25 Dekabr 2024, Çərşənbə

“Qurani-Kərim”də elm və texnologiyadan bəhs edən yüzlərlə ayə mövcuddur

Müsəlmanlar üçün müqəddəs və mübarək ay olan Ramazan ayının on  bir ayın sultanı adlandırılmasının əsas səbəblərindən biri də “Qurani-Kərim”in bu ayda nazil olmağa başlamasıdır. “Qurani-Kərim” son Peyğəmbər həzrəti Məhəmmədə 610-cu ildə məleykələrdən Cəbrail vasitəsilə Hira mağarasında Ramazan ayının Qədr gecəsində vəhy olunmasıyla  meydana gəlmişdir. “Qurani-Kərim” 23 il müddətində hissə-hissə endirilmiş və 114 surədən ibarətdir.

“Quran” sözünün tərkibindəki “q”, “r”, “a” hərf birləşmələri ərəb dilində “oxumaq” felinin kökü olub, “oxumaq”, “qiraət etmək” mənalarını verir. “Quran”ın Yer üzünə endirilən ilk ayəsi “Ələq” surəsinin ayələridir ki, Allah bu ayələrdə belə buyurur: “Ya Peyğəmbər! “Qurani-Kərim”i bütün məxluqatı yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi”.
“Qurani-Kərim”in ilk əmrinin “oxumaq” olması və ardınca insanın bilmədiklərini Allah-Taala tərəfindən ona qələmlə öyrədilməsinə işarə olunması insanlıq tarixində “Quran”ın gəlməsi ilə yeni bir dövrün başlandığına işarədir. Belə ki, artıq yeni bir dövr – elm və mədəniyyət dövrü başlamış, bu dövrün də açarı oxumaq və qələmlə yazmaq olmuşdur. “Qurani-Kərim” son ilahi kitab olduğuna görə insanların bütün mənəvi ehtiyaclarını ödəmək üçün göndərilmişdir.

“Qurani-Kərim” haqqında Allah-Taala müqəddəs kitabda buyurur: “Bu (“Quran”) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır”... (“Ənam” surəsi, 92-ci ayə); “Bu nazil etdiyimiz (“Quran”) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin! Biz onu sizə: “Bizdən əvvəl kitab ancaq iki tayfaya nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”, – deməməyiniz və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, – söyləmə­məyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. (“Ənam” surəsi, 155-157-ci ayələr); “Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” (“Nisa” surəsi, 82-ci ayə); “(Ya Peyğəmbər! Bu “Quran”) sənə nazil etdiyimiz mübarək bir (xeyir-bərəkətli) kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (“Sad” surəsi, 29-cu ayə). 
“Qurani-Kərim” bir möcüzədir. O, həzrəti Məhəmməd Peyğəmbər səlləllahu əleyhi və səlləmin ən böyük möcüzəsidir. Keçmişdən və gələcəkdən verdiyi məlumatlarla ondan öncə göndərilmiş digər ilahi kitablardan fərqli olaraq, hər hansı bir millətə və ya qövmə deyil, bütün bəşəriyyətə göndərilmişdir. “Fatihə” surəsi ilə başlayıb “Nas” surəsi ilə bitən “Qurani-Kərim” kainatı əhatə edən bütün mövzulara toxunmuş, insanın Yer üzündə rahat yaşaması üçün müxtəlif qanunlar və qaydaları özündə əks etdirmişdir. “Qurani-Kərim”in əhatə etdiyi mövzuları yazmaq, yaza bilmək çox çətin bir işdir, hətta mümkün deyildir. “Onun əhatə etmədiyi hansı mövzu var?” – deyə qeyd etsək, daha doğru olar. “Qurani-Kərim” bizi və ümumilikdə, kainatı əhatə edən müqəddəs kitabdır – Allahın kəlamıdır. Burada yer üzünün əşrəfi sayılan insan və qanunauyğunluqlar əsasında mövcud olan elm haqqında yüzlərlə ayə vardır.
İnsan. “Qurani-Kərim” bizə bir insan modelini təsvir etmişdir. Bu modelə görə, insan Allahın yer üzündəki xəlifəsi və yaradılanların ən üstünü, əşrəfi olaraq təsvir olunur. Lakin bunlarla yanaşı, “Quran”da insanın bir sıra mənfi cəhətləri, yaradılışı, onun yaradılmasındakı əsas qayə və yer üzündə olan hər bir canlı və cansız varlıqların onun əmrinə tabe olunması da qeyd olunmuşdur. Bu barədə “Qurani-Kərim”in müxtəlif surələrində deyilir: “O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir özəkdən – bir qətrə zəif sudan əmələ gətirdi” (“Səcdə” surəsi, 7-8-ci ayələr); “Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir” (“Nur” surəsi, 45-ci ayə).
Digər bir ayədə isə insanın necə yaradılışından bəhs olunur. Uşağın ana bətnində keçən həyatının mərhələləri “Quran”ın “Muminun” surəsinin 14-cü ayəsində bildirilir: “Sonra qan damlasını laxtalanmış qana, ondan sonra onu bir çeynəmlik ətə (çevirdik), ondan isə sümüklər yaradarkən o sümüklərə ət geydirdik və onu bir formadan digərinə çevirərək insanı yaratdıq. Yaradanların ən üstünü, şübhəsiz, Allahdır”.
Allah-Taalanın yer üzündəki xəlifəsi insandır. “Qurani-Kərim”də insandan bəhs edən ayələri incələdiyimiz zaman insanın yaradılanların ən şərəflisi olduğunu görərik. “Tin” surəsinin 4-cü ayəsində deyilir: “Biz insanı ən gözəl biçimdə yaratdıq!”
Allah insana elə bir yüksək dəyər vermişdir ki, yaratdığı hər bir cismi ona xidmət etməsi üçün nizamlamışdır. “Qurani-Kərim”in müxtəlif surələrində deyilir: “Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram etdirən Allahdır! (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur” (“İbrahim” surəsi, 32-33-cü ayələr); “O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdirdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də (heyvanları, bitkiləri, meyvələri və sair) sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır! Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram etdirən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu (dənizi) yara-yara üzüb getdiyini görürsən; və ya: “Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!” (“Nəhl” surəsi, 12-14-cü ayələr).
Elm. “Oxu” əmri ilə başlayan “Qurani-Kərim”in ən böyük üstünlüklərindən biri də elmə verdiyi dəyərdir. İnsanı hər zaman elm sahibi olmağa, araşdırmağa, öyrənməyə və düşünməyə sövq etmişdir. “Quran”da insan və kainatın yaradılışından, Ay, Günəş və qalaktika sistemindən, eləcə də elmin digər sahələrindən bəhs olunmuş açıq və ya örtülü şəkildə insanlara bir sıra məlumatlar verilmişdir. “Quranı-Kərim”i incələyən elm adamları oradan müəyyən ip ucları əldə edərək böyük kəşflər etmişlər. Qeyd olunanlara misal olaraq, astronomiya elminin hələ inkişaf etmədiyi bir dövrdə – 1400 il əvvəl göndərilən “Qurani-Kərim”də kainatın genişlənməsindən bəhs edildiyini göstərə bilərik: “Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik” (“Zariyat” surəsi, 47-ci ayə).
XX əsrin əvvəllərində rus fiziki Aleksandr Fredman və belçikalı astrofizik Corc Lemaytr kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesablamışdılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə sübut olunmuşdur. Müasir texnologiyalar əsasında aparılan tədqiqat və hesablamalar kainatın bir başlanğıcının olduğunu və onun hər an genişləndiyini göstərir. “Quran”da Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbitinin olması qeyd edilir: “Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan (hər şeyi) bilən Allahın təqdiridir” (“Yasin” surəsi, 38-ci ayə). “Quran”da bildirilən bu həqiqətlər yalnız və yalnız XX əsrdə astronomiya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Mütəxəssislərin hesablamalarına görə, Günəş “Solar Apeks” adlı orbit boyu Veqa ulduzu istiqamətində saatda 720 min kilometrlik möhtəşəm bir sürətlə hərəkət edir. Bu təxmini hesablama Günəşin sutka ərzində 17 milyon 280 min kilometr yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemindəki bütün planet və peyklər də eyni məsafəni qət edirlər.
Yuxarıda “Quranı- Kərim”in insandan bəhs edən hissəsində onun anatomiyasının incəlikləri haqqında 1400 il əvvəl insanlara bir sıra məlumatlar verdiyini qısa da olsa, qeyd etmişdik. “Quran”da insanları ölümündən sonra diriltməyin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların, xüsusilə barmaqlarının uclarına diqqət yetirilir: “Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik”. Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız olmaqla özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdirlər. Lakin 1400 il əvvəl “Quran”da göstərilən məlumat 1880-ci ildə Henry Faulds və Uliam James Hers­hel adli iki ingilis alim tərəfindən dünyaya elan olundu. Hər iki alimin qeyd olunan faktın “Qurani- Kərim”dən əldə etdikləri bildirilir.
Ulu Yaradanın kəlamı olan, keçmişdən və gələcəkdən verdiyi məlumatlarla bütün dövrlərin möcüzəsi olaraq dəyişmədən qalacaq “Qurani-Kərim”də elm və texnologiyadan bəhs edən yüzlərlə ayə mövcuddur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar: insanları gələcəyə aparan yolların işarə lövhələri, haqqı nahaqdan ayıran, dogrunu və səhvi göstərən ilahi qanunlar məcmuəsinin son həlqəsi və son sədası “QURAN”dır.

Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR