Əlincəqala Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əlincəçayın sağ sahilində yerləşir. Qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və sair kimi qeyd olunur. Bəsrəd Paşayevə görə, Əlincəqalanın adını tədqiqatçılar və jurnalistlər qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır. Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif versiyalar var. İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır”.
Qədim tarixi mənbələrə görə, qala 2 min il əvvəl tikilmişdir. Digər tarixçilər sübut edir ki, qala III-IV əsrlərdə Sasani dövlətinin vaxtında tikilib. Orta əsr qaynaqlarında Əlincəqala möhkəm istehkam, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Asogik (928-1019), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Əlincəqalanın qeyri-adi mənzərəsi çoxlu əcnəbi qonaqları buraya cəlb edir. Bu qala güc və hərbi strategiya rəmzi olaraq əsrlərboyu geosiyasi əhəmiyyətli qala olmuşdur. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir.
Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülmüşdür. Şimal yamacında yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacında isə səkkiz divarın xarabalıqları qalmışdır. Xanəgah kəndindən qalaya gələn yolun üzərində gözətçi evi, xəndəklər və müdafiə məqsədi üçün qüllələr inşa edilmişdir. Əlincəqala, əsasən, üç geniş sahədən (şimal, şimal-qərb və cənub-qərb) ibarətdir; şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulmuşdur. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qala rəislərinin və iri feodalların yaşamış olduğu bu sahə “şahtaxtı” adlanır. Əlincəqalada feodallara məxsus gözəl saray və binaların qalıqları hələ XIX əsrə aid ədəbiyyatda təsvir olunmuşdur. Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Qalanın üzərində müxtəlif yerlərdə 13-dən artıq hovuz qazılmış və daşların üzərində müxtəlif rəsmlər həkk olunmuşdur.
Arxeoloqlar burada boyalarla çəkilmiş təsvirlər – quş, ceyran, maral, ilan, balıq və digər heyvanların rəsmlərini tapmışlar. Burada tapılan saxsı qabların üzəri həndəsi fiqurlarla bəzədilmişdir. Qala ərazisindən tapılmış yüksəkkeyfiyyətli seladon saxsı qab parçası nəzəri cəlb edir. Tədqiqatçılara görə, seladon qablar Azərbaycana Böyük İpək Yolu vasitəsilə Çindən gətirilirdi. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatının iqamətgahı da Əlincəqalada yerləşirdi. Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin 2-ci yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Cəlairilərin sultanı Əhməd Əmir Teymurun gəlişini eşitdikdən sonra ailəsini Əlincəqalada yerləşdirərək özü Bağdada gedir. Həmin vaxt qalada 300-ə yaxın döyüşçü olub. Əmir Teymur 1386-1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. İlk hücumda Əmir Teymurun oğlu Miranşah qalanı mühasirəyə almış və qala ətrafında şiddətli müharibə baş vermişdir. Qalanın müdafiəçiləri su çatışmazlığı səbəbindən qalanı təhvil verməyə məcbur olmuşlar . Qalanı təhvilvermə zamanı qəfildən yağış yağmağa başlamışdır və müdafiəçilər qalanı yenidən qorumağı qərara almışlar.
1397-ci ildə Şəki və gürcü qoşun birləşmələri Əlincəqalaya hücum edir və teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən çıxarıb Bağdada göndərirlər. Qalanın müdafiəsinə bir müddət Seyid Əli, Hacı Saleh və 3 gürcü sərkərdəsi başçılıq edir. Əlincəqala Əmir Teymuru çox narahat edirdi. 1405-ci ilə qədər Teymurun rəhbərliyi ilə Əlincəqalaya 5-6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. XV əsrin əvvəllərində Əlincəqala Cəlairilərin, sonralar isə Qaraqoyunluların nəzarətinə keçir. Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu hökmdarı İsgəndər Əlincəqalaya sığınmışdı. İsgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirir. Bir müddət Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyətində olan Əlincəqala feodal çəkişmələri və müharibələr nəticəsində dağılır.
Tarixlə maraqlananlardan Azərbaycana səfər edənlər üçün Əlincə qalası 2 min il oynadığı strateji rola görə çox təsiredici bir yerdir. İndiki Azərbaycan hakimiyyəti Əlincəqalanın və dünya tarixində xüsusi yer qazanmış arxeoloji və tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirir. Əlbəttə ki, Əlincəqala Avroasiyanın mədəni irsi üçün mühüm bir qaladır.
Peter Tase
Amerika Birləşmiş Ştatları
“Foreign policy news” qəzeti
21 aprel 2015-ci il