Dünyanın bir çox ölkələrində ilk muzeylərin yaranma tarixi XVI-XIX əsrlərə təsadüf edir. Maraqlıdır ki, bu muzeylər, ilk olaraq, təhsil müəssisələrinin nəzdində yaradılmışdır: XIV əsrin ortalarında yaradılmış Paduya (İtaliya) Universitetinin ilk təbabət bağı, 1594-cü ildə Paduya və Leyden (Niderland) universitetlərinin nəzdində təşkil edilmiş anatomiya teatrları, 1683-cü ildə isə Oksford Universitetinin nəzdində Aşimolean muzeyi.
Azərbaycanda isə ilk muzey XIX əsrin sonlarında indiki Babək rayonunun Nehrəm kənd məktəbində görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır. C.Məmmədquluzadədən sonra ictimai fikri muzey probleminə yönəldənlərdən biri görkəmli maarifçi, ictimai xadim və publisist Həsən bəy Zərdabi olmuşdur. O, 1899 və 1900-cü illərdə “ Kaspi ” qəzetində dərc olunmuş məqalələrində muzey mövzusuna toxunmuş, bədii-estetik zövqün formalaşmasında muzeylərin əhəmiyyətindən və rolundan bəhs etmişdir.
Ümumiyyətlə, C.Məmmədquluzadənin həyatına, ictimai fəaliyyətinə nəzər saldıqda görürük ki, görkəmli ədib geriliyə, savadsızlığa, dini xurafata qarşı mübarizə aparmış, həmişə xalqı milli oyanışa səsləmiş, yeniyetmə və gənclərdə milli məfkurənin formalaşmasına çalışmışdır. Bu cür yüksək milli-mənəvi missiyanı o, təkcə özünün ədəbi-bədii yaradıcılığı vasitəsilə deyil, həm də geniş ictimai fəaliyyəti ilə həyata keçirmişdir.
Məlum olduğu kimi, C.Məmmədquluzadə ömrünün 7 ilini (1890-1897-ci illər) Nehrəm kəndində müəllimlik etməklə keçirmişdir.
Burada işlədiyi illərdə C.Məmmədquluzadə yalnız dərs deməklə kifayətlənməmiş, həm də şagirdlərə Vətəni, xalqı sevməyi, onun tarixinə hörmətlə yanaşmağı və dərindən öyrənib mənimsəməyi aşılamağa çalışmışdır.
Bu məqsədlə C.Məmmədquluzadə 1896-cı ildə müəllim işlədiyi Nehrəm kənd məktəbində muzey yaratmağa təşəbbüs göstərmiş və buna icazə verilməsi üçün Xalq Məktəbləri İdarəsinin müdiriyyətinə yazılı müraciət etmişdir. Bir müddət keçdikdən sonra müsbət cavab alan Mirzə Cəlil müəllim həmkarlarının da köməyindən istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq məktəbdə muzey yaratmağa nail olmuşdur. Muzeydə Azərbaycanın, o cümlədən Naxçıvan diyarının tarixinə dair maddi-mədəniyyət nümunələri toplanmışdır.
Naxçıvanda muzey işinin tarixinə dair məlumatlar əldə etmək məqsədilə 1999-cu ilin mayında Naxçıvan şəhərində yaşamış, filologiya elmləri namizədi, vaxtilə Naxçıvan Dövlət Tarix Muzeyində işləmiş mərhum Lətif Hüseynzadə ilə həmsöhbət olduq. Onun verdiyi məlumata görə, C.Məmmədquluzadənin Nehrəm kənd məktəbində təşkil etdiyi muzeydə, əsasən, saxsıdan hazırlanmış küpələr, kuzələr, sənəklər, misdən hazırlanmış məişət əşyaları, mis pul sikkələri, xalça və xalçaçılıq məmulatları, toxuma əl işləri və sair bu kimi dəyərli əşyalar toplanmışdır. Əşyaların toplanması işinə sonrakı vaxtlarda müəllimlərlə yanaşı, şagirdlər və onların valideynləri də cəlb edilmiş, muzey get-gedə zənginləşdirilmişdir.
XIX əsrin sonlarında Nehrəm kənd məktəbində muzey yaratmaq kimi nəcib təşəbbüsünə görə sonralar Xalq Məktəbləri İdarəsi müdiriyyətinin təşəkkürünü alan C.Məmmədquluzadə Azərbaycanda ilk dəfə məktəbdə müasirtipli muzey yaratmaqla muzey işinin əsasını qoymuşdur.
Görkəmli yazıçının bu möhtəşəm işi ” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli Sərəncamında lazımınca qiymətləndirilmişdir. Sərəncamda qeyd olunur: “XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər, öz növbəsində, muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasirtipli muzeylərin yaradılmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur”.
C.Məmmədquluzadə tərəfindən muzeyin yaradılması o dövr üçün böyük hadisə idi. Həmin muzey xüsusilə Nehrəm kənd əhalisinin Azərbaycan xalqının tarixi keçmişi haqqında məlumatlar əldə etməsinə xidmət etmiş, digər tərəfdən isə Azərbaycanda və onun ayrılmaz parçası olan qədim Naxçıvan diyarında XIX əsrin sonu, XX əsrin əvvəllərində muzey əhəmiyyətli əşyaların toplanmasına, kolleksiyaçı nəslin yaranmasına öz təsirini göstərmişdir.
C.Məmmədquluzadə XIX əsrin sonlarında Azərbaycanda ilk müasirtipli muzeyin yaradılmasına nail olmaqla XX əsrin sonlarında özünün xatirəsinə muzeylər təşkil edilməsinə mənəvi haqq qazanmış oldu.
C.Məmmədquluzadə irsinin toplanması, qorunması, öyrənilməsi və təbliği işini uzun illər indiki Naxçıvan Dövlət Tarix Muzeyi həyata keçirmiş, 1967-ci ildən fəaliyyətə başlayan C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi də sonradan bu işə qoşulmuşdur. Hazırda Bakı və Naxçıvan şəhərlərində ədibin ev-muzeyləri, vaxtilə müəllim işlədiyi Şərur rayonundakı Cəlilkənddə və Babək rayonunun Nehrəm kəndində 1989 və 1991-ci illərdə yaradılmış xatirə muzeyləri görkəmli yazıçının həyat və fəaliyyətini, ədəbi irsini təbliğ edirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1999-cu ilin oktyabr ayında, Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd olunduğu günlərdə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılış mərasimində çıxış edərkən demişdir: “Bilirsiniz, mən xoşbəxt günlərimdən birini yaşayıram, nə üçün? Çünki arzuma çatmışam. Çünki Mirzə Cəlilin ev-muzeyini yaratmaq istəmişəm, bunu da yaratmışam. Azərbaycanın mötəbər adamları ilə bir yerdəyəm və bunu bir yerdə açırıq. Allah Mirzə Cəlilə rəhmət eləsin! Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır”.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq C.Məmmədquluzadənin əziz xatirəsinə ehtiram əlaməti olaraq muzeylərimiz onun ədəbi irsini və ictimai fəaliyyətini dərindən öyrənib təbliğ etməklə özlərinin mənəvi borclarını yerinə yetirməyə səy göstərirlər.
Nizami RƏHİMOV
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru