Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü olmuş Qədirulla Bağırovun anadan olmasının 65 illik yubileyinə həsr olunmuş “Rənglər dünyası” adlı xatirə sərgisi təşkil edilib.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirilib ki, Qədirulla Bağırov 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Naxçıvan Rəssamlar Birliyinin yaradıcılarından biri olan Q.Bağırovun indiyədək Çexiya, Rusiya, Özbəkistan və digər ölkələrdə əsərləri sərgilənib. O, 1982-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib.
Tədbirdə rəssamın yaradıcılığından bəhs edən Xalq rəssamı Hüseynqulu Əliyev onun özünəməxsus yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Sonra sərgiyə baxış olub. Sərgidə rəssamın müxtəlif janrlarda çəkilmiş 70-dən çox əsəri nümayiş olunur. Burada yağlı boya ilə çəkilmiş peyzaj nümunələri, natürmortlar daha çox diqqəti cəlb edir. Rəsmlər arasında muxtar respublikanın təbiət və tarixi abidələri, xüsusilə “Bizim dağlar”, “Aza körpüsü”, “Batabat mənzərəsi” kimi rəsm əsərləri rəssamın fırçasında daha orijinal təsir bağışlayır.
Qeyd edək ki, sərgi qarşıdakı bir həftə müddətində Bərhuz Kəngərli adına Sərgi Salonunda davam edəcək.
Sona MİRZƏYEVA