24 Dekabr 2024, Çərşənbə axşamı

Onu Ordubadda hamı yaxşı tanıyır: kimisi bu qədim şəhərin tarixinin yaxından bilicisi, kimisi şərqşünas, kimisi də öz yurdunun gözəlliklərinə bağlı insan kimi. Həlim Ordubad ləhcəsindəki danışığı isə söhbətə ayrı bir şirinlik qatır. Əsasən, tarixi mövzularla maraqlanan həmsöhbətimiz mətbuata da yaxın insandır. Tez-tez rayon qəzetində maraqlı araşdırma xarakterli yazılarla çıxış edir. Müsahibimlə ilk tanışlığımız 6-7 il bundan əvvələ gedib çıxır. Onda da Ordubadın sirli tarixindən, görkəmli şəxsiyyətlərindən, bu torpağın minillik mədəniyyətindən söhbət açmışdı bizə. Bu dəfə də söhbətimiz maraqlı alındı. Nələrdən danışmadıq ki Cabir Cabbarovla... Bol meyvəli yurdun üzügülər, xeyirxah insanlarından tutmuş şəhərin beş sirrinədək, “qətlə”li tikililərin inşasından tutmuş minarəsiz məscidlərədək. Ancaq bu söhbətimizə bir azdan qayıdacağıq...

Ordubad tarixən maraqlı yurd yeri olub. Tarixi çox qədimlərə gedib çıxır. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, mehriban insanları həmişə bura gələn səyyahlar üçün əməlli-başlı mövzu olub. Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.

Başı göylərə çatan çinarlar bu qədim şəhərin tarixinə əsrlərdir, şahidlik edir. XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. XIX əsrdə polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər. Arxeoloji qazıntılar zamanı əldə olunmuş abidələr Ordubadın tarixinin 7 min il əvvələ söykəndiyini göstərir. Müxtəlif dövrlərdə burada aparılmış tədqiqatlar şəhərin zəngin mədəniyyətə malik olduğundan xəbər verir. Bu yurd yeri məşhur ipəyinə və burada yetişdirilən meyvələrinə görə də tanınıb. Belə ki, Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısından etibarən avropalıların məişətində əvəzedilməz parça kimi tanınıb. 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarıma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarıma müəssisəsi fəaliyyət göstərib. Ordubad şəhəri XIX əsrin ikinci yarısı, 1920-ci illərin əvvəllərində Rusiya bazarlarını da yüksəkkeyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən olub. Avropatipli baramaaçan fabriklərin tikilməsinə burada 1870-ci ildə başlanılıb. Nəhayət, 1928-1929-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək Ordubad İpək Kombinatı yaradılıb. Əsrlər boyu Ordubad ipəyi gözəlliyi və keyfiyyəti ilə ad qazanaraq beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

Çeşmələri bol Ordubad...

Qoca Şərqin ənənəvi şəhərlərindən fərqli olaraq, Ordubad həm də şəhər infrastrukturu baxımından cəlbedicidir. Aydın məsələdir ki, su olmayan yerdə həyat da olmaz. Ancaq su olan yerdə həyatın daha gözəl olmasını bu şəhərin sakinləri hələ qədimdən anlayıblar. Ordubad şəhər ziyalılarından olan Firdovsi Mehdiyev tarixçilərə istinad edərək bildirir ki, qədimlərdə Ordubad şəhərində yüzdən çox çeşmə olub. Elə təkcə XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğunu bildirir. Bu kəhrizlərin inşası zamanı mühəndislik prinsiplərinə düzgün əməl olunub. Kəhrizlərin həm qidalanma zonalarında, həm də sudan istifadə yerlərində yüksək sanitariya mədəniyyəti normalarına riayət edilib. Kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü lil və ya çöküntülər daxil ola bilmir. Kəhrizlərin yer səthindən 3-10 metr dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən faktlardır. Son dövrlərdə onlarla belə kəhriz yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib. Firdovsi müəllimin dediyinə görə, keçmişdə yeraltı suların çəkilişi zamanı, əsasən, saxsı borulardan istifadə olunub ki, bu da suyun həm ekoloji baxımdan təmizliyinin saxlanılmasına, həm də sərin olmasına imkan verib. Eyni zamanda hər kəhrizin suyu əhalinin təsərrüfat sayına görə bölünüb. Beləliklə, saxsı borular şəhərin alt hissəsində labirint kimi dolanaraq əhalinin suya olan tələbatını ödəyib.

Minarəsiz məscidləri, “qətlə”li  tikililəri olan və beş sirri  özündə saxlayan qədim şəhər

Ordubad sirli bir aləmdir. Bu aləmdə tarix də var, mədəniyyət də, milli köklərə bağlı özünəməxsusluq da. Şəhərdə keçmişin xatirələrini özündə yaşadan “Cümə” məscidi, “Qeysəriyyə” adlı tarixi abidə, Buzxana binası, XVIII-XIX əsrlərə aid məscidlər var. Şəhərin mərkəzində yerləşən “Cümə” məscidi qədim memarlıq abidəsi kimi indi də bura gələnləri heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunub. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb: “Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adıçəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir”.
Yeri gəlmişkən, “Cümə” məscidinin qarşısındakı qəbirlərdən biri Tusinin nəvələrindən olan Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbridir. XVI-XVII əsrlərə aid ikimərtəbəli mədrəsə binası orta əsrlərdə dinin, elmin inkişafında mühüm rol oynayıb. Cabir müəllim deyir ki, bu mədrəsədə vaxtilə təkcə dini deyil, dünyəvi elmlər də tədris olunub. Nadir şahın dövründə mədrəsədə zamanın tələbinə uyğun olaraq memarlar, hərbçi mütəxəssislər yetişdirilib. Hətta bu hərbçi mütəxəssislərdən bir çoxu sonralar Nadir şahın qoşununda xidmətə cəlb edilərək şahın 1739-cu ildə Hindistana yürüşündə də iştirak ediblər.
...Cabir müəllimlə şəhərin küçələrini gəzirik. Şəhər, əsasən, 5 böyük məhəllədən ibarətdir. Bu məhəllələr “Ambaras”, “Gürdətal”, ”Üçtürləngə”, “Mingis” (“Minkəs”) və “Sərşəhər” (“Şəşəri”) adlanır. Bundan başqa, həmin məhəllələrə nisbətən kiçik məhəllələr də var ki, bu məhəllələrə “Bəylər”, “Qoşqar”, “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Körpübaşı”, “Düz”, “Musa təngi” və sairi misal göstərmək olar. Bu əsas məhəllələrin hər birinin öz böyük məscidi var ki, bu məscidlərin də ümumi sayı beşdir. Sonralar məhəllədaxili kiçik məscidlər də tikilib. Ancaq məscidlərin heç birinin minarəsi yoxdur. Minarəni məscidin damında yerləşən səki əvəz edir. Oraya isə kiçik pilləkənlərlə qalxmaq mümkündür. O ki qaldı məscidlərdə minarələrin olmamasına, bunun da səbəbi ondan ibarətdir ki, Ordubad şəhərinin yerləşdiyi coğrafi ərazi düzənlik deyil. Şəhər yuxarıdan aşağıya doğru maili şəkildə yerləşib. Bu isə səsin yuxarıdan aşağıya doğru maneəsiz yayılmasına imkan verir. Buna görə də Ordubaddakı məscidlərdə minarələrin tikilməsinə ehtiyac olmayıb. Qeyd etmək lazımdır ki, ənənəvi olaraq, hər məscidin qarşısında çeşmə və çinar ağaclarının olmasına da xüsusi diqqət yetirilib. Şəhərin əsas böyük meydanında (həm keçmişdə, həm də indi şəhər əhlinin ən çox toplaşdığı meydanda) yaşı yüzillərə dayanan 5 böyük çinar ağacının olması da təsadüfi deyil. Eyni zamanda nəzərə alaq ki, şəhərin planında da beş istiqamət nəzərə çarpır. Belə ki, şimalda Yuxarı Əylis kəndinə, şimal-şərqdə Gənzə kəndinə (Gənzə çayından keçməklə), şərqdə qədim qəbiristanlığa, cənubda Təbriz şəhərinə, cənub-qərbdə Naxçıvan şəhərinə uzanan istiqamətlər aydın seçilir. Beləliklə, beş əsas böyük məhəllə, beş böyük məscid, əsas meydandakı beş uca çinar və beş istiqamət bu şəhərin hansı sirrindən xəbər verir? Cabir müəllim deyir ki, tarixən Ordubadda İslam dininin və mədəniyyətinin inkişafına böyük diqqət yetirilib. İslamın təbliğində və inkişafında əsas rol oynamış Məhəmməd Peyğəmbər və dörd xəlifənin timsalında bu rəmzi say şəhərin infrastrukturunda əks etdirilib...
Şəhərin küçələrində diqqətimi cəlb edən məqamlardan biri də keçmişdə tikilmiş yaşayış evlərinin divarında hörgü zamanı ağac dirəklərindən (dördkünc formada) istifadə olunması idi. Həmsöhbətimiz bildirir ki, evin və ya hər hansı bir tikilinin hörgüsü zamanı istifadə olunmuş bu ağacın adına “qətlə” deyirlər. Sərt qələmə ağacından olan bu qətlələr evin həm eninə, həm də uzununa olan divarlarında istifadə olunub. Belə ki, yerdən, təxminən, bir metr hündürlükdə, daha sonra isə iki metr və ya daha çox hündürlüklərdə qətlələr divar boyu uzadılmış şəkildə qoyulub. Ordubad şəhəri aktiv seysmik zonada yerləşdiyinə görə buradakı evlərin zəlzələyə qarşı davamlı­lığı qətlələrlə təmin olunub ki, bu da güclü titrəyişlər zamanı tikilinin ağırlığını sabit şəkildə saxlamağa öz mühəndislik töhfəsini verib.
Qədim Ordubad maraqlı, eyni zamanda sirli aurası ilə bu gün də bura yolu düşən hər kəsi heyrətləndirir. Şəhər o qədər ecazkardır ki, hər dəfə burada olanda yeni bir aləmlə qarşılaşırsan. Elə buna görə də Ordubad 1977-ci ildə qoruq şəhər elan olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev buranı “Azərbaycanın incisi” adlandırıb. Son 20 ildə isə bu qədim şəhər yenidən qurulub. Onlarla inzibati və yaşayış binaları, yollar, təhsil, səhiyyə, mədəniyyət obyektləri müasir görkəm alıb.

Qədimlik və müasirliyin simasını bizə eyni güzgüdə göstərməyi bacaran Ordubad təkcə muxtar respublikanın və ya ölkəmizin deyil, ümumilikdə, qədim Şərqin əsrarəngiz şəhərlərindən biridir. Bütün bu parametrlərinə görə Ordubad yaxın gələcəkdə milli və beynəlxalq festivalların, tarixi və mədəni simpoziumların keçiriləcəyi məkan kimi tanışlıq turizminin əsas mərkəzlərindən birinə çevrilməsinə daha çox iddialı görünür...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR