25 Dekabr 2024, Çərşənbə

“Məsnəvi”nin üçüncü cildi işıq üzü görüb

Müstəqil dövlətimizin iqtisadi-siyasi inkişafı artdıqca milli və bəşəri dəyərlərə, onun qorunub inkişaf etdirilməsinə diqqət və qayğı günümüzün reallığına çevrilmişdir. Bu mənada Naxçıvan Muxtar Respublikasında həyatımızın bütün sahələrində, xüsusilə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən tədbirlər qədirbilən xalqımız, ziyalılar tərəfindən böyük razılıq hissi ilə qarşılanmaqdadır.
Muxtar respublikada ədəbiyyat və mədəniyyətin inkişafına yaradılan münbit şəraitin bir ifadəsi də Yaxın Şərq ədəbiyyatının qiymətli incilərindən sayılan, mənəviyyat kitabı mərtəbəsinə yüksələn Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinin üç cilddə tam şəkildə nəşrinin başa çatdırılmasıdır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində bu dəyərli hikmət xəzinəsinin üçüncü, sonuncu cildi işıq üzü görmüşdür.
Bu fundamental nəşrin təşəbbüsçüsü və kitabın baş məsləhətçisi milli mədəniyyətimizi, elmimizi qoruyub inkişaf etdirən, ziyalılığa yüksək dəyər verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur. Kitabın redaktoru akademik İsa Həbibbəylidir.
Böyük türk alimi, şair və filosofu Cəlaləddin Rumi ortaq mədəniyyətimizin dünya tarixinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. Onun qələmindən çıxan “Məsnəvi”, “Fihi ma fih”, “Divani-kəbir”, “Məktubat”, “Məcalisi-səba” kimi bənzərsiz əsərlər aradan yüz illər keçməsinə baxmayaraq, bu gün də dünyanın bütün guşələrində maraqla oxunmaqdadır.

Kitabın filoloji tərcüməsi tərəfimizdən həyata keçirilmişdir. Tərcümə prosesində müqayisəli-qarşılaşdırma metodu ilə əsərin fars və türk nəşrlərindən istifadə edilmişdir. Kitabın nəşri zamanı eyni zamanda “Məsnəvi” kitabında keçən və müasir oxucu üçün çətin anlaşılan bir sıra termin və xüsusi isimlərin şərh və izahı da verilmişdir.
Təxminən 26 min beytdən ibarət olan bu əsərin əlyazması 6 dəftərdən ibarətdir. Üç cild şəklində nəşr olunan “Məsnəvi”də Mövlana maarifləndirici, müasirlərini öyrədici bir yol izləmiş, dini və təsəvvüfi bilikləri, yaşadığı illərə qədər cəmiyyət üçün keçərli olan anlayış və davranışları, mənəvi-əxlaqi dəyərləri iman sahibi, mömin bir bəndə olaraq inandırıcı bir üslubla, həm də bədii və axıcı bir dillə qələmə almışdır. Təsəvvüfi anlayış çərçivəsində eşq, səbir, qeyrət, təvəkkül, elm, ağıl, idrak, həqiqət, surət, məna, hicab və təqlid kimi kəlmə və terminlərin ətraflı və düzgün izahını “Məs­nəvi”də tapmaq mümkündür. Dünya və İslam ədəbiyyatının incisi sayılan bu əsərdə sufiliklə bağlı elmi və əxlaqi fikir və mətləblər, hikmətlər kiçik, amma yaddaqalan, ibrətamiz əhvalatlar şəklində təqdim olunur. Əsrlərin sınağından çıxmış bu əsər İslam aləminin könül dünyasını, mənəviyyat dünyasını əks etdirən əxlaqi və mənəvi dəyərlər kitabıdır. “Məsnəvi” eyni zamanda müqəddəs kitabımız “Qurani-Kərim”in şərhi, təfsiri kimi də diqqəti cəlb edir. Belə ki, burada 1221 beytdə “Quran” surə və ayələrindən, 745 beytdə isə hədislərdən istifadə edilmişdir. Oxucuya kömək məqsədilə filoloji tərcüməsini verdiyimiz bu mənəviyyat kitabında “Qurani- Kərim”ə istinad olunmuş surə və ayələrin qaynağı da göstərilmişdir.
Mövlana Cəlaləddin Ruminin bu əsəri təkcə ondan sonra gələn şairlərə güclü təsir göstərməklə qalmamış, həm də İslam dininin sağlam zəmində dərk edilməsinə şərait yaratmışdır. Bu mənada onun İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi Azərbaycan şairlərinə də təsiri sələf-xələf münasibətləri baxımından təbii və qanunauyğun bir haldır.
Böyük mütəfəkkir bütün səmavi dinləri yüksək qiymətləndirmiş, kitabda onlara aid ibrətamiz əhvalatları nəql etmiş, Məhəmməd Peyğəmbəri, onun dini fəlsəfəsini şərh və təbliğ etməklə yanaşı, yəhudilərin Musa Peyğəmbəri, xristianların İsa Peyğəmbəri haqqında da “Qurani- Kərim”dəki müsbət xətti davam etdirərək oxucuya ibrətamiz səhnələr təqdim etmişdir. Şair özündən əvvəlki bütün bəşəri kitablardakı müsbət, mənəvi-əxlaqi hekayətləri əsərə daxil etmiş, insanları yüksək insani keyfiyyətlərə, əxlaqi dəyərlərə səsləmişdir. Müəllif bir sıra hallarda Şərqdə geniş şöhrət tapmış didaktik əsər kimi məşhur “Kəlilə və Dimnə” kitabındakı təmsillərə də müraciət etmiş, onlardan faydalanmışdır.
Bu kitab eyni zamanda fəlsəfi baxımdan böyük əhəmiyyət daşıyır. Belə ki, böyük sənətkar əsərdə bir sıra fəlsəfi mövzulara, cərəyanlara yaradıcı şəkildə yanaşır, münasibət bildirir, Əbülqasım Firdovsi, Ömər Xəyyam, Nizami Gəncəvi, Sənai Qəznəvi, Bəyazidi-Bistami kimi Şərq mütəfəkkirlərinin adlarını çəkir və onların dəyərli fəlsəfi fikirlərini inkişaf etdirir.
Mövlana Cəlaləddin Ruminin 3 cildlik “Məsnəvi” kitabı dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Qərbdə Rumi fəlsəfəsinə çox böyük maraq yaranmışdır. Maddiyyatı, maddi dəyərləri üstün tutan Qərb dünyası qarşısında Ruminin mənəviyyat fəlsəfəsi yüksək qiymətləndirilməkdədir. Ona görə də Cəlaləddin Ruminin “Məsnəvi”si klassik Şərq ədəbiyyatının ən məşhur əsəri kimi Qərb ölkələrində sevilən əsərlərdən birinə çevrilmiş, geniş şöhrət tapmış və günümüzdə tez-tez nəşr olunmaqdadır. Amma çox təəssüflər olsun ki, sovet ideologiyası dövründə “Məsnəvi” geniş ictimaiyyətdən, oxucu kütləsindən həmişə gizli saxlanılmış, onun Azərbaycanda nəşrinə, öyrənilməsinə, təbliğinə qadağa qoyulmuşdu. Azərbaycan sovet ədəbiyyatşünaslığında belə, bu əsərdən bəhs edilməsinə məhdudiyyət qoyulmuşdu.
“Əcəmi” nəşriyyatında çapdan çıxmış bu əsərə ölkəmizdə, eləcə də qonşu Türkiyə və İranda maraq göstərilməsi, onun kitab sərgilərində nümayiş etdirilməsi, oxucuların stolüstü kitabına çevrilməsi təsadüfi deyildir. Fərəhləndirici haldır ki, Ali Məclis Sədrinin bilavasitə təşəbbüsü və tövsiyəsi sayəsində bu hikmət xəzinəsi – Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinin filoloji tərcüməsi geniş izahları ilə tam şəkildə ölkəmizdə ilk dəfə işıq üzü görmüşdür. İnanırıq ki, qiymətli mənəviyyat kitabı, hikmətlər xəzinəsi 3 cildlik “Məsnəvi” ədəbiyyatımızda öz layiqli yerini tutacaq, mədəniyyət və mənəviyyatımıza çox qiymətli, dəyərli bir töhfə olacaqdır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR