Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2013-cü ilin ilk 6 ayının yekunları ilə bağlı “Şərq qapısı” qəzeti redaksiyası Naxçıvan Mətbuat Şurası ilə birgə yığıncaq keçirmişdir. Tədbirdə məruzə ilə çıxış edən “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov 2013-cü ilin birinci yarısında görülən işlər, işdə buraxılan nöqsanlar və qarşıda duran vəzifələrdən danışmışdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov şəhər və rayon qəzetlərinin 6 aylıq fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, cari ilin ilk 6 ayı ərzində hər bir qəzet ayrı-ayrılıqda quruculuq, kənd təsərrüfatı, ordu quruculuğu, vətənpərvərlik və sair mövzularla birlikdə respublikamızda qeyd olunan əlamətdar, tarixi günləri öz səhifələrində işıqlandırmağa səy göstərmişdir. Bununla yanaşı, şəhər və rayon qəzetlərinin fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz. Əməkdaşlar çalışmalıdırlar ki, yaradılan şərait müqabilində öz işlərini günün tələbləri səviyyəsində qura bilsinlər.
Yığıncaqda “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov çıxış edərək qarşıdakı 6 ayda əməkdaşların daha fəal çalışacaqlarına, göstərilən qayğıya əməli işlə cavab verəcəklərinə əminliyini bildirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli çıxış etmişdir.
Xəbərlər şöbəsi