24 Dekabr 2024, Çərşənbə axşamı

Bu il görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasından 80 il ötür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 11 fevral 2015-ci il tarixli Sərəncamında deyilir: “Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiy­yət­lərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünə məxsus layiqli yer tutur”.
Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 2015-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında “Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adıgözəlovun rolu” mövzusunda konfransın keçirilməsi, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal ictimai xadim kimi hərtərəfli fəaliyyətinə həsr olunmuş tədbirlərin təşkili, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, musiqi məktəblərində bir dərs saatının Vasif Adıgözəlovun yaradıcılığına həsr olunması nəzərdə tutulub.

Vasif Adıgözəlov Azərbaycan musiqi mədəniyyəti tarixində hərtərəfli və zəngin yaradıcılıq yolu keçmiş görkəmli sənətkarlarımızdandır. Böyük bəstəkar 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfüqar Adıgözəl­ovun ailəsində dünyaya göz açıb. Görkəmli bəstəkar öz xatirələrində uşaqlıq və gənclik illərini belə xatırlayaraq yazırdı: “Mən Azərbaycanda muğam məktəbinin yaradıcılarından biri olan Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açmışam. Kiçik yaşlarımdan tar, kaman, muğam sədası altında böyümüşəm. Məktəbə gedəndə atamın fikri qəti idi: “Milli musiqi, muğamat sənin qanındadır, amma sən fortepiano sinfinə daxil olmalısan ki, onun vasitəsi ilə Qərb musiqisinə yiyələnəsən”.
Filosoflar nahaq demirlər ki, hər bir istedadın meydana çıxması sənət möcüzəsidir. Tale elə gətirir ki, orta məktəbi bitirəndən sonra, 1953-cü ildə Vasif Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir, 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. O, görkəmli bəstəkar Qara Qarayevin sinfində oxuduğu illəri 40 il sonra belə xatırlayırdı: “Orta məktəbi bitirdikdən sonra mən bəstəkarlıq şöbəsinə, Qara Qarayevin sinfinə daxil oldum. Onun sinfində aldığım hər bir dərs mənim üçün bir aləm idi. Qara müəllimin sinfində sənətə yiyələnməklə yanaşı, bizim dünyagörüşümüz artır, erudisiyamız zənginləşirdi. Dünya musiqi mədəniyyətinin inciləri ilə, görkəmli musiqiçilərlə tanış olurduq”.
Vasif Adıgözəlov zəmanəmizin böyük bəstəkarı Qara Qarayevə olan məhəbbət və ehtiramını bütün ömrü boyu qəlbində yaşadan sənətkar idi. Özü də həmişə böyük iftixarla deyirdi: “Bu böyük insanı unutmaq mümkün deyil. O, yaddaşımızdan heç bir zaman silinməyəcək... Həyatımda nəyə nail olmuşamsa, yalnız ustadıma minnətdaram!” Dahi bəstəkar Qara Qarayevin sevimli tələbələri olan bu sənətkarlar – Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Arif Məlikov, Musa Mirzəyev, Oqtay Zülfüqarov, Sevda İbrahimova, Firəngiz Əlizadə, Tofiq Bakıxanov, Polad Bülbüloğlu və başqaları müəllimlərinin fədakar əməyini doğrultdular və Azərbaycan musiqi mədəniyyətinə gözəl əsərlər bəxş etdilər.
Vasif Adıgözəlovun yaradıcılığı janr müxtəlifliyi, forma rəngarəng­liyi ilə seçilən və xalq musiqisindən qaynaqlanan melodiyaları ilə diqqəti cəlb edir. Bəstəkarın bir-birinə bənzəməyən, ürəkləri riqqətə gətirən melodiyaları, janr əlvanlığı ilə seçilən musiqi əsərləri xalqımızın həyatı, sevinci və kədəri, düşüncələri, əhval-ruhiyyəsi ilə bağlıdır. Vasif Adıgözəlov musiqisində xalq mahnılarının, muğam musiqisinin təsiri özünü göstərir.
Bəstəkar müxtəlif janrlarla yanaşı, musiqili səhnə əsərlərinə də bütün yaradıcılığı boyu müraciət edib. Onun simfonik, vokal-simfonik, irihəcmli instrumental əsərləri, kino musiqisi, mahnıları ilə yanaşı, səhnə əsərləri də yaradıcılığında mühüm yer tutur. Onun ilk irihəcmli əsərlərindən hesab olunan “Ölülər” operası (1962) Cəlil Məmmədquluzadənin eyniadlı tragikomediyası əsasında yazılıb. 1963-cü ilin 11 noyabrında Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. Bu operadan uzun illər sonra görkəmli bəstəkar “Natəvan” (2003) operasını yazır. Bu opera Azərbaycan ədəbiyyatının klassiki, şairə Xurşidbanu Natəvanın həyatına həsr olunub. Bəstəkarın bu operasında Natəvan obrazı ilə yanaşı, məşhur fransız yazıçısı Aleksandr Dümanın, Qasım bəy Zakirin, Xasay bəy Usmiyevin də obrazlarını görürük. Hər iki opera görkəmli bəstəkarımızın ədəbiyyatımıza, tanınmış şəxsiyyətlərimizə, ədəbi incilərimizə məhəbbətindən yarandığı üçün dəyərli əsərlərdir. Ümumiyyətlə, Vasif Adıgözəlov yaradıcılığına müraciət edərkən onun zəngin ədəbiyyatımızdan bəhrələnərək yazılan musiqi əsərləri xüsusilə diqqəti cəlb edir. Bəstəkarın hələ gənc ikən yazdığı “Xəsis” (“Hacı Qara”) operettası belə əsərlərdən hesab oluna bilər. M.F.Axundzadənin komediyası əsasında yazılmış bu operettanın libretto müəllifi Şəmsi Bədəlbəylidir. Bəstəkar Ramiz Mustafayevlə birgə yazılmış bu əsərin ilk tamaşası 11 iyul 1958-ci ildə olub.
Hər iki bəstəkarın tamaşa üçün işlədikləri mahnılar operettaya şən əhval-ruhiyyə gətirib. Bu operettadakı mahnıların sözünün müəllifi isə görkəmli şair Əliağa Kürçaylıdır. Bəstəkarın “Hacı Qara” operettasından sonra yazdığı musiqili komediyalar öz dəst-xətti ilə seçilməklə ona şöhrət gətirib. Azərbaycan Musiqili Komediya Teatrının repertuarından uzun müddət düşməyən bu tamaşalar bəstəkarın bu janrda gözəl əsərlər yazmaq istedadını bütün dolğunluğu ilə özündə əks etdirir. Şair Əliağa Kürçaylının “Nənəmin şahlıq quşu” (1971), “Boşanaq, evlənərik” (1976), dramaturq Firudin Aşurovun “Lənət şeytana” (1984), Xalq yazıçısı Anarın “Aldın payını, çağır dayını” (2005) kimi musiqili komediyaları bəstəkarın səhnəmiz üçün yazılmış gözəl əsərlərindəndir. “Boşanaq, evlənərik” musiqili komediyası ölkə­mizin bir sıra teatrlarında, o cümlədən 1982-ci ildə rejissor Baxşı Qələndərli tərəfindən Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla səhnəyə qoyulub. Tamaşada Xalq artistlərimiz Sofya Hüseynova, Yasəmən Ramazanova, Rövşən Hüseynov, Həsən Ağayev, Şirzad Abutalıbov və başqaları maraqlı obrazlar yaradıblar. Bəstəkar bir sıra dram əsərlərinə də maraqlı musiqilər bəstələyib. Xalq yazıçısı Mirzə İbrahimovun “Bəşərin komediyası, yaxud Don Juan” əsəri (1977) belə tamaşalardandır. Teatr bədii yaradıcılığın ən geniş yayılan növü kimi insan mənəviyyatının formalaşmasında böyük gücə malikdir. Teatr tamaşalarının daha təsirli, bədii obrazların daha inandırıcı olmasında isə musiqinin rolu əvəzsizdir.
Bəstəkarın 4 oratoriyası: “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı”, 3 kantatası, 4 simfoniyası, 6 instrumental konserti, kino musiqisi görkəmli sənətkarın məhsuldar və gərgin yaradıcılıq axtarışlarının bəhrəsi olmaqla musiqi mədəniyyətimizin ölməz əsərlərindəndir. Bu musiqi əsərlərində Vasif Adıgözəlovun yaradıcı­lığı üçün parlaq melodizm, muğamın improvizasiyalı inkişafından irəli gələn forma xüsu­siyyətləri, poliritmiya, tembr xüsusiyyətlərinin səciyyəviliyi insanı valeh edir.
Vasif Adıgözəlovun kino musiqisi öz janr müxtəlifliyi ilə seçilir. Bu filmlərin içərisində cizgi filmləri, bədii filmlər, sənədli filmlər, musiqili filmlər vardır. Bütün bunlar sənətkarın özünüifadə bacarığını göstərir. Həm də bu filmlərin adları tamaşaçıya yeni söz deyir: “Balaca çoban” (cizgi filmi), “Aktrisanın təbəssümü”, “Cazibə qüvvəsi”, “Hər şey olduğu kimi – Əminə Dilbazi”, “Xidmət lifti”, “Həyat bizi sınayır”, “Kişi sözü”, “Qəribə əhvalat”, “Lahıc”, “Mahnı qanadlarında”, “Məhəbbət oratoriyası”, “Skripkanın sərgüzəşti”, “Şərikli çörək”, “Zülfü ocağı” və sair. Kinoşünaslar hər bir filmin uğurlu olmasında musiqinin rolunu yüksək qiymətləndirirlər. Bu filmlərin hər birinin sevilməsində görkəm­li bəstəkarın yaradıcılıq zəhmətini görürük. Xüsusilə uşaqlar üçün çəkilmiş “Balaca çoban”, “Skripkanın sərgüzəşti”, “Şərikli çörək” filmlərinin melodiyaları insanı vəcdə gətirir. Hamımızın dəfələrlə baxdığı “Şərikli çörək” filmində uşaqların çətin, fərəhsiz həyatına öz musiqisi ilə sevinc, inam, işıq gətirən Vasif Adıgözəlov insanı düşündürür. Əbədi çətinlik, fərəhsiz günlər ola bilməz, qarşıda gözəl günlər durur. Bütün bunları bəstəkar filmdə öz musiqi dili ilə deyir və aşılayır.
Vasif Adıgözəlovun mahnıları bu gün sevilə-sevilə oxunur. Bəstəkarın “Bakı”, “Təkcə səndən xoşum gəlir”, “Mən gəzirəm hər yanı”, “Gözləməsin, neyləsin?”, “Şuşam”, “Qərənfil”, “Naz-naz”, “Unutdu məni”, “Şair, nə tez qocaldın” və başqa mahnıları hamımızın sevdiyi nəğmələrdir. Bəstəkarın sözlərinə musiqi yazdığı şairlər də çoxdur.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1980-ci ildən professor kimi gənc musiqiçilərin yetişməsində böyük rolu olan bəstəkar 1990-cı ildə Dövlət mükafatı laureatı olub. Görkəmli bəstəkar 1995-ci ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal” ordenləri ilə təltif olunub.
Vasif Adıgözəlov 2006-cı il sen­tyabr ayının 9-da vəfat edib.
Adıgözəlovlar nəsli Azərbaycan musiqisinə görkəmli simalar bəxş edib. Zülfü Adıgözəlov, Vasif Adıgözəlov, Rauf Adıgözəlov (qardaşı). Bu gün bu yolu bəstəkarın oğlu Yalçın Adıgözəlov layiqincə davam etdirir.
Zəngin sənət ömrü yaşamış və daim xalqına bağlı olan Vasif Adıgözəlovun musiqisi bu gün də insanlara vətənpərvərlik, sevinc, inam, sevgi duyğuları bəxş edir. Bu mənada, sənətkar bu gün də bizim müasirimizdir.

Hər bir görkəmli sənətkarın müəllimi, sevdiyi insan, dostu haqqında dediyi fikri çox zaman onun haqqında söyləmək olur. Görkəmli bəstəkarın müəllimi Qara Qarayev haqqında dediyi fikri bu gün onun üçün söyləmək olar: “Bu böyük insanı unutmaq mümkün deyil. O, yaddaşımızdan heç bir zaman silinməyəcək...”

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR