24 Dekabr 2024, Çərşənbə axşamı

Ötən həftə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun “Nadanlıq” dramı əsasında rejissor Tofiq Seyidovun hazırladığı “Nadanlıq və ya üç telefon zəngi” tamaşasına ictimai baxış olub.
Tamaşa Naxçıvan teatrının səhnəsində, təqribən, bir əsr bundan əvvəl (1914-cü ildə) səhnələşdirilib. Quruluşçu rejissor teatr tariximizdə ilk dəfə olaraq tamaşaya müəllifin həyat və fəaliyyətini əlavə edib. Qeyd edək ki, aprel ayının 14-də görkəmli dövlət xadimi və yazıçımız Nəriman Nərimanovun anadan olmasının 145 illiyi tamam oldu. Tamaşa Azərbaycan səhnəsində isə ilk dəfə 120 il bundan əvvəl səhnəyə qoyulub.
Nəriman Nərimanovun hələ Qori Müəllimlər Seminariyasında oxuduğu illərdə yazmağa başladığı bu əsər müəllifin ilk qələm təcrübəsi hesab olunur. “Nadanlıq” dramında köhnə Azərbaycan kəndinin dəhşətli mənzərələri, kənddə maarifçilik ideyaları yaymaq istəyən müəllimin sarsıntıları, zülm və zülmət içində boğulan, eyni zamanda nadanlıq fəlakətinin tüğyan etdiyi cəmiyyət təsvir olunur. Bu səhnələrə baxmaqla o dövrün dəhşətli fəlakətlərini hiss etməmək mümkün deyil. Quruluşçu rejissorun ilk dəfə olaraq Nəriman Nərimanovun obrazının, onun həyat yoldaşı Gülsümün, evində himayə edib saxladığı cavan qız uşağının tamaşaya daxil edilməsi, bu böyük şəxsiyyətin bu günümüzlə səsləşən məktublarının, çıxışlarının, fikirlərinin onun dilindən səsləndirilməsi tamaşaçını düşündürür.

Səhnənin bədii tərtibatı da tamaşaçıda böyük maraq doğurur (quruluşçu rəssam Xalq rəssamı Hüseynqulu Əliyev və rəssam Fizzə Quliyeva). Gənc rəssam Fizzə Quliyeva teatrımızda ilk dəfə qadın rəssam kimi bu tamaşanın hazırlanmasında iştirak edir. Kremlin Spassk qülləsi fonunda təsvir edilən hörümçək toru ilə əsrin əvvəllərində Azərbaycanın və Nəriman Nəriman­ovun taleyi arasında oxşarlıq var. Bu səhnələrdə səslənən fikirlər tarixin bir sıra mətləblərini ortaya qoyur. Həmin səhnələrdə Azərbaycan Respublikasının Əməkdar artisti Əli Əliyevin (Nəriman Nərimanov), aktrisalar Nazlı Hüseynquliyevanın (Gülsüm xanım), Fidan Qasımovanın (Xanım) ifaları təbiidir. Bu səhnələrdəki obrazlar rejissorun tamaşaya əlavə etdiyi surətlər olsa da, tarixi reallığı əks etdirdiyi üçün olduqca maraqlıdır. Nəriman Nərimanov obrazını bugünkü nəslə tanıtmaq baxımından bu səhnələrin canlandırılması təqdirəlayiqdir.
Tamaşada rejissorun adını dəyişdirib Nəriman qoyduğu Məhəmmədağa obrazı görkəmli dövlət xadiminin Borçalı qəzasının Qızılhacılı kəndində müəllim işlədiyi gənclik illərindəki prototipidir. Tamaşanın iki müsbət qəhrəmanı hesab edilən gənc Nəriman müəllim (aktyor Elnur Rzayev) və Ömər (aktyor Səyyad Məmmədov) eyni ideallarla yaşayırlar. Bu iki şəxs yeganə həmfikirlərdir. Gənc Nəriman nikbindir. O inandığı, arxalandığı Ömərin köməyi ilə düz yoldan azmış adamları maarif yoluna, tərəqqi yoluna gətirəcəyinə inanır. Lakin hadisələr inkişaf etdikcə onların çətinlikləri inandırıcı olaraq ortaya çıxır. Hər iki obraz dramaturgiyamızdakı maarifçilik ideyalarını yaşadan obrazlara bənzəsələr də, (“Bəxtsiz cavan”da Fərhad, “Müsibəti-Fəxrəddin”də Fəxrəddin) onların fərqli cəhətləri də vardır. Xüsusilə maarifpərvər ziyalı Ömər kənd həyatındakı ziddiyyətləri yalnız nadanlıqda görür, ona elə gəlir ki, bütün bəlalara səbəb nadanlıqdır.
Tamaşanın kənd mənzərələrini, feodal-patriarxal kəndi canlandıran səhnələrində Gülpəri (aktrisa Nurbəniz Niftəliyeva) və Yetər obrazları ilə Azərbaycan qadınının simasını görürük (aktrisa Zəminə Baxşəliyeva). Hər iki aktrisa dövrün cinə, fala və başqa cadugər əməllərinə inanan qadınlarını inandırıcı yaradıblar. Bu səhnəni izləyən tamaşaçı hiyləgər, pula həris Molla Qasıma nifrət edir, sadəlövh, avam qadınların halına acıyır. Xalq artisti Rövşən Hüseynovun canlı və təbii ifasında kənd mollasının obrazı sənətkarlıqla təqdim edilir.
Tamaşada teatrın aktyorlarının XIX əsr Azərbaycan kəndinin sakinləri olan xarakterik personajları da diqqətdən kənarda qalmır. Kənddə əsl nadanlığın daşıyıcıları olan bu insanların obrazları aktyorlarımızın ifasında tipik səviyyədə təqdim olunur.
Xüsusilə Hacı Abdulla (Xalq artisti Həsən Ağasoy), Qurbanəli (Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev), Koxa (aktyor Zakir Fətəliyev), Niyazəli (Xalq artisti Şirzad Abutalıb­ov), Ağakişi (Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev), Şamil (Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov), Pirverdi (aktyor Cəbrayıl Nəbiyev) tamaşadakı xarakterik kənd­li surətlərini tipikləşdirməyi bacarıblar. Bu kəndlilərin dünyagörüşləri, düşüncələri, daxili dünyaları eyni olsa da, teatrımızın ak­tyorları onları ayrı-ayrı fərdi tiplər səviyyəsində təqdim edirlər. Tamaşada dövrün nadanlığını, savadsızlığını, geriliyi təmsil edən, vaxtı keçmiş köhnə adət-ənənələrin fəlakətə yol açdığını dərk etməyən bu tiplərin aktyor ifasında təqdimi maraqla qarşılanır.
Tamaşanın uğurlu təqdimində gənc yaradıcı qüvvələrin də ifaları maraqla qarşılanıb. Gənc aktyorlar Bünyat Səttarlı (Vəli), Vəli Babayev (Yasaul), Hüseyn Məmmədov, Alim Alışov, Rəhman Dünyamalıyev (İsmayıl) tamaşada rol alan gənc ak­tyorlardır.
Tamaşadakı rəqsləri teatrda fəaliyyət göstərən “Təməl” teatr studiyasının tələbələri ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Çingiz Babayev hadisələrin gedişi ilə səsləşən musiqiləri ustalıqla seçib.
Tamaşadan sonra teatrın direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlı, Xalq artisti Kamran Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, Xalq rəssamı Hüseynqulu Əliyev, rejissor Tofiq Seyidov çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildiriblər.
Məlumat üçün bildirək ki, tamaşa yaxın günlərdə teatrsevərlərə təqdim ediləcəkdir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR