“Ramazan” Ay təqviminə görə (Aya görə hesablanan), doqquzuncu ayın adıdır. Ramazan ayının İslam dinində ayrıca yeri vardır. Çünki ən mükəmməl din olan İslamın carçısı həzrəti Məhəmmədə peyğəmbərlik bu ayda verilməklə İslamın yayılmasına və müqəddəs kitabımız “Quran”ın bu ayda endirilməsinə başlanmışdır. “Quran”da min aydan daha xeyirli olduğu bildirilən “Qədir gecəsi” bu ay içindədir. Bundan başqa, İslamın vacib ibadətlərindən olan oruc da bu ayda tutulur. Bu səbəbdən Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və ona “On bir ayın sultanı” deyilir.
Bu il ölkəmizdə Ramazan ayının 10 iyul çərşənbə günündən etibarən başlandığı haqqında fitva verilmişdir.
Oruc həzrəti Adəm Peyğəmbərdən bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş ibadətdir. Məsələn, həzrəti Nuh Peyğəmbər bayram günlərindən başqa, bütün il boyu, həzrəti Davud Peyğəmbər günaşırı oruc tutarmışlar. Oruc tutmaq haqqında müqəddəs kitab “Qurani-Kərim”də bildirilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“Əl-Bəqərə”, 183).
Orucluq barədə Tövratda bildirilmiş, tutulması vacib sayılmışdır.
İslam dinində oruc
İslam dinində hər ibadətin ayrı bir dəyəri, mənası və hikməti vardır. Oruc tutmaq İslam dininin əsas şərtlərindən biridir. Namaz qılmaq insanı pis əməllərdən uzaqlaşdıran bir ibadət kimi, oruc tutmaq isə Allahdan qorxmaq və ya təqva sahibi olmaq üçün əmr edilmişdir. Həzrəti Məhəmməd Peyğəmbər orucluq və Ramazan ayı haqqında belə buyurmuşdur: “Oruc bir qalxandır, ona görə oruclu kimsə özünü bilib pis söz deməkdən çəkinsin; əgər onunla çəkişib dava etmək istəyən biri olarsa, iki dəfə “mən orucluyam” desin”; “Ramazan ayı gələndə cənnətin qapıları açılar”.
Bu ibadət müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilinin Şaban ayının on üçündə bəxş edilmişdir. Ramazana bəzən orucluq ayı mənasını verən “Şəhri-sıyam” da deyirlər. Ərəb mənşəli “Savm” sözü (cəmdə işləndikdə “Sıyam”) Azərbaycan dilində “nəfsə hakim olmaq” mənasına uyğun gəlir.
İnsanları pis əməllərdən çəkindirən oruc ibadətinin bu ayda fərz olaraq yerinə yetirilməsi “Qurani-Kərim”də də buyurulmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran “Quran” Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (Əl-Bəqərə, 185).
Allah rəsulu da hədislərində Ramazan orucunun faydalarından bəhs edərək demişdir: “Kim inanaraq və mükafatını Allahdan istəyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.
Oruc ibadətinin həm mənəvi, həm də sağlamlıq baxımından faydaları çoxdur. Bu ibadətin fəzilətlərindən biri insanlarda mərhəmət və xeyirxahlıq hisslərini gücləndirməsidir. Belə ki, ömrü boyu çətinliyin nə olduğunu bilməyən zənginlər kasıbların halını anlaya bilməzlər. Lakin həmin insanlar oruc tutmaqla aclığın nə olduğunu başa düşərək yoxsulların əziyyətlərini hiss edər və qəlbində şəfqət duyğuları yaranar. Nəticədə, onlara kömək edərək sıxıntılardan qurtarmağa çalışarlar.
Orucluq həm də insanlara nemətlərin dəyərini öyrədir. Çünki insan sahib olduğunun dəyərini onu itirdikdən sonra bilir. Oruc tutmaqla bir müddət dünya nemətlərindən uzaq olan şəxs yenidən onları əldə etdikdə sevinər, həm də Allaha şükür etməyi öyrənər. Bu ayin həm də insanları sağlamlaşdırır. Çünki on bir ay ərzində çalışan insan orqanizmi orucluq vaxtı dincəldikdən sonra funksiyasını daha rahat yerinə yetirir. Bununla bağlı Allahın elçisi həzrəti Məhəmməd Peyğəmbərin belə bir hədisi var: “Oruc tutun ki, sağlam olasınız”.
Müasir tibb elmi də oruc tutmağın faydalarını təsdiqləmişdir. Fransız alimi, Nobel mükafatı qazanmış Aleksi Karel məsələ ilə bağlı fikrini belə bildirmişdir: “Orucluq müddətində orqanizmdə yığılmış qida maddələri sərf olunur, sonra isə onların yerinə yeniləri gəlir və vücudda təzələnmə baş verir. Bu isə orqanizm üçün olduqca faydalıdır”.
Oruc tutmaq insanlara səbirli və dözümlü olmağı öyrədir. Ay ərzində yemək-içməkdən və digər ehtiyaclarından imtina edən insan sonralar qarşısına çıxan əziyyətlərə qatlaşır. Həddi-buluğa çatmış, ağlı yerində olan hər müsəlmana oruc tutmaq vacibdir. Üzrsüz səbəbdən oruc tutmamaq günahdır və kəffarəsi vardır. Kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaqdır. Oruc tuta bilməyən şəxslər isə Ramazanın hər günü üçün bir imkansızı doyurmalıdırlar.
Bəzi üzrlü səbəblər vardır ki, oruc tutulmaya bilər, yaxud tutulmuş orucu pozmaq olar: xəstəlik, səfərə çıxmaq, məcburiyyət, insanı bihuş edən şiddətli aclıq, susuzluq, hamiləlik və ya uşağa südvermə dövrü. Lakin bu sadalananlar bitdikdən sonra tutulmayan orucluq günlərinin sayı bərabərində oruc tutulmalıdır.
Orucun niyyət edilməsi zəruridir. Niyyətsiz oruc məqbul deyildir. Ramazan orucuna axşamdan sübh vaxtınadək niyyət edilməlidir (bəzi alimlərə görə, əgər unudularsa, günortayadək də niyyət etmək olar).
Obaşdanlığa (orucluq başlayan sübh vaxtı) qalxmaq şərtdir. Amma ola bilər ki, bir ay boyunca kimsə bir və ya iki dəfə obaşdanlığa qalxa bilməsin. Amma bunun davamı məqbul deyildir. Bu barədə Məhəmməd Peyğəmbər belə buyurmuşdur: “Obaşdanlığa qalxın, o vaxt oyaq olun, çünki o zamanda bərəkət vardır”.
Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur. Ay 29 gün davam edəndə də orucluq tam hesab edilir. Çünki vacib olan ayı bütünlüklə oruclu keçirməkdir. Necə ki, Məhəmməd Peyğəmbər səllallahü-əleyhi və səlləm doqquz Ramazan orucu tutmuş, onların dördü 29, beşi isə 30 gün davam etmişdir.
Kimlərə oruc tutmaq vacib deyildir?
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
– Həddi-buluğa çatmamış uşaqlar
– Psixi cəhətdən qeyri-normal şəxslər
– Qocalıb əldən düşmüş şəxslər
– Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
Digər dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq, itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:
– Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar.
– Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdırlar.
– Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə).
– Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
– Səfərdə olan şəxs Vətənə dönənə kimi oruc tutmaya bilər. Amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə).
Hər kəs oruc tutduğunu unudaraq, yaxud özü istəmədən (qeyri-iradi) orucu pozan əməli yerinə yetirsə, orucu yenə düzgün sayılır və öhdəsinə heç bir günah düşmür. Məsələn, insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa və başı suya batsa, yaxud xəstələnib qussa, yaxud da oruc tutduğunu unudub su içsə, orucu pozulmaz. O, gərək günün qalan hissəsində də orucuna davam etsin və gələcəkdə daha da diqqətli olsun.
Qeyd olunduğu kimi, oruc tutmağın məqsədi dini mükəlləfiyyəti icra etməklə Allahın əmrlərindən birini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da müəyyən faydası və hikməti vardır.
Əziz müsəlman bacı və qardaşlarımız! Sizi müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edirik. Allah ibadətlərinizi qəbul etsin! Amin.
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə İdarəsi