25 Dekabr 2024, Çərşənbə

 PİŞROV 

Nağıllar hər zaman “Biri vardı, biri yoxdu” girişiylə – pişrovuyla başlayır. Mənim isə oğluma danışdığım son nağılların ilk cümləsi hər zaman belə olur: “Bir vaxt vardı, heç nə yoxdu”.
Lap uşaqlıqdan gecələri yuxusu gələndə oğluma bibimdən eşitdiyim, daha sonralar özümün oxuduğum və yadımda qalan nağılları danışırdım. Və bir gün yaddaşımdakı nağıllar bitdi. Təkrar danışmaq istəyəndə isə oğlum məndən eşitdiklərini uşaq yaddaşının sadiqliyi ilə birbəbir, cümləbəcümlə deməyə başladı. Nəticədə də, nə mənim danışdığım təkrar nağıla qulaq asırdı, nə də yuxusu gəlirdi. Belə olan halda mən də onunla birlikdə uşaqlaşmalı oldum, danışdığım nağıllarla birlikdə öz uşaqlığıma qayıtdım. Oğluma bu dəfə nağıl əvəzinə öz uşaqlıq həyatımı, ilk dəfə məktəbli olduğum günləri, kənddəki məhəlləmizdə uşaqlarla oynadığımız oyunları, ailəmizdə, evimizdə atamdan, anamdan gördüklərimi, babamın meyvə bağçasından, nənəmin güllü boxçasından, bibimin kitab dolu taxçasından, bir sözlə, gördüklərimdən, şahid olduqlarımdan danış­mağa başladım.

“Bir vaxt vardı, heç nə yoxdu” ilə başlayan nağılların sonunda göydən üç alma da düşmürdü. Bu dəfə ya soyuq qış gecələrində lampa işığında içdiyimiz çayı qənd yox, ərik qurusu ilə içməyimiz dadıma çatırdı, ya da siqareti qurtaran atamın qonşulardan aldığı tənbəkini saralmış vərəqə büküb çarəsizcə acı tüstüsünü ciyərlərinə çəkməsi ilə nağılı yekunlaşdırırdım. 
Hər dəfə danışdığım bu nağıllar bitəndə bir şeyə sevinirdim: oğlum yuxuya gedirdi və mənim qəhərdən boğulduğumu və nə üçün belə qəhərləndiyimi bilmirdi.
Və ötən il orta məktəbə gedənə qədər heç vaxt ona demədim ki, “biri vardı, biri yoxdu” ilə başlayan nağıllardan sonrakı “bir vaxt vardı, heç nə yoxdu” pişrovlu nağıllar, əslində, bizim həqiqətlərimiz idi. O vaxta qədər ona bildirmədim ki, bizim yaşadığımız uşaqlıq sizin indi yaşadığınız uşaqlığın yanında o qədər də ürəkaçan deyildi.
“Biri vardı, biri yoxdu” nağıllarının divi də, Cırtdanı da, Məlikməmmədi də, pərisi də, küpəgirən qarısı da, şahı da, şahzadəsi də, Simurqu da, əjdahası da oğlumu heç vaxt qorxutmurdu. Ona görə qorxutmurdu ki, oğluma o nağılları danışanda mən gah div olurdum, gah Cırtdan, gah Simurq olurdum, gah Məlikməmməd, gah əjdaha olurdum, gah da şah. Və bu fərqli nitqlər və rollarım oğlumu o qədər əyləndirirdi ki, divlərdən, əjdahalardan qorxmaq yadına belə düşmürdü.
Elə ki “bir vaxt vardı, heç nə yoxdu” nağılları başladı, oğlumun hər nağılda mənə daha çox qısıldığını hiss etdim, əlimi daha möhkəm sıxdığını, gözlərinin dərinliklərində qəribə təəccübün yarandığını, xəyallarında o qaranlıq, çətin və əzablı günlərin ağrılarının canlandığını hiss etdim.
Əslində, bura kimi yazdıqlarımı oğluma danışdığım “bir vaxt vardı, heç nə yoxdu” nağıllarının pişrovu kimi qəbul edin. Çünki bundan sonra oğluma danışdığım nağıllardan, bizim həqiqətlərimizdən yazacağam.

Elxan YURDOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR