24 Dekabr 2024, Çərşənbə axşamı

Oyun-tamaşalar etnosun yaşam tərzinin ifadəsi və mədəni hadisəsidir, xalqın mədəni düşüncəsini, estetik duyumunu formalaşdıran başlıca amildir. Xalq özünəxas yaşayış tərzini, dünyagörüşünü oyunlarla ifadə edir. Oyunların psixoloji xüsusiyyətləri onların məzmunundan çox ifa tərzində özünü daha aydın nümayiş etdirir. 

“Bostan-bostan”, “Çördüçöp”, yaxud “Çöpüdü” oyunlarında qalib və məğlub tərəflər, məcazi cəzalandırmalar oyuna əyləncə qatır. Oyunların çoxunda məqsəd toya və ya bayrama gələnləri güldürmək, şən əhval-ruhiyyə yaratmaqdan ibarətdir. Şahidlər qeyd edirlər ki, oyuna cəlb edilən müəyyən əşyalar da mərasimi maraqlı edirmiş. Oyunda bəzən köməkçi adam kənardan əşyanın qarşılığını tapıb gətirə bilir və dəstəsinə müvəffəqiyyət qazandırırdı. Belə oyunlar toya canlılıq gətirməklə uzun müddət hafizələrdən silinməyən xatirələr yaradırdı.
Həmçinin sırf mövsüm mərasimləri ilə bağlı keçirilən oyunlar mövcuddur ki, bunlar, bilavasitə, ritual ayin xarakteri daşımaqdadır.

Ordubadda bu gün də böyük istəklə keçirilən “Xanbəzəmə” mərasimi ildə bir dəfə – Novruz bayramında icra olunur. Burada məqsəd və sonluq bəlli süjet üzrə davam edir. Oyun qəhrəmanları və iştirakçılar xalqdır. Tam ciddiyyətlə və elliklə müşayiət olunan oyun öz-özünə ismarıc xarakterlidir. Toplumda ədalətin, haqqın, rifahın gözlənilməsi simvolik idarəçilik vasitəsilə göstərilir. Xalq özünə şah və ya başqa adı ilə xan seçir. O, ədalətlidir və hökmü hamı üçün keçərlidir. Ordubadda 3 gün davam edən oyunda həm ciddiyyət, həm də gülüş vardır. Xanın cəzasına kimsə etiraz etmir. Çünki o, adildir. Onun verdiyi hökmlər icra edilir. Bu oyunda xan çətinlikdə olana yardım edir, günahı olanı cəza anında bağışlayır.
Təqvimə nəzər salsaq, görərik ki, keçirilən oyunlar məhz yazın gəlişi üçündür. Yeni ilin gəlişi, yazın başlaması bolluğun rəmzi olduğundan insanlar müxtəlif vasitələrlə onu tərənnüm edirlər. Naxçıvanın dağ kəndlərindən birində unudulmuş, vaxtilə oynanılan bir oyun haqqında məlumat əldə etdik. “Bostan-bostan” adlanan oyunun təsviri belədir: kəndin yaşlı kişiləri toy mağarında ortaya girər, dövrə vurar, sonra başlarındakı börktipli papaqları ortaya atardılar. Müxtəlif jestlərlə əkini göstərər, sonra guya məhsulu yığardılar. Oyun gülüş və əyləncə ilə müşayiət olunurmuş.
Bu oyunun xarakteri və təsviri müxtəlif fikirlər doğurur. İlin yaz-yay fəslini göstərən oyun-tamaşa ağır toy havasına da bağlı olma ehtimalı daşıyır. Yazın gəlişi münasibətilə keçirilən oyunlar mərasimdaxili oyunlardır. “Kosa-kosa”, “Kəvsəc”, “Kosa-gəlin”, “Saya”, “Sayaçı”, “Təkəm-təkəm” və sair oyunlar mövsümi səciyyə daşıyır.
“Novruz – yenigün” mövsüm mərasimini təbiətin oyanmasını əks etdirən əski mifoloji qat, yaxud genetik başlanğıc, təkamül prosesi, tarixi-tipoloji səciyyə ifadəsi olaraq göstərmək mümkündür. Mövsüm-mərasim oyunları “Kosa-kosa”, “Təkəm”, “Cangülüm” və sair mərasim göstəricisi kimi keçirilməkdədir. Şərur rayonundan topladığımız materiala görə, Novruz bayramı ərəfəsində “Günəşbanı”, yaxud “Günəşbanu” adlı mərasim oyunu oynanılarmış. Bəzəkli taxta üzərinə bir oğlan uşağı otururmuş. Digər böyüklər də onu qapı-qapı gəzdirər, mahnı oxuyub pay alarmışlar. Yaxud Günəşin çıxmağını həsrətlə gözləyən insanlar bərk cisimdən Günəşə bənzəyən gəlincik düzəldərdilər. Sarı boya ilə boyayıb insan surətində ağız, burun, saç qoyardılar. “Günəşbanu” adlandırılan gəlinciyi oynadar, evlərdən pay alarmışlar. Mərasimin ənənəvi söz-nəğməsində deyilir:

Minnətdə koftalısan,
İşvəli, baftalısan.
Ay sarı, sarı gəlin,
Elimin varı gəlin,
Ay Günəş, Günəşbanu,
Günəşim, Günəşbanum.

Yaz oyunlarındakı qapılardan payumma, payyığmada xarakter və məqsəd eynidir. İbrətamiz əyləncə xarakteri alan mövsüm mərasimi oyunları insanların ibtidai mifoloji görüşlərindən qaynaqlanır.
Azərbaycanda “Təkəm”, “Təkəmçi” oyunları, bilavasitə, yazın gəlişinin göstəricisidir. Oyunla bağlı nəzmdəki sözlərdə bölgə adlarının ifadəsi oyunun coğrafi arealını müəyyənləşdirir:

Təkəm oyun eylər,
Yığar yağın, düyüsün,
Özünün toyun eylər.
Təkəm getdi Mərəndə,
Tamaşadır gələndə.
“İskəmər”in gülləri
Açıb sizi görəndə.

Yaz mərasimi oyunlarından “Kosa-kosa”nın Naxçıvan variantında deyilir:

Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçasın,
Hər yerdə düyün eylər.

Xanım dursun ayağa,
Kosaya pay versin, ağa.
Qurbanın olum, yaşıl çuxalı,
Culfalısan, yoxsa buralı?

Azərbaycanda “Təkəm-təkəm” adı ilə bilinən oyun yazqabağı şənliklər zamanı açıq havada keçirilirdi. Bir-birindən 3-4 metr aralı yerdən cızılmış dairələr arasında taxta və ya dəmir gilgilə ilə oynanılan hərəkətli uşaq oyunudur. Oyun vaxtı hər dairədən 4-5 iştirakçı duraraq, ətrafda “təkəm, təkəm, ay təkəm” deyə, həlqə sürən bir iştirakçının gilgiləsini tutmaq, onu əvəz etmək üçün səy göstərirdilər. Təbiətlə mübarizə bir çox xalq oyunlarının əsası və sadə süjet xəttidir. Mərasim şənlikləri, sözlü şeirlər, səhnəciklər insanların təbiətə qarşı mübarizə əzmini, gücünü ifadə edir.
Şərur bölgəsində “Kosaçıxartma” oyunu, ümumilikdə, “Kosa-kosa” oyunu kimi bildiyimiz oyundur. Mövsüm-mərasim oyunu olan bu oyun “Dodu-dodu” oyunu ilə eynidir. Mahiyyət etibarilə burada da Günəş çağırılır. Çağırılır ki, torpaq oyansın, təbiət canlansın. İnsanlar hər bir halda təbiətdən bol məhsul almağı arzulayır. Kəngərli bölgəsində Novruz öncəsi “Kosaçıxartma”xalq oyunu keçirilir. Tamaşa-oyun gülməli xarakter daşıyır. Oyunda 4-5 nəfər iştirak edir. “Xapdan qapı döyülür, açırsan ki, Kosa. Yanındakılar istənilən evin qapısını döyüb Kosanı içəri ötürür. Bu Kosaya məzəli paltar geyindirillər. Başına gülməli miz papaq qoyullar, əyninə də başdan-ayağa qədər qırmızı paltar geyindirillər. Bu oyunun marağı ondadır ki, evin sahibi bilmir ki, qapısına bu gün Kosa gələcək. Çiyninə xurcun atıb qəfil qonaq gəlmiş Kosa gəldiyi qapıdan pay istəyir. Çırtmıq çalıb oynaya-oynaya deyir:

Kosa ölməkdədi,
Gözləri çölməkdədi.
Kosanın payın verin,
Diyilliyo, diyilliyo, diyilliyo.

Ev yiyəsi də gətirib Kosanın torbasını doldurur: undan, buğdadan, almadan torbaya qoyur. Kosa bir az da məzə çıxardıb, payını alıb, kəndi baş-ayaq edib gəzə-gəzə beləcə pay yığır”.
Azərbaycan xalqının mövsüm-mərasim oyunları ritual davranışlar sərgiləyir. Oyunlardakı danışıq – sözlər, nəğmələr, obrazlar, hərəkətlər etnokulturoloji düşüncə, ənənə və təssəvvürləri müəyyənləşdirən mükəmməl sistemdir. Mövsüm-mərasim oyunlar silsiləsində “Kosa-kosa”, “Keçəl” oyunları insanın təbiətlə münasibətinin göstəricisi, arxaik yaradıcılıq təcrübəsidir. “Kosa-kosa” oyununda yazla qışın mübarizəsi motivində səhnələşdirilən hadisələr əsas personajlar – Kosa, Keçəl və Keçi üzərində qurulmaqla həm də epik, dini, miforitual görüşlərini nizamlı şəkildə bir araya gətirən folklor düşüncə və dünyagörüşünü əks etdirməkdədir. Buradakı səhnə-oyun hərəkətləri, personajların təsviri, oxunan nəğmələrin magik sözləri, işarələr, həmçinin obrazlaşmanın müxtəlif zoomorf qiyafələrdə, – qurd, tülkü və sair aparılması regional baxımdan fərqli səciyyəviliyə malikdir.
“Kosa-kosa”, “Keçi”, “Təkəmçi” oyunları xalq arasında sadə şəkildə oyun-əyləncə xarakteri alsa da, mifoloji yaddaş etibarilə elmi məzmun daşıyır.


Məhsəti İsmayıl
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR