24 Dekabr 2024, Çərşənbə axşamı

Neçə illərdir ki, gəncləşən qədim Naxçıvanımız gülüstan timsalındadır. Hər birimizin gözü qarşısında gözəl, füsunkar məkana çevrilən diyarımızın təbii gözəllikləri isə ilin bu fəslində onun simasına daha zəngin çalarlar qatır.

Ağaclar tumurcuqlayır, güllər qönçələnir, ürəklər yaz nəfəsi ilə döyünür. Paytaxt şəhərimizi gəzib dolaşdıqca köksümüz fərəhdən, sevincdən qabarır, qəlblər riqqətə gəlir. Özünü yeni bir aləmdə hiss edirsən. İnsanların təbəssümlü baxışlarından qəlboxşayan ifadələr oxuyursan: xoş gəlibsən, elimizə, obamıza, Novruz! Qədəmlərin uğurlu olsun, Novruz. İlimizin ilk günü başlanır, ruzi-bərəkətin təməli qoyulur səninlə.
Belə duyğu və düşüncələri isə hər bir naxçıvanlıda yaradan amillər çoxdur: təmin olunmuş ictimai-siyasi sabitlik, insanların yaxşı yaşamasına, maddi rifah hallarının yüksəldilməsinə hesablanmış tədbirlər, genişmiqyaslı tikinti-qurucu­luq işləri, ticarət obyektlərində müşahidə olunan bolluq. Bu bolluq elə-belə yaranmayıb, yollar düşünülüb, layihələr həyata keçirilib ki, insanlar yaxşı yaşasınlar. Buna da nail olunub. Artıq diyarımız öz tələbatını yerli məhsullar hesabına ödəməkdədir. Muxtar respublikamızın emal və istehsal müəssisələrinin məhsulları dükan-bazarlara insan axınını daha da gücləndirib. Çünki hər bir naxçıvanlı öz bayram süfrəsini zəngin görmək istəyir. Buna onun mənəvi haqqı, süfrəsini zənginləşdirməyə isə imkanı var. Saymaqla qurtarmayan belə amillərin təməlində isə insana qayğı dayanır.

Təbii ki, belə qayğı naxçıvanlıların qurub-yaratmaq eşqinə öz təsirini göstərir. Sakinlərimiz Novruz bayramını bu il də yüksək sevinclə qarşılayırlar. Bunu həm Naxçıvan şəhərində, həm də muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində hər addımda görmək olar. İstirahət guşələrinin, parkların siması yaz rəngindədir. O ünvanlarda Novruz ətri duyulur. Bu məkanlarda Novruzu təntənə ilə qeyd etmək üçün yüksək şərait yaradılıb. Bir neçə gün o ünvanlar­dan musiqi, çal-çağır səsləri kəsil­mə­yəcək. Ən böyük bay­ram şənliklərinə isə Əcəmi Seyrəngahı şahidlik edəcək. Bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu dağlar diyarı Şahbuz, bir ucu bağlar diyarı Ordubaddan gələn musiqi kollektivlərinin ifasında Novruzun şəninə nəğmələr oxunacaq. Adət-ənənələrimiz nümayiş etdiriləcək, qədim milli oyunlarımız ruhumuzu təzələyəcək. Milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan Novruz özü ilə xeyir-bərəkət gətirəcək.
Bayramsayağı bəzədilmiş Naxçıvan Novruzu qarşılamağa hazırdır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR