Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi Şərur Şəhər Mədəniyyət Sarayında Xalq şairi Məmməd Araza həsr olunmuş tədbir keçirmişdir. Mərasimi Şərur Rayon Birləşmiş Həmkarlar Təşkilatının sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Ünbülbanu Musayeva açaraq bildirmişdir ki, bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri görkəmli şairin 80 illik yubileyinin qeyd olunması və Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin yaradılması haqqında sərəncamlar imzalamışdır. Məmməd Araz Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmişdir. Onun təkrarsız yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Rayonun mədəniyyət müəssisələri Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə Xalq şairinin əsərlərindən ibarət kitab sərgiləri təşkil etməyə, ədəbi-bədii gecələr və sair tədbirlər keçirilməsinə başlayıblar.
Natiq daha sonra Xalq şairi Məmməd Araz poeziyasının məziyyətlərindən söhbət açmışdır. Qeyd etmişdir ki, XX əsr ədəbiyyatımızın qüdrətli simalarından biri olan Məmməd Araz Azərbaycan ədəbiyyatında daha çox vətənpərvərlik şeirləri və ədəbi tərcümələri ilə yadda qalmışdır. Onun şeirləri hələ sovet dövründə Azərbaycanda milli şüurun formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Məhz bu məziyyətlərinə görə Məmməd Arazın ədəbi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar mədəniyyət işçisi”, “Xalq şairi” fəxri adlarına, Dövlət mükafatına layiq görülmüş, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Rayon Təhsil Şöbəsinin əməkdaşı, şair-publisist İbrahim Yusifoğlu Xalq şairi Məmməd Arazla bağlı xatirələrini danışmışdır.
Tədbirin bədii hissəsi də maraqla qarşılanmışdır. “Şərur” Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadənin Məmməd Arazın şeirlərindən ibarət hazırladığı ədəbi-bədii kompozisiyanı aktyorlar məharətlə təqdim etmişlər. Müğənnilərdən Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Kimya Babayevanın, Müslüm Quliyevin, Vahid Əliyevin və başqalarının oxuduqları Xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar xoş təsir bağışlamışdır. “Arpaçay” instrumental ansamblının və bədii özfəaliyyət kollektivlərinin çıxışları görkəmli şairə həsr olunmuş tədbiri daha da rövnəqləndirmişdir.
Cəfər ƏLİYEV