25 Dekabr 2024, Çərşənbə

İyulun 22-də Naxçıvan şəhərində Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından tədbir iştirakçılarını, muxtar respublikanın bütün mətbuat işçilərini təbrik etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan milli mətbuatının formalaşması uzun bir tarixi prosesin nəticəsidir. Ötən dövr ərzində Azərbaycan milli mətbuatı böyük inkişaf yolu keçmişdir. “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş əsas prinsiplər – maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və obyektivlik bütün dövrlər üçün Azərbaycan milli mətbuatının əsas hərəkətverici qüvvəsi olmuşdur. 22 iyul tarixi eyni zamanda ölkəmizin siyasi həyatında onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. Muxtar respublika üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə ulu öndərin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər həyata keçirilmiş, mətbuatın inkişafına xüsusi diqqət yetirilmiş, “Şərq qapısı” qəzetinin yaradıcılıq imkanları artırılmışdır.
1993-cü il iyunun 15-də ümummilli liderimizin xalqın təkidli tələbi ilə Azərbaycanda ali hakimiyyətə ikinci qayıdışından sonra mətbuat yenidən özünün intibah dövrünü yaşamışdır. Plüralizm, söz və məlumat azadlığı təmin olunmuş, senzura aradan qaldırılmış, jurnalistlərin azad fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmış, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. Hazırda əsası ulu öndərimiz tərəfindən qoyulmuş mətbuata dövlət qayğısı ənənəsi hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınaraq davam etdirilir. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, internet resursları fəaliyyət göstərir. Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini tələb edir.
Əli Həsənov demişdir ki, 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində taleyüklü dövlət sənədinə çevrilmiş, muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarmışdır. Bu gün muxtar respublikanın paytaxtının və hər bir rayonun özünün yüksək poli­qrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanı vardır. “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks tikilmiş, burada yüksək iş şəraiti yaradılmış, ən müasir çap-poliqrafiya avadanlıqları quraşdırılmışdır. Bir vaxtlar köhnə avadanlıqlarla aşağı keyfiyyətdə çap olunan qəzetlər indi ən müasir çap imkanlarına malikdirlər. “Şərq qapısı” qəzetinin internet saytının yaradılması oxucu dövriyyəsini daha da artırmışdır. Hazırda muxtar respublikamızda və dünyanın istənilən ölkəsində oxucunun bu qəzetlə internet vasitəsilə tanış olmaq imkanı vardır. Muxtar respublikada elektron medianın inkişafı sahəsində də mühüm tədbirlər görülmüşdür. Naxçıvan Dövlət Teleradiosu ən müasir rəqəmsal texnologiyaya və güclü maddi-texniki bazaya malikdir. “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun da fəaliyyəti üçün lazımi şərait yaradılmış, yeni studiya avadanlıqları quraşdırılmışdır.
Bildirilmişdir ki, yaradılmış şərait müqabilində mətbuat orqanlarının fəaliyyəti canlanmışdır. Muxtar respublika mətbuatı qədim diyarımızın ictimai-siyasi həyatında baş verən köklü dəyişikliklərin, irimiqyaslı quruculuq tədbirlərinin salnaməçisi kimi öz funksiyasını yerinə yetirməyə çalışır. İctimai nəzarətçi kimi də mətbuatın funksiyası güclənmişdir. “Şərq qapısı” qəzetində və Naxçıvan Dövlət Televiziyasında hazırlanan tənqidi materiallar, jurnalist araşdırmaları təqdir edilir, qeyd olunan nöqsanlara dövlət qurumları tərəfindən çevik reaksiya verilir və problemlər aradan qaldırılır. Lakin qəzetlərdə hələ də yardıcılıq baxımından bir sıra nöqsanlar qalmaqdadır. Materiallar hazırlanarkən faktlar ciddi araşdırılmır, rəsmi sənədlərə istinad olunmur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı olduğu halda, həmin tikintinin “Şərq qapısı” qəzetində məscid adlandırılması heç cür başa düşülmür. Bu cür nöqsanlar şəhər və rayon qəzetləri üçün də xarakterikdir. Bu isə onu göstərir ki, muxtar respublika mətbuatı heç də həmişə dövrün nəbzini tutmağı bacarmır. Hələ də qəzet səhifələrində bugünkü tariximiz doğru-dürüst əks etdirilmir. Qəzet əməkdaşları ictimai əhəmiyyəti olmayan mövzulara daha çox müraciət edirlər. Mətbuat səhifələrində qeyri-obyektiv yanaşma hallarının şahidi oluruq. Bəzi jurnalistlər məsələyə tələsik və subyektiv münasibət bildirərək tənqid xatirinə tənqidə üstünlük verirlər.
“Şərq qapısı” qəzetinin 2013-cü il 23 may tarixli sayında dərc olunmuş “Dövlət orqanlarının elektron xidmətlərinə müraciətimiz” sərlövhəli yazıda muxtar respublikada elektron hökumətin yaradılması istiqamətində görülən tədbirlər araşdırılmışdır. Bu, düzgün mövqe və zamanında atılan addım idi. Lakin qəzet əməkdaşı bəzi dövlət orqanlarına “jurnalist araşdırması aparıram” müraciəti ilə qəzetin öz elektron ünvanından yox, şəxsi elektron poçtundan sorğu göndərmişdir. Dövlət qurumları da haqlı olaraq bu sorğuya cavab verməmişdilər. Müəllif isə buna heç bir əsas olmadan tənqidi nöqteyi-nəzərdən yanaşmışdır. Qəzetin 2013-cü il 17 iyul tarixli nömrəsində dərc olunan “Kiçikhəcmli layihələrin icra vəziyyəti haqqında bir neçə söz” məqaləsində də əməkdaş məsələyə subyektiv yanaşmış, sahibkarlığın inkişafı sahəsində görülən işlər təhrif olunmuşdur. Eyni məsələ ilə bağlı Naxçıvan Dövlət Televiziyasında da xəbər süjeti hazırlanmış və adıçəkilən obyektlərdə görülən işlər təqdir edilmişdir. Bir məsələyə münasibətdə 2 dövlət informasiya orqanının fərqli mövqe tutması başadüşülən deyil və ortaya haqlı suallar çıxarır.
Ali Məclis Aparatının rəhbəri demişdir: “Mətbuat ictimai fikrə təsir göstərən qüdrətli vasitədir. Bu faktoru nəzərə alaraq muxtar respublika rəhbəri mətbuat orqanları qarşısında obyektivliyi və ictimaiyyətin düzgün məlumatlandırılmasını əsas tələb kimi qoymuşdur. Hörmətli Sədrimiz mətbuat nümayəndələri ilə görüşlərində, keçirilən müşavirələrdə bu fikri xüsusilə vurğulayır ki, kütləvi informasiya vasitələri milli mətbuatın mütərəqqi ənənələrini qoruyub saxlamalı, onları müasir dövrün tələblərinə uyğunlaşdırmalı, beynəlxalq təcrübəni mənimsəməlidirlər. Obyektivlik və vətənpərvərlik mətbuat orqanlarının fəaliyyətinin əsasını təşkil etməlidir. Respublika, şəhər və rayon qəzetləri informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli dəyərlərin qorunub saxlanması və təbliğində üzərlərinə düşən vəzifələri yerinə yetirməli, maarifləndirmə sahəsində fəaliyyətlərini gücləndirməlidirlər. Ədəbi dil normalarının qorunması, Azərbaycançılıq ideyasının təbliği diqqət mərkəzində saxlanılmalı, milli dəyərlərin yaşadılması istiqamətində materiallar hazırlanmalı, gənc nəslin milli mənlik şüurunun inkişafına üstünlük verilməlidir. Jurnalistlər çalışıb ona nail olmalıdırlar ki, fəaliyyətləri ilə ümummilli liderimizin xalqımızın bugünkü və gələcək nəsillərinə bəxş etdiyi müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanımızın və muxtar respublikamızın inkişafına öz töhfələrini versinlər”.
Bildirilmişdir ki, Milli Mətbuat Günü münasibətilə Ali Məclis Sədrinin tapşırığı əsasında “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivləri bir aylıq əməkhaqqı məbləğində mükafatlandırılmışlar. Bundan əlavə, muxtar respublika rəhbəri “Şərq qapısı”, şəhər və rayon qəzetləri üçün kompyuter dəstlərinin, diktofon və fotoaparatların alınması barədə də tapşırıq vermişdir. Ali Məclis Aparatının rəhbəri Əli Həsənov qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsinə və mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi yüksək qayğıya görə Ali Məclisin Sədri cənab Vasif Talıbova muxtar respublikanın mətbuat işçiləri adından dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov və “Şərq qapısı” qəzetinin əməkdaşı Sara Əzimova çıxış edərək muxtar respublikamızda mətbuatın inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda Ali Məclis Sədrinin tapşırığı ilə “Şərq qapısı”, şəhər və rayon qəzetləri üçün alınan kom­pyuter dəstlərinin, diktofon və fotoaparatların təqdimatı olmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR