“Ensiklopedik bilik sahibi” adlanan elmi konfrans AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, elmi tədbir Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən təsdiq edilmiş “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq keçirilir.
Konfransda AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Abbasqulu ağa Bakıxanovun həyatı və fəaliyyəti”, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Böyük mütəfəkkir”, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov “Abbasqulu ağa Bakıxanovun əsərlərinin tədqiqi və nəşri tarixi”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Abbasqulu ağa Bakıxanovun bədii yaradıcılığı”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov “Vətən tarixşünaslığının görkəmli nümayəndəsi Abbasqulu ağa Bakıxanov”, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Abbasqulu ağa Bakıxanovun “Kəşfül-Qəraib” (“Qəribə kəşflər”) əsərinin ideya-bədii xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
Qeyd edilib ki, ensiklopedik biliyə və əhatəli dünyagörüşə malik şəxsiyyət kimi tanınan Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin müxtəlif sahələrinə aid zəngin bir irs yaradıb. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri olub. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi A.Bakıxanovun adı ilə sıx bağlıdır. 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edən Abbasqulu ağa Bakıxanov Türkmənçay və Gülüstan müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak edib. O, “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. Ədib “Qüdsi” təxəllüsü ilə şeirlər də yazıb. Vurğulanıb ki, Abbasqulu ağa Bakıxanovun uşaqların əxlaqını tərbiyə edən və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən nəsihətamiz əsərləri bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.
Konfransda A.Bakıxanovun həyatı və yaradıcılığı haqqında fotoslayd nümayiş etdirilib.
Xəbərlər şöbəsi