25 Dekabr 2024, Çərşənbə

İmzası oxuculara yaxından tanış olan Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Hafizə Əliyeva müraciət etdiyi mövzuların mahiyyətini açmağa çalışan qələm sahibi kimi məhsuldar fəaliyyət göstərir. Ara-sıra bədii yaradıcılıqla da məşğul olur. Onun 2009-cu ildə çapdan çıxan “Naxçıvan necə döyüşdü, necə müdafiə olundu?” kitabı ötən əsrin 80-ci illərinin sonunda muxtar respublikanın yaşadığı ağır günlərdən bəhs edir. Müəllif öz oxucuları ilə yenidən görüşə gəlib. Onun yeni çapdan çıxan “Müstəqilliyin işığında Babək” adlı kitabı ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə yaradılmış Babək rayonuna həsr olunub. Kitabda oxucu son illər bu bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, müəllifin müxtəlif sahələrdə qələmə aldığı və mətbuat səhifələrində dərc edilmiş yazıları ilə tanış olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar” fikri ilə açılan kitabda bu qənaətin doğruluğu bir daha təsdiq edilir.
Kitab 7 bölmədən ibarətdir. “Daşa yazılan tariximiz” adlı birinci bölmədə Babək rayonunda həyata vəsiqə alan quruculuq obyektləri haqqında yazılar toplanılıb. Bu bölmə vasitəsilə oxucu Babək rayonunda qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı və müxtəlifistiqamətli quruculuq tədbirlərinin həcmi ilə tanış olmaq imkanı tapır.

“Siyasi nəticələrin uğuru” adlı ikinci bölmədə verilmiş yazılar da maraqla oxunur. Burada rayonun inkişaf yolu faktların dili ilə açıqlanır. 
Muxtar respublikada təhsilə, elmə və mədəniyyətə göstərilən qayğıdan bəhs edən “Elm və mədəniyyət olmadan ümumi inkişaf ola bilməz” adlı üçüncü bölmədə bölgədə adıçəkilən sahələrə dövlətimizin böyük diqqətinin bəhrələrini görürük.
Dördüncü bölmə “Nə gözəldir kəndimiz” adlanır. Müəllif bu bölmədə verilən yazılarda Babək rayonunun ən ucqar dağ və sərhəd kəndlərinin inkişaf və tərəqqisini maraqlı təhkiyə üslubu ilə oxuculara təqdim edir. Bu cəhətdən “Dağların gözəli Gərməçataq”, “Qayalarda açan çiçək – Yuxarı Buzqov” və başqa yazılarda müəllifin doğma yurd yerinə bağlılığını, onun bu gününə qəlbən sevinməsini hiss etmək çətin deyil.
Müqəddəs Vətənimizə bugünkü gəncliyin məhəbbət hisslərini daha da artırmaq məqsədilə qələmə alınmış yazılar “Vətən bizə oğul deyir” adlı beşinci bölmədə toplanılıb.
Hər bir ölkənin inkişafının təməlində onun iqtisadiyyatı dayanır. Bu cəhətdən muxtar respublikada iqtisadi inkişafda mühüm rolu olan sahibkarlıq fəaliyyəti, bu sahənin dövlət tərəfindən yüksək səviyyədə dəstəklənməsi bu günün reallığıdır. Müəllif bu reallığı altıncı bölmədə – “İqtisadi inkişafın təməl nöq­təsi”ndə bütün çalarları ilə açıb göstərə bilib. Blokada şəraitində yaşayan bir diyarda sahibkarlığa göstərilən qayğı müqabilində əldə edilən uğurları təbii sayan Hafizə Əliyeva bu yazılarda da real həyat həqiqətlərini oxucuya təqdim edir.
Kitabın son bölməsi “Aqrar islahat, firavan həyat” barədə də bu sözləri demək mümkündür.
Kitabda verilmiş şəkillər yazıları tamamlamaq baxımından diqqəti çəkir.
Həmkarımızı yeni kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR