Azərbaycan şerində qüdrətli qələmi ilə milyonların qəlbinə yol tapan Xalq şairi Məmməd Araz yüksək poetik dilə malik bir sənətkardır. Onun poeziyası vətəndaş lirikasının ən gözəl nümunələri olub, mövzu və məzmunca rəngarəngdir, qollu-budaqlıdır. O, hər nədən yazırsa-yazsın, vətəndaş mövqeyindən çıxış edir, inamlı və məsləkli bir poeziya dünyası yaradırdı.
Onun yaradıcı­lığını xarakterizə edən əsas cəhətlərdən biri sözdən məharətlə istifadə etməsi, kəşf etdiyi söz planetini ustalıqla idarə etməsidir. M.Arazın şairlik qüdrəti sözünün gücündə və hikmətindədir. Onun dilində söz diridir, canlıdır. Şairin hər sözü, hər misrası poetik tapıntıdır. İstedadlı şair hər adi söz və ifadəyə, misraya elə poetik çalar, elə rənglər vurur ki, oxucu onu ədəbiyyatda tapıntı kimi görür, onun söz dünyasına heyran qalır. Bu söz dünyası şairin şöhrət tacıdır. O, hər nə deyirsə, tutarlı deyir; ən əsası, heç kimin deyə bilmədiyini deyir, yersiz söz işlətmir, sözün qədir-qiymətini dərindən dərk edir, az sözlə dərin məna ifadə etməyi bacarır, sözü düzgün ünvanlandırır:

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə rayonun Qarxun kənd mədəniyyət evində tədbir keçirmişdir.
Tədbirdə mərkəzin direktoru Nizami Əzizəliyev, Qarxun kənd tam orta məktəbinin direktoru Elman Məmmədov, Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Tahirə Tahirova çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlamışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyondan artıq kitab verilmiş, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması ən böyük milli dəyərimiz olan Ana dilimizin saflığının qorunması, dilimizin imkanlarının təbliği baxımından əhəmiyyətli olmuşdur.
Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Sarayında fəaliyyət göstərən “Arpaçay” instrumental ansamblının solistlərinin ifasında səslənən musiqi nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki “Ana dili” abidəsi önünə gül dəstələri qoymuşlar.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.

Ardını oxu...

Bu gün Azərbaycan kinosunun yaranmasının 115 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si “Azərbaycan Kinosu Günü” elan edilmişdir.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.
Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmış, mərhələli şəkildə müxtəlifjanrlı filmlər yaradılmışdır. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar… Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.

Ardını oxu...

Niyə də görünməsin? Ulu diyar Naxçıvanın möhtəşəm mənzərəsi gündüzü ilə bərabər, gecəni də heyran qoyur özünə. Təmiz küçələr, hamar yollar, bir-birindən yaraşıqlı binalar gecələr də gözəl görünür. Bu isə naxçıvanlıların arzuladığı günlər idi. İndi doğma diyarım qaranlıqdan azad olunmuş məmləkətdir. Bir zamanlar işığa həsrət qalmasına baxmayaraq, indi nura qərq olub. Parkların işıqlı görünüşü qoca Şərqin ulu torpağını daha  da ecazkar edir.  Əvvəllər şəhərdə “Böyük bağ”dan başqa, yaşıllığı olan istirahət guşəsi tapmaq olmurdu. Bu günsə, az qala, hər yaşayış binasının önündə bir park, istirahət guşəsi yaradılıb.  Ürək dağa dönür.

...Budur, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkındayıq. Bir anlıq buranın uzun illər bundan əvvəlki görkəmi yadıma düşdü. Yaxşı xatırlayıram, bir vaxtlar bura həsir və polietilendən düzəldilən köşklü bazara oxşayırdı. Axşamlar isə burada bir nəfər də olsun, tapa bilməzdin. İndi bura əsl istirahət məkanıdır. 4,7 hektar ərazisi olan park xüsusi layihə əsasında yenidən qurulub. Burada yaraşıqlı fəvvarə və şəlalə kompleksi yaradılıb, kanalda qayıqla gəzinti təşkil edilib, hər cür hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub, dekorativ ağac və gül kolları əkilib, gülkarlıqlar salınıb.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi” qeyd olunur.
Azərbaycan dili dünyanın qədim tarixə malik zəngin dillərindəndir. Minillərin sərt sınaqlarından keçən ana dilimiz xalqımızın ən ali milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Dilimiz öz ifadə imkanlarının zənginliyi, fonetik tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə seçilir. Müasir Azərbaycan dili ictimai-siyasi, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim zənginləşən bir dildir.

Ardını oxu...

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2013-cü ilin ilk 6 ayının yekunları ilə bağlı “Şərq qapısı” qəzeti redaksiyası Naxçıvan Mətbuat Şurası ilə birgə yığıncaq keçirmişdir. Tədbirdə məruzə ilə çıxış edən “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov 2013-cü ilin birinci yarısında görülən işlər, işdə buraxılan nöqsanlar və qarşıda duran vəzifələrdən danışmışdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov şəhər və rayon qəzetlərinin 6 aylıq fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, cari ilin ilk 6 ayı ərzində hər bir qəzet ayrı-ayrılıqda quruculuq, kənd təsərrüfatı, ordu quruculuğu, vətənpərvərlik və sair mövzularla birlikdə respublikamızda qeyd olunan əlamətdar, tarixi günləri öz səhifələrində işıqlandırmağa səy göstərmişdir. Bununla yanaşı, şəhər və rayon qəzetlərinin fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz. Əməkdaşlar çalışmalıdırlar ki, yaradılan şərait müqabilində öz işlərini günün tələbləri səviyyəsində qura bilsinlər.
Yığıncaqda “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov çıxış edərək qarşıdakı 6 ayda əməkdaşların daha fəal çalışacaqlarına, göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə əminliyini bildirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli çıxış etmişdir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda əhalinin, xüsusilə gənc­lərin asudə vaxtlarının səmərəli təşkili, nümunəvi istirahəti üçün müasir istirahət ünvanlarının yaradılmasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı kimi Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinin kinoteatrında 2D və 3D formatlı filmlərin nümayişinə imkan yaradan yeni avadanlıqlar quraşdırılıb. 3D formatlı filmlərin nümayişi ABŞ istehsalı olan Barko aparatı vasitəsilə mümkün olacaq. Belə formatlı filmləri izləmək üçün biletlərin qiyməti 3 AZN miqdarında müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, tamaşaçılar üçün bilet əldə etmək prosesi də mərkəzdə quraşdırılan yeni kassa aparatı vasitəsilə xeyli asanlaşdırılıb. Belə ki, bilet əldə etmək istəyən hər hansı bir şəxs kassaya yaxınlaşaraq quraşdırılmış monitor vasitəsilə istədiyi sıranı və yeri sifariş edə biləcək. Yeni kassa aparatı kinosevərlərə internet üzərindən bilet sifariş etmək imkanı da yaradacaq. Beləliklə, film izləmək istəyən tamaşaçılar internet üzərindən bəyəndiyi filmləri seçə, bilet sifariş edə və zalda istədikləri yeri tuta biləcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 2013-cü ilin yay mövsümündə məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbirlər həyata keçirir. İndiyədək kitabxananın kollektivi tərəfindən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında, “Böyükbağ”da, Dədə Qorqud meydanında, Heydər Əliyev prospektindəki 13, 79, 15 və 81, Atatürk küçəsindəki 9 və 11 nömrəli yaşayış binalarının həyətlərində “Kitab bayramları” və “Kitab sərgiləri və oxuları”, 7 və 10 nömrəli uşaq bağçalarında “Uşaqların nağıl dünyası” adlı kitab sərgiləri təşkil olunub.
İyulun 24-də isə kitabxananın kollektivi “İstiqlal” küçəsində yerləşən 73 və 75 nömrəli yaşayış binalarının həyətində azyaşlı uşaqları öz ətrafına toplayıb. Bu dəfə “Kitabı sevin – kitab bilik mənbəyidir” adlı kitab sərgisi və oxusu keçirilib. Açıq tədbirdə “Heydər Əliyev ili” münasibətilə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitabların oxu və müzakirəsinə geniş yer verilib.
Kitabxananın direktoru Kamal Axundovun verdiyi məlumata görə, indiyədək keçirilən tədbirlərdə 1500-dən çox məktəbli iştirak edib. Tədbirlər Naxçıvan şəhərinin müxtəlif ərazilərində təşkil olunmaqla avqustun 25-dək davam edəcək.

Xəbərlər şöbəsi

 PİŞROV 

Nağıllar hər zaman “Biri vardı, biri yoxdu” girişiylə – pişrovuyla başlayır. Mənim isə oğluma danışdığım son nağılların ilk cümləsi hər zaman belə olur: “Bir vaxt vardı, heç nə yoxdu”.
Lap uşaqlıqdan gecələri yuxusu gələndə oğluma bibimdən eşitdiyim, daha sonralar özümün oxuduğum və yadımda qalan nağılları danışırdım. Və bir gün yaddaşımdakı nağıllar bitdi. Təkrar danışmaq istəyəndə isə oğlum məndən eşitdiklərini uşaq yaddaşının sadiqliyi ilə birbəbir, cümləbəcümlə deməyə başladı. Nəticədə də, nə mənim danışdığım təkrar nağıla qulaq asırdı, nə də yuxusu gəlirdi. Belə olan halda mən də onunla birlikdə uşaqlaşmalı oldum, danışdığım nağıllarla birlikdə öz uşaqlığıma qayıtdım. Oğluma bu dəfə nağıl əvəzinə öz uşaqlıq həyatımı, ilk dəfə məktəbli olduğum günləri, kənddəki məhəlləmizdə uşaqlarla oynadığımız oyunları, ailəmizdə, evimizdə atamdan, anamdan gördüklərimi, babamın meyvə bağçasından, nənəmin güllü boxçasından, bibimin kitab dolu taxçasından, bir sözlə, gördüklərimdən, şahid olduqlarımdan danış­mağa başladım.

Ardını oxu...

Muxtar respublikamızda ictimaiyyətin nümayəndələri mütəmadi olaraq hərbi hissələrə gedir, zabit və əsgərlərlə görüşürlər. Muxtar respublikamızda fəaliyyət göstərən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu da mütəmadi olaraq əsgərlərimiz qarşısında konsert proqramı ilə çıxış edir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “İnam” musiqi qrupu iyulun 20-də Şahbuz rayonunun Şada kəndində yerləşən “N” hərbi hissənin zabit və əsgərləri qarşısında konsert proqramı ilə çıxış edib.
“İnam” musiqi qrupunun ifa etdiyi musiqi nömrələri zabit və əsgərlərimiz tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

Xalq şairi Məmməd Arazla qonşu kənddənik. Sərhədi Nəzərxan qoruğu, Yaz yurdu, Ağ qaya, İydəli dərə, Toğlu qayadır. Yayın odələyən günlərində Nursudakı Toğlu qaya zirvə bükəklərində əzilməyən dənər qar talaları saxlayır. Elə Xalq şairinin “Qıy vuran qartallar yox oldu çəndə” misrası da zirvəsində yerlə göyün birləşdiyi, çiyinləri qar yüklü, dumanı belində yallı gedən bu dağlara aiddir.

Məmməd Araz doğulduğu torpağın gözəlliyinə müraciətlə:

             ... Bəlkə, bu yerlərə bir də gəlmədim,
             Duman, salamat qal, dağ, salamat qal –

deyir. Azərbaycanın Araz çayı ilə ikiyə bölünməsini heç cür qəbul edə bil­mədi Məmməd Araz. Xalq şairinin bu səsi xalqın səsidir. İlk dəfə onun adını radiodan eşitdim: Sözləri Məmməd İbrahimin, musiqisi Habil Əliyevindir.
O gündən qəlbimdə “kimdir bu “Məmməd İbrahim?” axtarışı baş qaldırdı. Məlum oldu ki, bu, Şahbuzun Nursu kəndinin yetirməsi, universitetin coğrafiya fakültəsini bitirən, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti” jurnallarında çalışan, dərdi Araz qədər qəm yükü olan, “Araz” təxəllüslü, ölkəmizdə və onun hüdudlarından kənarda Məmməd Araz kimi tanınan Məmməd İnfil oğlu İbrahimovdur.

Ardını oxu...

İyulun 22-də Naxçıvan şəhərində Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından tədbir iştirakçılarını, muxtar respublikanın bütün mətbuat işçilərini təbrik etmişdir.

Ardını oxu...

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva açaraq mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri içərisində Babək Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Şərqin səhəri” qəzetinin də özünəməxsus yeri var. Bu qəzetin ilk nömrəsi 1979-cu il yanvar ayının 1-də işıq üzü görüb. “Əmək bayrağı” adı ilə nəşrə başlayan qəzet fəaliyyəti dövründə bölgənin güzgüsü rolunu oynamağa səy göstərib. Ötən əsrin 90-cı illərindəki məlum hadisələr zamanı bu qəzet də maliyyə çətinliyi ilə üzləşib, ayda, bəzən isə iki ayda bir işıq üzü görüb. 1992-ci ildən “Şərqin səhəri” adı ilə nəşr olunan rayon qəzetinin fəaliyyətində olan çətinliklər aradan qaldırılıb. Qəzetin maddi-texniki bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə hərtərəfli şərait yaradılıb.
Tədbirdə qəzetin redaktoru Hafizə Əliyeva, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov, rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Vəliqulu Həsənov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva, İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev, rayon prokurorunun böyük köməkçisi Xalid Mirzəyev və Kərimbəyli kənd tam orta məktəbinin müəllimi Ulduz Əliyeva çıxış ediblər.

Xəbərlər şöbəsi

O, bu gün də mətbuatla nəfəs alır
(Oçerk)

Söhbətə giriş: 2002-ci ilin isti iyun günlərinin birində telefonla “Şərq qapısı” qəzetinə işə dəvət olunanda əvvəlcə duruxdum. Qəzetlə müntəzəm olaraq əlaqə saxladığımdan burada Səxavət Kəngərli, Cəlil Vəzirov, Akif Axundov kimi ölkə mətbuatında tanınmış və özlərini təsdiq etdirmiş jurnalistlərin çalışdığını bilirdim. Belə təcrübəli qələm sahibləri ilə birgə çalışmağın məsuliyyətini düşünəndə təklifdən imtina etmək istədim. Bir gün sonra redaksiyaya gəlib Baş redaktorla xeyli söhbət etdik. Düşündüklərimi ona dedim. Mərhum Məmməd Məmmədovun muxtar respublikada mətbuatın inkişafına böyük qayğı göstərilməsi, bu qayğıya əli qələm tutan ziyalıların əməli işlə cavab vermələri üçün yaradılan şərait barədə söhbətini indi də xatırlayıram. Və o söhbətdən sonra qəzetdə işləməyə razılıq verdim. Bundan sonra Baş redaktor mənə Səxavət Kəngərli ilə bir otaqda oturmağı məsləhət bildi:

– Təcrübəlidir, qayğıkeşdir, gənc­lərlə işləməyi xoşlayır.
Səxavət müəllimə məxsus olan bu keyfiyyətləri onunla birgə işlədiyimiz 10 ildə, demək olar ki, hər saat, hər gün gördüm. Hətta bu gün də görürük. Qocaman jurnalist təqaüdə çıxandan sonra müntəzəm olaraq redaksiyaya gəlir, öz dəyərli məsləhətlərini verir.

Ardını oxu...

İyirminci əsrin ilk onilliklərində Azərbaycan mətbuatının inkişafında Naxçıvan torpağının yetirməsi olan bir sıra ziyalılar mühüm xidmətlər göstərmişlər. Keçən yüzilliyin Azərbaycan dilində çıxan ilk mətbuat orqanı kimi Məhəmməd ağa Şahtaxtlının nəşr etdirdiyi “Şərqi-Rus” qəzetini, ədəbi-ictimai fikir tariximizdə xüsusi mərhələ sayılan, Mirzə Cəlil dühasından nur alan məşhur “Molla Nəsrəddin” jurnalını xatırlatmaq kifayətdir. Həmin mətbuat orqanları haqqında aparılmış tədqiqatlar onları çağdaş nəsillərin yaxından tanımasına şərait yaratmışdır. Lakin eyni sözləri bir başqa naxçıvanlı ziyalı, görkəmli maarifçi ədib Məhəmmədtağı Sidqinin oğlu, görkəmli jurnalist və publisist Məmmədəli Sidqinin (1888-1956) müdiri, yəni redaktoru olduğu “Şeypur” jurnalı barədə deyə bilmərik. Çünki Azərbaycan satirik mətbuatı tarixində önəmli yer tutan “Şeypur” jurnalı indiyədək elmi fikrin diqqətindən kənarda qalmışdır. Jurnal haqqında yalnız bəzi qısa mülahizələr söylənilmişdir ki, bunların da çoxu qeyri-dəqiq, yaxud da birtərəflidir.

”Şeypur” jurnalının cəmi 14 sayı çıxmışdır, onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görmüşdür. Həftədə bir dəfə çıxan bu jurnal Bakıda elektrik “Turan” mətbəəsində nəşr olunurdu. “Şeypur” jurnalının səhifələrində Məmməd­əli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu.

Ardını oxu...

Naxçıvanı qoruyan rəmzlər silsiləsindən VII yazı

Maraqlıdır ki, elə bu bulaqlardan birinin adını xalq arasında bəzən “sirli su” kimi izah edirlər. “Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda Azərbaycanın mineral su ehtiyatının 60 faizi toplanıb. 5,5 min kvadratkilometr ərazidə 250-dən artıq mineral su mənbəyi vardır. Dünyada ikinci bir yer yoxdur ki, Tanrı bu qədər ərazicə kiçik, mahiyyətcə böyük diyarda belə bir möcüzə yaratsın.
Hələ orta əsr səyyah və coğrafiyaşünaslarının əsərlərində Naxçıvan ərazisindəki sular, onların özünəməxsus xüsusiyyətləri haqqında məlumatlar yer alıb. Tanrının bu isti torpaqlarda məskunlaşan insanları qurtarmaq, qorumaq, ən ağır xəstəliklərdən və bəlalardan hifz etmək üçün bəxş etdiyi bu sular zaman keçdikcə həm də Naxçıvanın rəmzinə çevrilib. Bu gün artıq dünya bazarına milli brend kimi çıxarılan “Sirab”, “Badamlı” brendləri, müalicəvi əhəmiyyətli Darıdağ mineral suyu isə, yəqin ki, bu sular içərisində böyük sirri daşıyan üçlük hesab edilə bilər. “Naxçıvanı qoruyan rəmzlər” silsiləsindən VII yazımızı hazır­lamaq haqqında düşünərkən qəzetimizin elektron poçt ünvanına Naxçıvandakı mineral suların tibbi xüsusiyyətləri və müalicəvi əhəmiyyəti ilə bağlı gələn bir yazı ilə ta­nışlığımız da bizi bu üç mineral bulağın Naxçıvanı qoruyan rəmzlər simvolikasında özünəməxsus yer tutduğuna inandırdı.

Ardını oxu...

Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi Şərur Şəhər Mədəniyyət Sarayında Xalq şairi Məmməd Araza həsr olunmuş tədbir keçirmişdir. Mərasimi Şərur Rayon Birləşmiş Həmkarlar Təşkilatının sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Ünbülbanu Musayeva açaraq bildirmişdir ki, bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri görkəmli şairin 80 illik yubileyinin qeyd olunması və Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin yaradılması haqqında sərəncamlar imzalamışdır. Məmməd Araz Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmişdir. Onun təkrarsız yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Rayonun mədəniyyət müəssisələri Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə Xalq şairinin əsərlərindən ibarət kitab sərgiləri təşkil etməyə, ədəbi-bədii gecələr və sair tədbirlər keçirilməsinə başlayıblar.

Ardını oxu...

Dünən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ”da Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyi münasibətilə “Vətən mənə oğul desə...” adlı sərgi və ədəbi-bədii kompozisiya keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor müavini Gülnaz Tağıyeva Xalq şairi Məmməd Arazın həyat və yaradıcılığından danışıb, əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə təsirindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxışında Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və rolu olduğunu bildirib. Vurğulanıb ki, şairin yaradıcılığında doğma Vətənə bağlılıq, vətəndaşlıq duyğuları, istiqlalçılıq kimi yüksək keyfiyyətlər poetik təfəkkürün genişliyi ilə tərənnüm edilir. Buna görə də Məmməd Araz hər zaman əsərlərinə müraciət olunan şair olub.

Ardını oxu...

19-cu Beynəlxalq Dədə Qorqud Festivalı ilə bağlı düşüncələr 

Döyüşən şanlı türk tarixinin müdriklik zirvəsi Dədə Qorqudla bağlı festivalda iştirak etmək üçün 8 nəfərlik heyətimizlə bir ulu türk yurdundan – Naxçıvandan, digər ulu türk yurdları – Ərzurum və Bayburta doğru yola düşürük. Azərbaycanın “ön sözü” olan Naxçıvandan, Türkiyənin “ön sözü” adlandırılan Ərzuruma gedən yolda elə zümzümə etdiyimiz mahnılardan biri də belədir: “O da ulu, bu da ulu Azərbaycan – Türkiyə”. 

Yol boyu hərəkət etdikcə, əbədi türkün olan bu torpaqlarda Səlcuq, Atabəy, Elxani, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi və Osmanlı izlərini gördükcə tarixi əməlləri ilə yaradan əcdadlarınla öyünməmək olmur. Gecə saatlarında Ərzuruma çatırıq. Növbəti gün isə ölkəmizin digər bölgələrindən gələn həmkarlarımızla birlikdə 19-cu Beynəlxalq Dədə Qorqud şənliklərində iştirak etmək üçün Bayburta yola düşməliyik. Yəqin ki, həmkarlarımın hər biri bu festival haqqında nəsə yazmaq düşüncəsindədir. Nə yazacağımı bilməsəm də, səfərin sonunda yazının, sadəcə, adını müəyyənləşdirə bilirəm. Deyəsən, tapmışam axı: şimal-şərqi Anadolu ilə Naxçıvan arasında 7 sirli bənzərlik var.

Ardını oxu...

“Ramazan” Ay təqviminə görə (Aya görə hesablanan), doqquzuncu ayın adıdır. Ramazan ayının İslam dinində ayrıca yeri vardır. Çünki ən mükəmməl din olan İslamın carçısı həzrəti Məhəmmədə peyğəmbərlik bu ayda verilməklə İslamın yayılmasına və müqəddəs kitabımız “Quran”ın bu ayda endirilməsinə başlanmışdır. “Quran”da min aydan daha xeyirli olduğu bildirilən “Qədir gecəsi” bu ay içindədir. Bundan başqa, İslamın vacib ibadətlərindən olan oruc da bu ayda tutulur. Bu səbəbdən Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və ona “On bir ayın sultanı” deyilir.

Bu il ölkəmizdə Ramazan ayının 10 iyul çərşənbə günündən etibarən başlandığı haqqında fitva verilmişdir.
Oruc həzrəti Adəm Peyğəmbərdən bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş ibadətdir. Məsələn, həzrəti Nuh Peyğəmbər bayram günlərindən başqa, bütün il boyu, həzrəti Davud Peyğəmbər gün­aşırı oruc tutarmışlar. Oruc tutmaq haqqında müqəddəs kitab “Qurani-Kərim”də bildirilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“Əl-Bəqərə”, 183).

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı iyunun 29-30-da Türkiyə Respublikasının Gümüşhanə vilayətinin Şiran Bələdiyyəsinin dəvəti ilə burada keçirilən IV Şiran Tomara Şəlaləsi Mədəniyyət və Turizm Festivalında iştirak etmişdir. İyunun 29-da festivalın təntənəli açılış mərasimindən sonra Mahnı və Rəqs Ansamblının ifasında Azərbaycan rəqsləri, solistlərdən Qəribə Həsənova və Mahmud Tağıyevin ifasında isə xalq mahnıları ifa olunmuşdur.
Festivalın proqramına uyğun olaraq, bir neçə dəfə müxtəlif saatlarda çıxış edən ansamblın ifaları alqışlarla qarşılanmışdır.
Türkiyənin tanınmış sənətçilərinin də ifası dinlənilən festivalda müxtəlif əyləncə proqramları təşkil olunmuş, folklor kollektivlərinin iştirakı tamaşaçılarda maraq doğurmuşdur.
Festival iştirakçıları Gümüşhanə vilayətinin, o cümlədən Şiran ərazisinin görməli yerlərində olmuş, Ö.Çələbi Seyrəngahını gəzmişlər.

Əli RZAYEV

Bu istiqamətdə aparılan tədqiqatlar yeni faktlar üzə çıxarıb: Qonçabəyim I Ehsan xanın qızı deyilmiş

Azərbaycan və Gürcüstan xalqlarının tarixi qonşuluq əlaqələri çox qədimdir. Bu mehriban, sədaqətli qonşuluq əlaqələri əsl mənəvi dostluğa çevrilmiş və salnamələrdə, bədii ədəbiyyatda öz əksini tapmışdır.

Əvvəlcə qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında mənəvi dostluq körpüsü Nizami Gəncəvi, Şota Rustaveli, Molla Pənah Vaqif, Besiki, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Aleksandr Çavçavadze, Nikoloz Barataşvili, İlya Çavçavadze, Səməd Vurğun, Georgi Leonidze, Simon Çikovani... kimi qüdrətli söz bahadırlarının əsərlərində böyük ustalıqla təsvir edilmişdir. Hər iki xalqın nəsilləri arasında yaranmış bu poetik dostluq haqqında onlarca maraqlı, sanballı elmi-tədqiqat əsərləri yazılmışdır. Ona görə də biz bu haqda söhbət açmaq fikrində deyilik. Gürcüstanın məşhur romantik şairlərindən ikisinin XIX əsr Naxçıvan tarixində iştirak etmələrindən danışacağıq.

Ardını oxu...

Milli varlığımızı təsdiq edən dəyərlər mövcuddur ki, bunlar vətəni vətən, xalqı xalq edən mədəniyyətimiz, adət-ənənələrimizdir. Bu adət-ənənələr bizi həm digər xalqlardan fərqləndirir, həm də eyni kökə malik xalqlarla birləşdirir. Adət-ənənələrimizi qorumaq bizim borcumuzdur. Adət-ənənələr, mental dəyərlər bu və ya digər xalqın qədimliyinin isbata ehtiyacı olmayan sübutudur. Heç bir xalq öz dəyərlərini başqa xalqların dəyərlərinə güzəştə getməməlidir.

Bu yazıda hamının diqqətini çəkən və hər dövr üçün populyar olan bir adətdən, mərasimdən söhbət açmaq istərdik. Bu mərasimlərin ən dəbdəbəlisi olan toy məclisidir. Toy mərasimi bütün xalqların mədəniyyətində mövcuddur.
Toy Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutur. Hər bölgənin özünə aid toy adəti vardır. Azərbaycan milli toy adətləri bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir və bu sistem öz rəngarəngliyi ilə seçilir.
Adət-ənənələrimizə dair böyüklərimizin qürurla, fəxrlə bəhs etdiklərini şahidi olduğumuz mənzərələrlə müqayisə edərkən böyüklərimizin köks ötürərək danışdıqları adətlərin getdikcə bizdən uzaqlaşdığını görürük.

Ardını oxu...

Ötən günlərdə Astaradan olan bir qrup ziyalı muxtar respublikamızda olmuş, qədim diyarımızın bir sıra görməli yerlərini gəzmişlər. Qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində, Möminə xatın türbəsində, Xan Sarayında, Heydər Əliyev Sarayında, Duzdağ Fizioterapiya Mərkəzində olmuş, Nuh peyğəmbərin məzarüstü türbəsini, Əshabi-Kəhf ziyarətgahını ziyarət etmişlər. Birgünlük səfər qonaqlarda dərin təəssürat yaratmışdır. Bu günlərdə redaksiyanın elektron ünvanına həmin təəssüratların əks olunduğu “Gün var, min aya dəyər” sərlövhəli məqalə daxil olmuşdur. Həmin yazını oxucularımıza təqdim edirik.

İnsan həmişə işığa üz tutur. Dahilər isə təkcə doğulduğu milləti deyil, həm də bəşəriyyəti işıqlı gələcəyə aparan şəxsiyyətlərdir.
90 illik yubileyi türk dünyasının əsl bayramına çevrilən ulu öndərimiz Heydər Əliyev dünya azərbaycanlılarının həyatına doğan Günəşdir. Səfərimiz isə həmin Günəşin doğulduğu yerə – qədim Naxçıvan torpağınadır!

Heyətimiz bu taylı-o taylı Astaranın sərhəd və gömrük yoxlamalarından keçərək avtobusla Naxçıvana yola düşdü. Arxamızca Astaranın yenilməzlik rəmzinə çevrilən qədim Şindan qalası əl eylədi, Şah İsmayılın doğulduğu Ərdəbil, əsmər bənizli Sərab, Bakının süd qardaşı, şəhərlərin gözəli Təbrizdən keçib Culfaya çatdıq. Səhərin gözü açılanda biz gömrük məntəqəsinə daxil olduq. Burda sərhəd-buraxılış və gömrük məntəqələri günün 24 saatı ərzində fəaliyyət göstərir.

Ardını oxu...

Məmməd Arazın ev-muzeyinin yaradılması naxçıvanlı ziyalılar tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdır

Lirik poeziya insan duyğularının, insanın ürək döyüntülərinin yüksək ifadə vasitəsidir; gündəlik həyatda insanın qəlbindən keçən fikir və düşüncələrin, iztirab və kədərin, sevinc və nəşənin hər bir şəxsə nəsib olmayan ifadə tərzidir. Bu, insan qəlbini riqqətə gətirən, ona qüvvət verən həqiqi poeziyadır. O poeziya ki, onun hər bir nümunəsi insanların dəfələrlə üzləşdiyi, lakin kifayət qədər mənalandıra bilmədiyi hadisələrin yüksək obrazlılıqla mənalandırılması ilə yaranır. Belə əsər müəllifləri olan söz sənətkarının hər misrası, beyti, bəndi bədii kəşflərlə dolu olur.
Azərbaycan ədəbiyyatının bədii kəşflərlə dolu yaradıcılığı olan görkəmli nümayəndələrindən biri də Xalq şairi Məmməd Arazdır. Məmməd Araz sözün köməyi ilə sənəti əbədiləşdirən və söz sənətində əbədiləşməyi bacaran istiqlal şairidir. Onun poeziyası, geniş mənada, son dərəcə mürəkkəb aləmin poetik bir dillə müasir və gələcək nəsillərə nümunələr toplusundan ibarətdir. Xalq şairi zaman-zaman baş vermiş tarixi hadisələrə sözün, söz sənətinin gücü ilə yenidən nəfəs verir, onu unudulmağa qoymur:

Ardını oxu...

Onun adını daşıyan hər məkan, küçə, prospekt, park ən azı onun sevdiyi dəyərləri özündə əks etdirməlidir. Bu mənada Naxçıvan şəhərindəki Heydər Əliyev prospektini qarış-qarış gəzsəniz, burada məhz ümummilli lider Heydər Əliyevin adına layiq obyektləri görə bilərsiniz. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə, dövlət quruculuğuna gedən yolda dayaq məntəqəsinə çevrilmiş, müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf xəritəsinin ilk cizgilərinin çəkildiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası, ulu öndərin adını daşıyan muzey, ümummilli liderin hər zaman xüsusi diqqət göstərdiyi elm məbədgahı – yaradıcısı olduğu AMEA Naxçıvan Bölməsi və sair.

Ulu öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə, rəssamlığa xüsusi dəyər verdiyi, hətta bəzən maraqlı rəsmlər də çəkdiyi sirr deyil. İndi Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ucalan, memarlıq üslubuna və üzərindəki naxış elementlərinə görə bir az da fərqli olan bu bina – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binası da məhz ümummilli liderin sevdiyi daha bir dəyərin nişanəsidir. Bu mənada bir zamanlar Gəmiqaya üzərində ilk rəsmləri çəkən əcdadların bugünkü davamçılarına ərməğan edilən bu binanın istifadəyə verilmə tarixi – 12 iyun da təsadüf ola bilməz. Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilən bu bina həm də ümummilli liderin qayıdışı ilə mədəniyyətimizin labüd süqutdan qurtulduğunun ifadəsidir.

Ardını oxu...

Şərur rayonunun mədəniyyət işçiləri bunu bir an belə unutmurlar

Mədəniyyət cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı, nəsildən nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusudur. F.Hegel ona “insan tərəfindən yaradılmış ikinci təbiət” adı vermişdir.
Cəmiyyət inkişaf etdikcə mədəniyyət də formalaşır. Dünya xalqları öz mədəniyyətləri ilə tanınıb məşhurlaşmışlar. Ən qədim xalqlardan biri olan Azərbaycan xalqı da zəngin mədəniyyət yaratmışdır. Bu gün Azərbaycan mədəniyyəti ölkəmizi dünyaya tanıdır, xalqımızın mədəni həyatı gündən-günə zənginləşib yeniləşir. Söz yox ki, bunun əsasında Azərbaycanda həyata keçirilən mütərəqqi mədəniyyət siyasəti dayanır.­
Azərbaycan mədəniyyətinin böyük hamisi olan ulu öndər Heydər Əliyev demişdir: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq, inkişaf edəcək”.­
Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial və mədəni həyatımız da inkişaf edir, yeniləşir, istirahət, mədəniyyət və turizm obyektlərinin sayı artır; bir-birindən maraqlı tədbirlər keçirilir, milli mədəniyyətimiz yeni inkişaf mərhələsini yaşayır.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” mövzusunda əsgər məktubu müsabiqəsi keçirilmişdir.
İyunun 24-də Heydər Əliyev Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Mərasimdə bildirilmişdir ki, “Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədir?”, “Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?”, “Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol” kimi məqamları əhatə edən əsgər məktublarının hər biri Vətən torpağına böyük sevgi və məhəbbətlə qələmə alınmışdır.
Müsabiqədə ilk 3 yeri tutan qaliblərlə yanaşı, fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat və diplomlar təqdim edilmişdir.
Qalib əsgərlər belə bir müsabiqənin keçirilməsinə görə minnətdarlıqlarını bildirmiş, Vətən qarşısındakı xidməti borclarını şərəf və ləyaqətlə yerinə yetirəcəklərini söyləmişlər.
Tədbirdə “Naxçıvan” Sərhəd Diviziyasının əsgər heyətindən Elvin Dadaşov və Elbəy İbrahimli iştirak etmişlər. Onlara diplom və hədiyyələr təqdim edilmiş, məzuniyyət verilmişdir.

Xəbərlər şöbəsi

İyunun 26-da Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin bayram konserti olmuşdur.
Konsertdən əvvəl çıxış edən “N” saylı hərbi hissənin zabiti, baş leytenant Rəşad Məmmədov demişdir ki, Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycanın Silahlı Qüvvələridir. Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli bəhrələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, onun müasir tələblərə uyğun hazırlanmasıdır.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanda milli ordu quruculuğuna ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan­da başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almış, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün ulu öndərin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ardını oxu...

Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.
Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzun­ömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il tarixli Sərəncamından

Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli möh-təşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bütün fəaliyyəti boyunca görkəmli sənətkarlarımızın yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, respublikamızda ədəbi-mədəni mühitin əsaslı yüksəlişi is-tiqamətində hərtərəfli tədbirlər həyata keçirən dahi rəhbər həm klassik, həm də müasir ədəbiyyatın məşhur simalarının yaradıcılıqları barədə konseptual qənaətlər, son dərəcə dəyərli fikirlər də irəli sürmüşdür. Başqa sözlə desək, ulu öndərimiz həm ədəbiyyatın böyük qayğıkeşi, hamisi, həm də mükəmməl bilicisi olan dahi şəxsiyyətdir. 

Ardını oxu...

Babək Rayon Xalq Teatrı bölgə sakinlərinin mədəni istirahəti­nin təşkilini, istedadlı gənc­lərin üzə çıxarılmasını, gələcək ak­tyorların yetişdirilməsini diqqət mərkəzində saxlayır. Məlumat üçün bildirək ki, 2006-cı ildən dram dərnəyi kimi fəaliyyət göstərən kollektiv göstərdiyi uğurlu tamaşalara görə 2009-cu ildə xalq teatrı adını alaraq müxtəlif səhnə əsərlərini tamaşaçılara təqdim etmişdir. 2010-cu ildə B.Vahabzadənin “Yollara iz düşür”, 2011-ci ildə M.Əlizadənin “Şeyx Rəhmətullah”, 2012-ci ildə C.Cabbarlının “Solğun çiçəklər” və “Ana” pyeslərini səhnələşdirən kollektiv böyük müvəffəqiyyət qazanmışdır.
Kollektiv bu dəfə dramaturq, folklorşünas Səttar Axundovun “Məhəbbət nişanəsi” adlı əsərinə müraciət etmişdir. Dördpərdəli komediyanın quruluşçu rejissoru Yusif Əliyev, rəssamı Əli Səfərov və musiqi tərtibatçısı Səyyad Məmmədovdur. Əsərdə əməyə, dostluq və sədaqətə, əxlaq prinsiplərinə məhəbbət, ictimai-mədəni inkişafın yolunda əngəl olanlara nifrət ön plana çəkilmişdir.
Dünən tamaşaya ilk ictimai baxış olmuşdur. Əsas rolları Akif Əsədov, Çinarə Feyzullayeva, İsmayıl Qurbanov, Vüsalə İsmayılova, Mahir Vəliyev, Surət Qurbanov ifa etmişlər. Tamaşa alqışlarla qarşılanmışdır.
Tamaşadan sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov kollektivə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR