Ulu öndər Heydər ƏlİYEV: İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.
YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında mart ayının 21-i “Beynəlxalq Poeziya Günü” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Poeziya Günü 2007-ci ildən qeyd olunur.
Şeir bütün xalqların dilində qədimdən günümüzə qədər şifahi və yazılı şəkildə zamandan zamana, nəsildən nəslə keçmiş, yaddaşlara həkk olunaraq bəşəriyyətin söz xəzinəsini zənginləşdirmişdir. Azərbaycan dilinin axıcılığı, ahəngdarlığı imkan verir ki, bu dildə çox səlis, rəvan poetik nümunələr yaradılsın. Şifahi xalq ədəbiyyatı nümunələrimizdə xalqımızın adət-ənənələri, məişəti, düşüncəsi, ağrı-acısı, sevinci, mübarizə əzmi, vətənpərvərliyi daha aydın görünür. Ağılar, bayatılar, holavarlar, sayaçı sözlər, əmək nəğmələri, mövsüm-mərasim nəğmələri bunu bir daha sübut edir. Sonrakı dövrlərdə folklor nümunələrimiz zəminində gözəl şeirlər, poemalar yaranmış, şairlərimizin poetik düşüncəsində dünya, cəmiyyət haqqında fəlsəfi düşüncələrlə yanaşı, insanın fərdi duyğularının, insan cəmiyyətinin problemlərinin həlli də aparıcı mövzuya çevrilmişdir.
Klassik şairlərimizin Azərbaycan, ərəb və fars dillərindəki poetik inciləri Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi formalaşdırmışdır. Poeziya sənətimizin Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərləri sonrakı dövrlərdə bir sıra qüdrətli şairlərimizin ilham qaynağı olmuşdur. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi şairlərimiz anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan qüdrətli şairlər kimi dilimizin poetik imkanlarını daha geniş mənada üzə çıxarmışlar. XVII-XVIII əsrlərdə yazıb-yaradan şairlərimiz klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza təzə nəfəs gətirmişlər. Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin yaradıcılığı yazılı ədəbiyyatımızda poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazmışdır. Aşıq Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Dilqəmin, Abbas Tufarqanlının, Aşıq Alının, Aşıq Ələsgərin qoşma və gəraylıları, təcnisləri bir daha təsdiq edir ki, Azərbaycan poeziyası çox zəngin ənənələrə malik olan bir sənət çeşməsidir.