Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si “Azərbaycan Kinosu Günü” elan edilmişdir.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənələrini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Bu baxımdan kino özündə mədəniyyətin və incəsənətin bir neçə sahəsini birləşdirir.
Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də inkişafı üçün əlverişli zəmin yaratmış, mərhələli şəkildə müxtəlif janrlı filmlər çəkilmişdir. Bunun da nəticəsində Azərbaycanda mövcud olan ictimai-siyasi və mədəni şərait informasiya, maarifçilik və əyləncə funksiyalarını öz üzərinə götürən kino sənətini formalaşdırmışdır. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar… Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
XIX əsrin sonlarında bakılı naşir və fotoqraf Aleksandr Mixayloviç Mişonun kinoxronika çəkilişləri ilə Azərbaycan kinosunun əsası qoyulmuşdur. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bazar küçəsi sübhçağı”, “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi” və başqa süjetlər çəkilərək nümayiş etdirilmişdir. 1900-cü ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş etdirilən filmlərin arasında “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları da vardı.
1924-cü ildə ilk ikiseriyalı “Qız qalası əfsanəsi” bədii filmi ekranlara çıxmışdır. 1935-ci ildə isə “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda ilk səsli kinonun istehsalına başlanılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənmiş, 1945-ci ildə çəkilən “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili ekran janrına meyil güclənmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişiklikliyi baş vermiş, “O olmasın, bu olsun” ilk rəngli bədii filmi çəkilmişdir. 1960-cı ildə isə ilk rəngli genişekranlı “Koroğlu” bədii filmi ekranlara çıxmışdır. Azərbaycan kinosunun şifahi xalq ədəbiyyatımızın, klassik və çağdaş ədəbiyyatmızın ekranlaşdırılması sahəsindəki xidmətləri də əvəzsizdir. “Bir qalanın sirri”, “Koroğlu”, “Leyli və Məcnun”, “Qaraca qız” və başqa onlarla filmimiz məhz belə ekran əsərlərindəndir.
Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Sehrli xalat” və başqa filmlər geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan, ictimai məzmun və əhəmiyyətini, mənəvi-tərbiyəvi rolunu saxlayan ekran əsərləridir.
Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. 1969-cu ilə qədər cəmi 120 bədii, 600 sənədli film və 4 cizgi filmi çəkilmişdir. Ulu öndərin hakimiyyətə gəlişindən sonra respublikamızda kinonun inkişafına diqqət və qayğı artırılmışdır. XX əsrin 70-80-ci illərində Azərbaycanda 110 bədii, 500 sənədli, elmi-kütləvi, 44 cizgi, 96 nömrə “Mozalan” satirik jurnalı çəkilmişdir. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə yüksək dövlət mükafatlarına layiq görülmüş, beynəlxalq kino festivallarında və müsabiqələrində mükafatlar almışdır.
Müstəqillik illərində də kinoya xüsusi diqqət yönəldilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Dahi rəhbərin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilmişdir.
Bu gün ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə Prezidentinin 2007-ci il 23 fevral tarixdə imzaladığı “Kino sənətinin inkişafı haqqında” Sərəncam bunun bariz ifadəsidir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur.
Son illər kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat”, “Dövlət”, “Ata yolu” filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycan filmləri dünyanın müxtəlif ölkələrində keçirilən kinofestivallarda uğurla nümayiş etdirilir. Filmlərimiz xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda təmsil olunmuşdur. Son illər beynəlxalq Kann kinofestivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil olunmuş və milli kinomuzun tarixinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetişdirdiyi sənətkarlar – Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Qərib cinlər diyarında”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Bu gün muxtar respublikada kinoya böyük diqqət və qayğı göstərilir. Ali Məclis Sədrinin qayğısı nəticəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi, Şahbuz şəhərində “Araz”, Şərurda “Bahar” kinoteatrları, Babək rayonunda Mədəniyyət evi ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuş, kinosevərlər üçün hərtərəfli şərait yaradılmışdır.
Muxtar respublikamızda Dövlət Film Fondu fəaliyyət göstərir. Fondun Naxçıvan televiziyası, “Kanal-35” televiziyası, “Gənclik” Mərkəzi, kinoteatrlar, mədəniyyət müəssisələri, təhsil ocaqları və hərbi hissələrlə geniş əlaqələri vardır. Hazırda burada 4500 film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur.
Kino sənətinə, filmlərimizə maraq bu gün də böyükdür. Azərbaycan kinosunun sabahı haqqında düşünərkən kinomuzun hamisi və qayğıkeşi ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri yada düşür: “Mən əminəm ki, Azərbaycan kinematoqrafiyasının sabahı daha uğurlu və parlaq olacaq, milli ənənələrimizdən bəhrələnən kino sənətimiz dünya mədəniyyətində özünə layiqli yer tutacaqdır”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti